Deyingən— BREJNEV NİSGİLİ


Deyingən--- BREJNEV NİSGİLİ
Bu dəfəki gileyimin mövzusu … öpüşməkdir. Bəli, bəli, yanlış eşıtmədiniz. Şikayətimin əsasında güya səmimiyyət və yaxınlığı əks etdirən, əslində isə son 20-30 ildə gərəksiz bir dəbə çevrilən kişilərin öpüşməsi durur. SSRİ-nin (hətta bu abbreviaturanı da acıqlamağa ehtiyac var məncə: Sovet Sosialist Respublikaları İttifaqı) gənclərimizin böyük əksəriyyətinin heç şəkildə görsə belə tanımayacağı bir rəhbəri vardı. Ruslara xas olmayan qalın, çatma qaşları sonralar karikatura mövzusu və gülüş hədəfi olsa da Leonid İliç Brejnev zahirən görkəmli adam idi. 1964-cü ildə Kommunist partiyasının başçısı Nikita Xruşşovu saray intriqası ilə devirib hakimiyyətə gələn Brejnev SSRİ-yə az qala 18 il rəhbərlik elədi. Onun siyasi fəaliyyəti mövzumuz olmadığına görə bir-iki xırda xüsusu qeyd etmək istəyirəm. Brejnevin qadınlara, orden-medallara və kişilərlə opüşməyə çox həvəsi vardı. Birinci meylini açıq-aşkar nümayiş etdirməsinə indiki təbirlə “imicmeykerlər” birtəhər mane ola bilirdilərsə, amma təltif olunmaq azarı ilə müxtəlif rəsmi görüşlərdə, qəbullarda öpüşmək mərəzi ən çox lətifə mövzularına çevrilirdi. Almaniya Demokratik Respublikası kommunistlərinin lideri Erix Honekkerlə ehtiraslı öpüşü əks etdirən şəkil “İlahi, bizi bu məhəbbətdən qoru” yazısı ilə böyük tirajlarla yayılırdı.
Deyingən--- BREJNEV NİSGİLİ
Zəmanə dəyişdi, dövlət parçalandı, müstəqil dövlətlər yarandı, xülasə, çox sular axdı. Brejnevin o “böyük mirasının” bir qismini biz əxz elədik. Üzaq tarixə getmək lazım deyil. 40-50 il əvvəl Azərbaycanda kişilərin öpüşməsi çox nadir hal sayılırdı. Hətta əsgərlikdən gələn oğlunu belə ana öpüb-oxşayar, ata sadəcə əl görüşər, kürəyinə sığal çəkərdi. İndi gəlin bu günümüzə qayıdaq. Televiziyalardakı rüsvayçılığı qoyaq bir kənara, çünki o, artıq əxlaq normalarından çox uzaqdadır. Toy şənlikləri də televiziyada nümayiş olunan səhnələrdən az fərqlənir. Əsas məsələ ən sıravi yığıncaqlarda kişilərin görüşərkən öpüşməsidir. Birincisi, öpüşmək çox intim məsələdir. İkincisi, bu bir gigiyena məsələsidir. Bəzən kişilər dostlarının övladları ilə görüşərkən belə uşaqlarla öpüşürlər. Heç bir pis niyyət gözlənilməsə belə bu doğru deyil. Başqasının uşağı bir yana, hətta öz uşağını çox nadir hallarda və yalnız alnından, yaxud başından öpərdi atalarımız.

Bu deyingənliyimi rişxəndlə qarşılayan, bığaltı gülən, qınayan da tapılacaq hər halda. Bunların hamısını nəzərə alaraq, rişxənd obyekti olmağı da gözümün önünə gətirərək, dostlu-tanışlı hamının məni doğru anlayacağına inanaraq belə bir təklifi sizin müzakirənizə verirəm: kişilər arasında öpüşmə adətini aradan qaldıraq! Beləliklə, əcdadlarımızın bizə miras qoyduğu adətlərə hörmət etmiş olarıq, gigiyena qaydalarını gözləyərik, adicə zökəm olanda belə səbəbini son görüşdəki “öpüşmələrdə” axtarmarıq, ən başlıcası, bu gün təkcə Avropada deyil, bütün dünyada bir fitnəkarlıq mövzusuna çevrilmiş seksual azlıqlar mövzusunu qızışdıranların dəyirmanına su tökmərik.

Cəfər Sadıq,
Moskva, 25 may 2016-cı il


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir