DEYİNGƏN “Arım, balım, pətəyim…”””


DEYİNGƏN "Arım, balım, pətəyim..."
2014-cü ilin son saatları qum dənələri kimi axıb gedir barmaqlarımızın arasından. Bir il də tarixə dönür. Sevinc, coşqu, həyəcan, ümid, təşviş, nigarançılıq, qürur, səksəkə, qorxu dolu bir il. Nə qədər çalışsan da mənfisi müsbətindən çox oldu bu ilin. Olimpiada coşqusu, Krım zəfəri kimi təmtəraqlı, möhtəşəm qələbələr ilə damğa vursa da Ukraynada baş verənlər bu qələbələrin sevincini daddırmır. Neftin yaşam meyarı olması dünənə qədər əlçatmaz zənginliklərdən xəbər verirdisə bu gün bu iynənin mayesi azaldıqca gözlənilən iflicin əlamətləri ortaya çıxır. İşin qəribəliyi də ondadır ki, neft azalmır, yəni aclığa səbəb olacaq qədər tükənmir, sadəcə olaraq nefti bizimkindən çox olan dövlətlərin “qollarını burub” “qiyməti öldürürlər”. O nimdaş paltar qədər köhnə lətifədəki kimi, sanki bizim qonşulara deyiblər ki, nə istəsəniz arzulayın, amma bilin ki, qonşunuza onun iki misli veriləcək. Onlar da tənbəllik eləmədən “ bir gözümü çıxarın” deyirlər bizi tamam kor eləmək üçün.

İslam dövləti adı ilə tarix səhnəsinə gələn və islam adı ilə inanılmaz qətllər törədənlərə nə ad vermək lazımdır görəsən? Nəinki islamda, heç bir dində məsum, günahsız insanların ölümünə rəvac verilmir. Üçüncü minilliyin başlanğıcı insanların nüvə müharibəsi ilə yox olmaq təhlükəsindən daha çox, toyuq, qoyun kimi ibtidai üsullarla kəsilməsi ilə vəhşət yaradır. Bir natarazlıq, getdikcə genişlənən uçurum havası var ortada.

Bu möhtəşəm şəhərdə yaşayan həmyerlilərimiz də buradakı sevincə, kədərə ortaq yaşayır, imkan daxilində varlıqlarını tez-tez izhar etməyə çalışır, arabir müvəffəq də olurlar. Diaspora deyilən məfhumun nə mənaya gəldiyini doxsan faizi bilməsə də həmin bu “diaspora” deyilən qurumda öz yerini bərkitmək üçün özlərini həlak edən həmyerlilərimizin inadı dastanlara layiqdir. 2014-cü il “təşkilatlanma” sarıdan məhsuldar olsa da, “mehribanlaşma”, “yaxınlaşma”, “birləşmə” sarıdan quraqlıqdan quruyan ağaca dönüb. Hələ ilin sonuna doğru çarpışmanın yeni fazaya girməsi ayrıca mövzudur.

İlahi, bizim nə qədər dinlənəsi şairimiz, tanınmamış yaradıcımız, dəyəri layiqincə verilməmiş istedadımız varmış. İki “Şəhriyar”, bir “Ocaq”, bir Azərbaycan yazarlar birliyinin Moskva bölməsi (irili-xırdalı hamısını saymağa qalxsam 2015 də qurtarar, ona görə burda dayanmağım məsləhətdi) öhdəsindən gələ bilmirlər bu işin. Ən əsası da bu təşkilatların və hamısına ayrı-ayrılıqda guya üzv olan 20-30 adamın bir böyük və həll olunmamış problemi var: böyük (yəni maliyyələşməsi problemsiz, furşeti zəngin olan) tədbirlərə dəvət siyahısını kim və hansı prinsiplə tərtib edir? Bu çox ciddi, 2015-ci ildə kollegial şəkildə həll olunmalı həyati məsələdir. Moskvada ən az yarım milyon azərbaycanlı yaşamasına baxmayaraq, səfirliyin, fondun, konqresin xətti ilə keçirilən tədbirlərin kontingenti eyni adamlar, narazı olan və dəvət müzakirəsini edənlər də bu dəstənin üzvləridir. Bu söhbət dəfələrlə rastlaşdığımız söhbət olduğundan bu yazıya da girdi.

Həmsöhbətlərim birinin haqsız olaraq qabağa çəkildiyindən, digərinin ədalətsizcə unudulmasından elə yana-yana danışırlar ki, özümüzə yazığım gəlir bəzən. Sanki o tədbirlərdə elə mənəvi zənginlik dərsləri verilir ki, getməyən zərərə düşəcək. Gedən kimi də “əşi bu adamı kim qoyub bu təşkilatın başına, nə azərbaycanca danışa bilir, nə rusca, nə böyük yeri bilir, nə kiçik” şikayətindən qulağın tutulur. Əslində düz şikayətdir. Bircə qalır şikayətçiyə deyəsən ki, sənin buna müdaxilə haqqın yoxdursa, bu tədbirə furşetdən başqa nəyə meyl edib gəlmisən.

Ha çalışıram bir bayram havası üstünə gələ bilmirəm. Onsuz da nə qədər fikirləşsən dollarla, avronun sürəti ilə ayaqlaşası deyilsən. Ona görə qulağını aç və dinlə. Taleyin rişxəndi ilə diplomat kimi bir yerə işləməyə gedən, vaxtı tamam olan kimi səni bir də görməyəcək o cılız məmurun tədbirə pul buraxan adamın arxasınca istər şəhərə, istər vilayətə necə itaətlə qaçdığını görüb nəticə çıxara bilmirsənsə elə yaxşı ki, səninlə dəvətdə siçan-pişik oyunu oynayırlar. Daha bu barədə yazmayacağam.

Təzə il əhval-ruhiyyəsini hərə bir cür yaradır. Bizim şou proqramlarımız bu işə nə qədər xidmət eləsə də virtual aləmdə özünə “yer tutmuş” bir rəqqasımız bu əhvalı daha real yaradır. Allahın bir ağıldan başqa heç nəyinə qənaət eləmədiyi “qəhrəmanımız” toyda “arım, balım, pətəyim” havası üstündə öz aləmində rəqs eləyir. Məncə, özünə tənqidi baxa bilməyən bölümümüzün bu günkü ən gözəl bayram havası elə budur. İstəyənlər internetdə rahatlıqla izləyə bilər.

Yeni iliniz mübarək!


Cəfər Sadıq,
Moskva 30 dekabr 2014-cü il

P. S. Yaradıcılıq gecələri ilə bağlı iradlar əsil istedad sahiblərinə, doğma Vətənimizdən qonaq gəlib bədii zövqü oxşayan həmyerlilərimizə aid deyil, “zorən təbiblərə” işarədir…


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir