Deyingən UTANIRAM


Deyingən UTANIRAM
Deyinməkdən yorulmuram, amma artıq utanıram. Dediklərimin fayda verməməsindən, heç nəyi dəyişdirməməsindən utanıram. Yanlış anlamayın, mənim deməyimlə dünyanın dəyişəcəyinə ümid bəsləmək kimi bir xəstəliyim yoxdur. Amma deyingənlik elədiyim mətləblər o qədər üzdə olan, o qədər həll edilə bilən, o qədər zəruri və yararlıdır ki, bunu tək mən yox, çoxları istəyər.

Avropanın ortasında bir dövlət var, adına İsveçrə deyirlər. Ərazisi Azərbaycanın ərazisindən iki dəfə az, əhalisi təxminən Azərbaycan əhalisi qədərdi. Dənizə çıxışı yoxdur, gölləri ilə məşhürdur. Avropanın içməli su ehtiyatının altı faizi İsveçrədədir. Faydalı qazıntıları yox dərəcəsindədir, nefti, qazı heç yoxdur, odunla, kömürlə keçinir çoxu. Hər birinizin internetdə rahatlıqla oxuya biləcəyiniz bu məlum həqiqətləri niyə yazıram? Ölkə iyunun 5-nə referendum təyin edib. Əhaliyə verilən sual təxminən belə səslənir: Dövlət ölkənin yetkinlik yaşında olan hər bir vətəndaşına işləyib-işləməməsindən asılı olmayaraq 2500 frank, həddi-büluğa çatmayan vətəndaşlara ayda 625 frank verməlidirmi? (1 İsveçrə frankı təxminən 1 ABŞ dollarına bərabərdir) Bu məsələni qanuna görə dövlətin referenduma çıxarması üçün lazım olan 126 000 imza hələ 2013-cü ildə toplanıb. Qeyd-şərtsiz dövlətdən ayda 2500 frank almaq hüququnun tərəfdarları ölkə vətəndaşlarının sayı qədər—8 milyon ədəd, 15 ton ağırlığında və 400 min frank məbləğində 5 santimlik sikkələri parlament binasının qarşısına boşaldıblar.Deyingən UTANIRAM
Dörd ay sonra ölkə vətəndaşları bu qərarı ən azından elliklə müzakirə edəcək. “Avropa dağılır, acından ölür, işsizlikdən boğulur” kimi fikirləri də eşitməmiş deyilsiniz. Amma isveçrəlilərin qərarına bənzər qərarlar Finlandiya və Hollandiyada da hazırlanır. Bəzi ölkələr bu qərarı təcrübədən belə keçiriblər. 5 santimlik sikkənin dəyərini 5 ABŞ senti kimi qəbul etsək və bu günün məzənnəsi ilə Azərbaycan puluna çevirsək təxminən 10 qəpik alınar. O 10 qəpiyə suxarı almaq mümkündür. Davam edəkmi, yoxsa həmin 10 qəpiyin olmaması üzündən özünü beşinci mərtəbədən atmaq istəyən Ağcabədi sakinini özünüz xatırlayacaqsınız? 15 ton ağırlığında “qara qəpiyi” millətin övladları küçəyə tökürlər ki, dövlət ümumi sərvəti hamıya ədalətlə paylasın. Səkkiz milyonlüq əhalinin 126 mini imza atır ki, biz dilimizdən (İsveçrədə dörd dövlət dili var), savadımızdan və qabiliyyətimizdən asılı olmayaraq bu dövlətin övladlarıyıq və onun sərvətlərindən faydalanmaq haqqımız var.

Onlar qəribə adamlardır. Banklarına pul qoyan bir neçə vətəndaşımızdan başqa bizim 9 milyonluq xalqımız haqqında bir şey bilmirlər, bildikləri sadəcə budur ki, Azərbaycan neft və qaz ölkəsidir və çox zəngindir. Hərçənd İsveçrənin banklarına pul qoyanların sirrini başqalarına verməmək kimi bir təəhhüdü var, amma onlarla söhbət eləmək imkanı olan həmyerlilərimiz onların gözlərindən oxuyurlar ki, Azərbaycanda yaşayanların hər biri zəngindir. Neyləsinlər, onlara məntiqi elə öyrədiblər.

Nə gizlədim, İsveçrə kimi bir dövlətin olduğunu bildiyimdən utanıram…

Cəfər Sadıq,

Moskva, 3 fevral 2016-cı il


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir