Deyingən ŞİFERKƏSƏN


Deyingən     ŞİFERKƏSƏNSonra ağız büzənlər tapılır ki, “az deyinsənə. Sən bu dünyanı düzəldən deyilsən axı. Bəlkə heç sənin səhv hesab elədiyin şey səhv deyil. Sən hardan bilirsən işin içini?” Ay başınıza dönüm, nə qədər demişəm sizə, yenə deyirəm: Qayğanağın keyfiyyətindən danışmaq üçün mütləq yumurtlamaq lazım deyil! Öz ağzının dadını bilmək kifayətdir ki, sənə konfet kağızına bükülüb verilənin həqiqətdə nə olduğunu biləsən. Rəhmətlik anam bir atalar sözünü təkrarlamağı xoşlayardı (üzr istəyəcəm, hərçənd atalar sözünü xalq min illər ərzində rəndələyir və adı çəkilən heyvan gündə gördüyümüz ikiayaqlı mənəvi qüsurlulardan daha məsumdur): Eşşəyi nə qədər bəzəsən ya burnu görünəcək, ya da qulağı.

]Nədir məni yenə hədəqədən çıxardan? Bu günlərdə böyük iftixar və dəbdəbə ilə Azərbaycanda Bayraq günü qeyd olundu. Özünü azərbaycanlı hiss edən və dünyanın harasında yaşamasından asılı olmayaraq o üçrəngli bayraqla öyünən hər kəs bayramı öz içində, evində, çevrəsində qeyd elədi. Onu ücaldanlara, qoruyanlara, müqəddəs tutanlara düalar etdi, qorumağı vicdan borcu saydı. Və… Dünyanı bürüyən feysbuk şəbəkəsi bizə və dünyaya rəzalət dolu bir süjet gətirdi. Sən demə öz bayrağını sevmək, başqasının bayrağına tüpürmək anlamına da gəlirmiş bəzi dardüşüncəlilərin fikrincə. Əvvəla, öz dəyərinə dəyər verməyin meyarı başqasını alçaltmaqdan keçməməlidir. İkincisi, bir dövlətin rəsmi məqamlarda səlahiyyət verib yerləşdirdiyi insanlar özlərindən daha çox dövlətin mövqeyi, adı, şərəfi uğrunda çalışmalıdırlar və bu müzakirə mövzusu olmamalıdır. Üçüncüsü, dövlətin adından çıxış etməli olan insanlar öslərini onlara verilən səlahiyyətə layiq və müvafiq səviyyəyə çatdırmaq üçün, pafoslu səslənməsin, gecə-gündüz çalışmalıdırlar. Mətləbin nədən ibarət olduğunu hələ də anlamamış olanlara qısa izahat verim. Dövlət bayrağı günü münasibətilə Azərbaycan ordusunun özəl təyinatlı əskərləri qarşısında çıxış edən Daşkəsən Rayon İçra Hakimiyyətinin başçısı üzərinə guya Ermənistanın, əslində Kolumbiyanın bayrağının şəkli çəkilmiş asbest parçasını (şiferi) əskərlər həmin parçanın üstünə tüpürdükdən sonra boksçu pozası alaraq yumruqla qırır və bu səhnənin videogörüntüsü televiziya kanalında dəbdəbə ilə nümayiş etdirilir. Videogörüntüdə icra başçısı boksçuluq edərkən nədənsə üç əskər də çöməltmə oturaraq sanki bir qeyri-adi vəziyyət olacağını gözləyir. Süjeti təqdim edən diktor da yanılmıramsa bir ara deputat olmuş jurnalistdir və elə şövq və həvəslə “bayrağın darmadağın” olmasını deyir ki, sanki Qarabağın işqaldan azad olunması haqqında rəsmi məlumat oxuyur. Niyə biz bir məmurun savadsızlığı, şöhrətpərəstliyi, reklam azarkeşliyi üzündən özümüzü bu qədər gülünc vəziyyətə qoyuruq? Kolumbiyanın etirazı özünü çox gözlətmədi. Halbuki bu eybəcər şounu hazırlayanların heç biri o asbest parçasını yuxarıdan aşağı çevirmək barədə düşünməyib. Çünki o şounu hazırlayanların böyük əksəriyyəti Kolumbiya adlı dövlətin olduğunun, onların da bayrağı ola biləcəyinin, yanlış hərəkətin onların heysiyyatına toxunacağının fərqində deyil. Feysbuk ermənilərin rişxəndlərindən, istehzalarından, sarkazmından, bizi ələ salmalarından dağılır. Daşkəsən kimi füsunkar bir rayona rəhbərlik edən adamın ekran qarşısında şifer kəsməsi yaxın günlərdə ideolji meydanda, media sahəsində bizi nokaut eləmək istəyənlərin əlinə yaxşı girəvə verdi. Mən deyinəndə ağzıgöyçəklər məni nəyəsə iddialı olmaqda təqsirləndirir, paxıllıqda suçlandırır. Halbuki mən nəyə istəyirsiniz and içim, tənqid elədiyim, səhvinə güzgü tutduğum adamların yerinə göz dikmək kimi niyyətim yoxdur. Çünki o “yuksəkliklərdə” hansı qaydaların hökm sürdüyünü tam olmasa da bir az bilirəm. Sadəcə olaraq Daşkəsən olayı ilə bağlı demək istəyirəm ki, ey bu fərdi o məqama gətirən insanlar, heç olmasa bir rayonun başına Milli Məclisdə söyüş söyəni gətirməyin, savadsızı gətirməyin, axı elə onun həndəvərində yaxşı axtarsaz həm sədaqətli, həm də adam içinə çıxacaq qədər qabiliyyətli olanını tapa bilərsiniz. Sizə ağıl öyrətmirəm, əstəğfürullah. Sadəcə sizin xeyrinizə deyirəm. Məhəl qoymadığınız adamların sözlərinin heç olmasa onda birinə qulaq versəniz daşkəsənlərdə hələ uzun müddət qızıl, mis və başqa mədən məmulatı kəsərsiniz, şifer kəsmək isə kanserogenlik (yəni xərçəng yaratmaq) səbəbi ilə ömrünüzü daha tez qısaldacaq.

Cəfər Sadıq,
Moskva, 11.11.2016


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir