DEYİNGƏN


DEYİNGƏN
EKS-imiz məlum, İKS-imiz məchul

Sizin güldüyünüz çoban torpağı,
Nizamilər, Füzulilər yetirmiş!!!

Səməd VURĞUN

Qəribə adamlarıq biz. Qəribə, qorxaq, məzlum adamlar. Bir iclasımızda, yığıncağımızda olan nabələd adam gurultulu çıxışlara qulaq asanda deyər ki, bu cəsarət sahibinin də haqqını yemək olarmı. Zavallı nabələd hardan bilsin ki, biz bir-birimizin gözünü çalmaqda ustayıq. Bizim gündə olanların. Bizi bu günə salanlara gələndə “əyə, öldüyündümü, qoysan nəçənniknən görüşək” deyib qardaşı da tapdalamağa hazırıq. Beləcə “nəçənniyi” qaldırıb qoyuruq, məsələn, İsmayıllı “dağının” başına. Ta o günə qədər “atam-anam sənə qurban” deyirik ki, bu nəçənnik qurban məsələsini ciddi-ciddi həyata keçirsin, yəni oğlu (qardaşı oğlu, əmisi oğlu-fərqi yoxdur) adında bıçağı dirəsin xalq adında adamın boğazına. Hələ üstəlik də “nəçənniyin” Nizami kimi adı, Füzuli kimi qardaşı ola, onda vay bizim halımıza. Düz onu başımıza qaldıranlar əllərini onların üstündən çəkənə qədər onların nazını çəkərik, bağını əkərik, taxılını biçərik, kömürünü qaraldarıq, daşını çıxardarıq, villasını tikərik, yanına hasar çəkərik, oğluna “bacoğlu” deyərik, əstəğfürüllah, süfrəsindən artanı yeyərik. Onda ki, xəbər gələ bunun ipini kəsdilər, dönərik bir aslana, “adə, səni mürtəd oğlu, mürtəd, elə bilirdin bunu sənə yedizdirərik, ay yedin haaa…” kənardan baxan da deyər, əşşi, olmaz bu camaatdan, gör adamı necə qusdururlar. Sabah yuxudan qalxarsan, qəzet yazar: Eks-icra başçısına məxsus olmuş mülklərin siyahısını ƏLƏ KEŞİRMİŞİK!

Ay bərəkallah, bizdə olan qeyrətə! Birimizin də o birimizə deməyə cəsarəti çatmaz ki, ay nə bilim nə, məgər dünənə qədər o villanın, otelin, bağların, karxanaların kimə məxsus olduğunu bilmirdin? Bir soruşa bilmirik ki, məgər Bakıdan tutmuş Şəkiyə, İsmayıllıdan Qəbələyə, Gəncədən Qazağa hansı malikanənin, Şadlıq sarayının, restoranın kimə məxsus olduğu bəlli deyil? Olmaaaz!!! Onlardan hələ danışmaq olmaz. Ta o vaxta qədər ki, malikanədən bir-iki meyit, yaxud heç olmasa bir-iki itkin düşmüş iş adamı çıxa, şadlıq sarayında qudurğan sahiblər “sınamaq istəyib öz naqanını, tökələr bir-iki yazıq qanını”. Onda yuxarıdan çarəsiz qalıb sahibləri EKS statusuna keçirərlər, sahibin də nağılı burda bitər.

Son vaxtlar ellikcə daha bir xəstəlik tüğyan eləyir canım-qanım Vətəndə, eləcə də onun hüdudlarından kənarda yaşayan eloğlular arasında. Birinin dediyi o birinin xoşuna gəlmədimi, qarşısındakını qınaq yeri eləməyin yeganə yolu “bunun arvadı (anası, nənəsi, babası və s.) ermənidi”. Özü naqisin naqisi olan biri bu sözü fürsət tapıb qarşısındakına deyən kimi aləm qarışır. Birinci naqis, turk demiş, olur “süddən çıxmış ağ qaşıq”! O birinin dədəsi yandı!İstəyir lap olsun Şah Abbasın birbaşa törəməsi.

Onu deyirdim axı. EKS-lər məlum. Birinin malı müsadirə olundu, birinə hələ imkan verilir ki, əlli tərpənsin, bir tərəfə eləsin, adından çıxarsın. Millətə hüquq dərsi keçilir, tələsməyin, təqsirləndirilən şəxsin malı müsadirə olunmaz, hüquq prosedurlarını öyrənin. Əslində bunun azərbaycancası budur ki, ay filankəs, görürsənmi vaxt nə qədər daralıb, nə eləyəsisən elə, millət deyir: “açın pərdəni, açın pərdəni”.

Məzlum millətik, qardaş! Əylisli axırda başını götürüb keçdi o biri cəbhəyə. O qədərini özünə ar bilənlər çarəni kəndirin ilməsində tapırlar. Qəzetlərin intihar və başqa hadisələr barədə xəbərləri cəbhə xronikasından dəhşətlidir. “Səni axtarıram” verilişi jurnalistika məharətindən olmasa da ərlərini axtaran cavan gəlinlərin sayına görə Ginnes kitabına düşhadüşdədir.

Bu arada at belində olan icra başcıları, nazir və digər məmurların daşinar-daşınmaz əmlakı hələlik İKS vəziyyətindədir. Hələlik!

19 fevral 2013-cü il


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir