DEYİNGƏN – MÖMİNƏ SORDUM: KEY ŞEYX?!


DEYİNGƏN - MÖMİNƏ SORDUM: KEY ŞEYX?!
Əcəba vicdanın indiyə qədər nə olduğunu dərk etməməyi şərablamı isbat eləmək gərəkirmiş? And içirəm ki, nə qədər ateizm mikrobu ilə zəhərlənsəm də, islamın haram buyurduğu içkilərlə günaha girmiş olsam da, televiziyaların gözümə soxduğu naməhrəmlərə baxmaq zorunda qalsam da, Həcc ziyarətinə getməyib, oruc tutmasam da, məzlumların harayına yetərincə çatmasam da ana vətənimdə gözlər önünə sərilən sərxoş din lövhələrinin qarşısında açıq alınla deyə bilərəm: mən sizdən çox dindaram!

Nə gördük dinmədik, düzələr deyib onların ayıbına biz kor olduq, amma yetər artıq, vallah da yetər, billah da yetər! Tamah da bu qədər olmaz, günah da bu qədər olmaz! Ayrıca götürülmüş bir ölkədə, Yaradanın heç nəyi əsirgəmədiyi bir cənnətməkanda mənəviyyata, insanlığa, haqqa, ədalətə təcavüz də bu qədər olmaz! Biz beləmi hürriyyət istəmişdik? Buna görəmi istiqlala qovuşduq? Bu qədərmi nifrət var bizim hiylədən və tamahdan yoğrulmuş canımızda həmvətənlərə qarşı, əli dövlət xəzinəsinə çatmayanlara qarşı? Bu qədərmi gözümüzü tutub tamahımız ki, oğullarını vətən yolunda qurban vermiş anaları intihara sürükləyib rahat yatırıq?

Ey bu sətirlərin hədəfi olan “altın və qadın düşgünü bicarə həriflər”, sizlərin bu cızmaqaranı oxumayacağınıza adım kimi əminəm. Bir-iki şikəst casusunuz var, oxuyacaqlar, şəhvətdən vaxt tapsalar məruzə edəcəklər, amma həqiqəti yox, irəlidə ona vəd etdiyiniz yalın çox olması üçün ağlının gücü çatanı deyəcəklər sizə. Ağlaşmanın, sizi insanlığa çağırmağın faydası yoxdur, fəqət göz görə-görə bu sürətlə uçuruma getmənin havasından, cəhənnəmin yaxınlaşan istisindən qımıldanmamağınız adamı bağırmağa məcbur edir.

Dünyanın ən kiçik, ən geridə qalmış bir ölkəsində belə insanların tapındığı dini ən yüksək məqamda təmsil edən birinin elmi ən yüksək məqamda təbliğ, tədris edən biri ilə şərab sövdələşməsində birgə olması, üstəlik öz ölkəsini bu iyrəncliklə rüsvay etməsi inanılmaz qalmaqala səbəb olar, çox ciddi, acı nəticələr verərdi. Bu təkcə iqtidarın nüfuz məsələsi deyil, bu bir millətin heysiyyat, mənəviyyat məsələsidir.


Ad çəkmirəm, çünki hamı şeyxlər şeyxini də bilir, akademiklər akademikini də. Bir də təkcə bunlar olsa nə vardı ki? Hansı məmurun adı çəkilir, “altından” azı iki milyard manat, dollar pul çıxır. Qaçqın, köçkün ehtiyaclarını qarşılamaq təəhhüdü olan birinin iki milyard dövlət vəsaitini oğurlaması kimə şərəf gətirər ki?

Təqaüdçüsünə yüz manat, seçicisinə ölməmək üçün iş verməyən millət vəkilinin utanmadan səkkiz-on min manat aylıq məvacib istəməsi hansı hesaba kitaba sığar ki? Koroğlunu, Qaçaq Nəbini qəhrəmanlıqdan çıxaraq deyir yazar millət vəkili. Səbəb? Onlar varlıların malını talayıb yoxsullara verirmişlər. O təklifi verən yazar oturduğu kürsuyə “Mən Koroğlu nəvəsiyəm, atam Qaçaq Nəbi, anam Həcərdi” havasıyla gələnlərdəndi, sadəcə indi sinfi dəyişib, əzilənlər sinfindən varlılar, harınlar sinfinə keçdiyinə görə özünü qoruma instinktini işə salır.

Azərbaycanın illik büdcəsi, yanılmıramsa, 24 milyard dollardır. Şeyxlər, akademiklər bir az dincəlsin, qısa bir haşiyə çıxım. Ən sıravi komitə sədrinin “qara gün üçün xərcləri” iki milyardla ölçülürsə, müavinləri, köməkçiləri bir yana, təkcə birinci şəxs kimi 20 nazirlik və komitə sədri varsa, 125 millət vəkili Milli Məclisdə tər tökürsə, 63 rayonun başında o qədər icra başçısı varsa və bunların hamısı xalqın rifahı üçün yox, ona öz şadlıq saraylarında satdığı şərabın şüşəsindəki etiket üçün can qoyursa, deməli, orta hesabla 200-220 şəxsin hər biri (Forbs və digər statistlərin gözündən iraq) ən az iki milyard sərvətin saxlanması dərdi ilə yaşayır.

Anlada bildimmi bu köntöy dilimlə ki, 400 milyard dollardan çox vəsait londonlarda köpək, dubaylarda mülk almağa hazır vəziyyətdə bir işarə gözləyir. Yəni Azərbaycanı ən az 15 il heç bir mənbədən vəsait almadan saxlaya biləcək məbləğlər bu dövlətin və xalqın etibar və etimad göstərib başa çəkdiyi iki yüz adamın sərəncamı ilə talan edilir. Deyinməyə belə xəcalət çəkir insan.

Gündə gələn intihar xəbərləri dövlətin müqəddəratını həll etməli olan bu insanların gözünə-qulağına dəymirmi görən? Döğrudanmı intihar yeganə yoldur bu rəzaləti görməmək üçün? Əsla. Azərbaycan xalqı bu qədər naümid ola bilməz.

Cəfər Sadiq,
17 noyabr 2018 ci il.
Moskva


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir