Elegiya


ELEGİYA
Ömür gün yoldaşım Fatma xanımın əziz xatirəsinə ithaf edirəm

Biri var idi, biri yox idi… Noğul kimi bir həyat, nağıl kimi bir sevgi, sevgi dolu bir ömür, bir ömrə bərabər xoşbəxt bir gülüş var idi… Bir anın içindəcə əldən düşüb çilik-çilik olan bir kuzə kimi, hər şey yox olub, getdi… O xoşbəxt, gözəl təbəssümlərin dodağında qurudu… Ömrümə işıq saçan, o iri, məsum gözlərini öz əlimlə qapamaq məcburiyyətində qaldım. Dastana bənzəyən o nağıl sevgi, məsum sevgi, bir ruh kimi buxarlana-buxarlana göylərə çəkildi. İçim boş bir tabaqa döndü.

Sən gedəli həyətimizin rəngbərəng, əlvan gülləri də əvvəlcə rənglərini dəyişdi, sonra solub xəzan oldular… Sən gedəli evimizdən əskik olmayan xoşbəxt gülüş səslərini, musiqi sədalarını Rəmzimin, Türkayımın için-için inildəyən, evimizin daşını, divarını da dağlayan ağlaşma səsi, ağıları əvəzlədi… Mənə gah ata deyirlər, gah ana… Səmimiyyətlə deyim ki, mən övladlarımız üçün sən ola bilmirəm. Məndə sənin ürəyin boyda sevgi dolu bir ürək, sənin kimi onların qəlbini qızdıracaq hərarət yoxdur. Mən istəsəm də sən ola bilmirəm. Sən gözəl idin… Böyük idin… Sevgi dolu bir nur kündəsi idin…

Yadındamı, həmişə sənə “arzularımın ən şirini”, “duyğularımın ən safı” deyərdim. Sən özünlə birlikdə arzularımı, duyğularımı, sevgimi də dəfn etdin. Səninlə tez-tez xəyal qurardıq… Gah oğul toyu edərdik…Gah qız köçürərdik… Gah da nəvə oynadardıq… Xəyalən elçi gedib, nişan edər, gah da qızımızı gəlin paltarında təsəvvür edib çırağın başına hərləyib, sevincdən göz yaşı tökərdik… Özümüz üçün bir xəyal dünyası qurub, xöşbəxtliyimizdən zövq alardıq.

Sən gedəli o işıqlı evimiz qaranlığa qərq olub…

Yadındamı, tez-tez sənə şer deyərdim. Elə bil ayrılığa tələsirsənmiş… Həmişə də

“Salam, ala gözlüm, ay şirin dillim, Salam, incə bellim, əsmər bənizlim, Demə bu dünyada ayrılıq da var, Sən də günahkarsan, mən də günahkar..

” rədifli qoşmanı mənə təkrar-təkrar dedizdirib qanadlı bir mələk kimi nazlanardın…Nədən bu xoşbəxtliyi, nədən bu nazı mənə çox gördün, anlaya bilmirəm ki…

Toylarda, məclislərdə bütün yaxın qohumlar, dostlar, bizim birgə rəqs etməyimizi gözləyər, biz rəqs edəndə hamı sevgmizdən özünə pay götürməyə çalışardı… Bəzən bizdən xəbərsiz, bizim birgə rəqs etdiyimiz “Dilin can incidəndir”- i sifariş verib, bizə oynamaq “əmrini” verərdilər…

Sənin kimi dost görmədim! Sənin kimi yar, yoldaş olmaz deyərdim sənə. Sən güzəştə getməyi, bağışlamağı, sevməyi bacarırdın. Sən özün olmağı, heç kimə bənzəməməyi bacarırdın… Sən təmənnasızlığı bacarırdın. Sən insan çildində mələk olmağı bacarırdın… Sən mənim hər şıltaqlığıma, hər tövrümə, bəzən də nadanlığıma səbrlə dözən mələyim idin… 30 illik ömür yolunda bircə dəfə mənə bir irad bildirmədin. Bircə dəfə səhvimi üzümə vurmadın. Bircə dəfə ayağını dirəyib məndən nəyi isə tələb etmədin. Olana şükür dedin. Nəyimiz isə olmayanda, çatışmayanda, mənə xitabən, «sənin kimi əri olanın, nə dərdi olar? – deyərdin. Hər şey düzələcək, yaxşı olacaq deyərdin. Olmadı yaxşı… Yaxşı olsa da bunu sən görməyəcəksən… Əslinə qalsa sənsiz nəyinsə yaxşı olacağına ümüdim yoxdur. Sən ümidimi də özünlə apardın… Sənsizlik bir heç deməkmiş, məni heç edib, getdin…

Qəribədir ömür yolu,
Sevda dolu, kədər dolu,
Ömrümüzə yağar dolu,
Geri dönə bilmərik,
Geri dönən xəyallar.

İndi sənsiz xəyal da qura bilmirəm. İndi sənsiz xəyallarda da xoşbəxt ola bilmirəm. O, xəyallarda sənin xoşbəxt gülüşün, nazlı baxışların yoxdur…

Xoşbəxt nağılların sonluğunda həmişə nağıl deyən babalar, “göydən üç alma düşdü “”-deyərdilər. Bizim sevgi dolu nağılımızın, nağıla bənzər ömrümüzün sonluğunda göydən alma düşmədi, payımıza göz yaşı düşdü, kədər düşdü, vaxtsız ayrılıq düşdü. İndi göz yaşım sinəmə tökülüb, bağrımın başını od kimi yandırır… Bizim haqqımızda danışarkən bilirsən indi nə deyirlər? Biri mələk kimi yox, biri isə quru bir heç oldu… Ey ruhi rəvanım, cismidə canım, indi sən əbədi dünyada, mən isə sənə tərəf gələn yoldayam. Bilirəm ki, sənin yerin cənnətdir. İnşallah cənnətdə görüşənədək…

Elşən QƏNİ


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir