Ermənistan agentliyi “quş” buraxıb


Ermənistan agentliyi “quş” buraxıb

Robert Koçaryana məxsus olan və Vigen Akopyanın rəhbərlik etdiyi Rusiyada yerləşən “REGNUM” erməni agentliyi açıq-aşkar etiraf edib ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Milli Ordusunun hücumunun qarşısını müəyyən müddət ala bilməyəcəkdir.

Erməni təbliğatının carçısı “Bordyuja: erməni qoşunları öhdəsindən gələ bilməsə, KTMT Ermənistana kömək edər” ( http://www.regnum.ru|fd-abroad\armenia\1545544.htm\ ) sərlövhəli məqaləni Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujanın ilk erməni İnternet televiziyasına müsahibəsinə həsr edib. Müsahibədə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin erməni tapdağından azad etmək üçün başlana biləcək əməliyyatlar zamanı KTMT-nin Ermənistana köməyindən bir kəlmə belə deyilməsə də, agentliyin redaksiyası guya bilmədən Azərbaycan auditoriyasına mesaj göndərərək, Bordyujanın demədiyi sözləri onun adından verməklə Bakını bir balaca hədələməyə çalışır.

Aydındır ki, KTMT-nin baş katibi bu təşkilatın üzvü olan ölkələrin suverenliyinin, müstəqilliyinin və onların dövlət sərhədindən kənarda işğal etdikləri deyil, öz ərazilərinin bütövlüyünün kollektiv müdafiəsinə yönəldilmiş nizamnaməsini və mandatını çox gözəl (hər halda Akopyan və Koçaryandan yaxşı) bilir. Bunu Yerevanda və “REGNUM”un redaksiyasında da çox yaxşı anlayırlar. Anlayırlar ki, KTMT-nin üzvləri arasında heç bir “nkr” yoxdur, KTMT-nin məsuliyyət sərhədi isə həm Ermənistanın, həm də KTMT-nin digər üzvlərinin dövlət sərhədində bitir. Anlayırlar, ancaq özlərini sadəlövh kimi göstərməyə çalışırlar.

Heç kim şübhə etmir ki, KTMT dövlətlərinin heç biri, o cümlədən Rusiya KTMT-yə daxil olmayan və təşkilatın Ermənistandan başqa bütün üzvləri ilə yetərincə yaxşı münasibətləri (bəzi hallarda hətta qardaş münasibəti) olan Azərbaycanın bütün dünyada tanınan ərazisində baş verən müharibədə iştirak etməyəcəkdir. Zəif Ermənistanın özünə isə heç kim hücum etməyə hazırlaşmır. Buna görə də sadəlövh “xaric bizə kömək edəcək” xülyası indiki status-kvonu saxlamağa cəhd göstərənlərin özləri üçün peşmançılığa çevriləcəkdir.

KTMT-ni qorxu alətinə çevirmək lazım deyildir. Heç bir tacik, qazax, qırğız, belarus, hətta rus Azərbaycan ərazisinə, onun Dağlıq Qarabağ bölgəsinə özünə və dövlətinə yad “miatsum” naminə qan tökmək üçün getməz. Bütün bu dövlətlər Dağlıq Qarabağı suveren Azərbaycanın ərazisi (işğal olunmuş) kimi tanımışlar.

Buna baxmayaraq, “Erməni qoşunları öhdəsindən gələ bilməsə, KTMT Ermənistana kömək edəcək” başlığının birinci hissəsinə (o, Ermənistanın özünün təcavüzə məruz qalacağı ssenariyə aiddir) ümumiyyətlə əhəmiyyət verməmək olar. Ancaq sərlövhənin ikinci hissəsinə diqqət yetirmək lazımdır. İndi də bizim təəccüblənməyimizin vaxtı çatdı: “Ermənistan qoşunları öhdəsindən gəlməsə”? Məgər Qafqazın ən “döyüşqabiliyyətli”, ən “məğlubedilməz”, və ən “müzəffər” ordusunun başına bu cür iş gələ bilərmi? Bəs müharibəni elə ikinci gün Kür sahildə başa çatdırmaq vədi nə oldu? Bəs İnterneti, xüsusilə də Ermənistandan Rusiyaya, Avropaya, Kaliforniyaya qaçmış (fərarilik etmiş) “qəhrəmanların” fəallıq göstərdiyi erməni saytları və forumlarını başına götürən qorxulu nağıllar necə oldu? İndi birdən-birə erməni təbliğatının carçısı erməni qoşunlarının müəyyən vaxtda öhdəsindən gələ bilməyəcəyini ehtimal edir.
Yəqin bilirlər ki, ehtimal edilər.

AzerTac


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir