Dönüşün tarixi nöqtəsi – Kəlbəcər olsaydı


Dönüşün tarixi nöqtəsi - Kəlbəcər olsaydı
İndi neçə yaşın oldu? İndi neçə yasın oldu? Yenə sputnikdən evinin yerində yeni bina edilmiş evlərə baxırsanmı? Yarana duz basırsanmı?

Keçən il də elə bu günlə bağlı anım, ildönümü, işğalının daha bir yaşı (nə deyirsinizsə deyin- red.T.V.) məzmunu ilə yazdığım yazının sonuna bir ümid işarəsi qoymadan üç nöqtəylə nöqtələmişdim. Söz qınamadan qınamışdım özümü: Niyə “Allah qoysa”lara bağlayıb, “Bu tarixin dönüşü olacaq” ümidinə kökləmədim cümlələri deyə?

“Tarixdə bu gün” deyilən xronologiyaya baxmadan yazılır bəzi günlərin tarixi həqiqətləri.

O gün-aprelin 1-dən 2-nə keçən tarixin ertəsinə (sınaqdan) biz keçəmmədik. Hər zaman hadisələrdən geri qalmaq-qabaqlaya bilməmək vərdişimiz varmış, sanki. İndi bilmirəm fikrimi necə çatdırım. Varmışlarımızla yoxmuşuq, yoxsa yoxmuşlarımızla varmışıq kimimi?!

Hələ aprelin 1-dən 2-nə keçən gecədə var olanı geridə buraxıb bir yoxluğa doğru yola çıxmışdıqsa…

Bilmədiyimiz yerdənmi gəlmişdi bu tarixin sualı? Nə oldu? Niyə cavabına hazır deyildik? Çünki bütün faciələrin “qəfil yaxalandıq” adlı “hüquqi sığortası” varmış. Bir nağılın “yoxmuş”una keçən hissəsinə hesablanmış həm də…

Elə ona görə “nağıllara qaldı daha bizimki” deyə-deyə uyuduq. Haradasa dildə əlimizi üzməsək də, ümidin ürəyimizdə son bağı üzülməkdəydi.

Bu girdab buradan dönərmi? Dönər. Dönməli, döndərməliyik. Çünki bir məğlubiyyətə yas tutulan növbəti 2016-cı ilin elə o günündə hərbiçilərimiz tarixin tərs üzünü, sərt üzünü göstərdi. Cəbhəboyu hücum edib torpaqlarımızı geri almaq savaşı başlanmışdı. Dörd günlük savaşla, o savaşda tökülən qanlarla yeniləndik. Qalibiyyəti daddıq.

Dönüşün tarixi nöqtəsinə vardıq və… Yenə durduq, durdurulduq. Yenə tarixin gerisində qaldıq. Niyə?

Bir yazı üçün 2-3-5 niyə sualı çox deyilmi, deyəcəksiniz? Deyil!

Yenə soruşuram, özümdən, sizdən, torpaq qeyrətini çəkibən deyib başına yorğanını çəkənlərdən. “Vətən təəssübü ilə”” Vətəndən min kilometrlərlə uzaqda dayanıb ehkam kəsənlərdən. Bir qrupun lideri olmaq iddiası ilə naz atanlardan. Yazdığının, dediyinin rütbəsinin sıraviliyi ilə razılaşmayıb dərəcəsinə dərəcə qatanlardan. Torpaq satıb kürsü alanlardan. O torpaqları Kəlbəcərdə, Laçında, Qubadlıda, Zəngilanda, Şuşada, Ağdamda, Füzulidə … girov qoyub əzdirənlərdən, masştabı Biləcəridən o yana keçməyən Avropa, Dubay, Rusiya, Türkiyə, İran-Turanda başında papaq gəzdirənlərdən…

“İroniya, lağlağı edib keçmək” savaşlarının qalibiyik, biz. Düşmənlə səngərdə deyil, restoranda otrurub “menyüdəki yeməyin, çalınan musiqinin bizimkidir-“razborkasının”- qalibiyik, biz. Özümüzünkünü özümüz cəzalandırıb bununla “qəhrəmanlıq” etdiyimiz situasiyanın qalibiyik, biz.

Varmış nə oğullar. Susdurdu deyirik. Bəs niyə sərhədlərdə hələ susdurulmayıb düşmən? Bəs niyə hələ illərdir susdurulmağımıza yas tuturuq?

Yenə Kəlbəcərdə ertələnmiş sabahımız qalan gündəyik…

Ümidi əlil arabasında özünə yük edən bizlər yenə bir yaş, bir yas gününün gerisində qaldıq.

Tünzalə Vəliqızı
Moskva,
01.04.2020


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir