Fantasmaqoriya TAM…TARA…RAMP!


Fantasmaqoriya  TAM...TARA...RAMP!
Ötən gecə çox gec yatdım. Sanki Klintonla Trampın mübarizəsində kiminsə qalib gəlməsi həyatımı dəyişdirəsiydi. Heç hansının nə yolda durduğunu belə əməlli-başlı bilmirəm. Sadəcə ölkəni bürümüş azara mən də yoluxmuşam. Elə yatanda da özümdən soruşdum ki, ayə, Klinton və ya Tramp heç sənin varlığından xəbərdardımı? Yəni seçilər-seçilməz səni bəxtəvər edəcəkləri haqqında məlumatı hansı ünvana göndərəcəklərini bilirlərmi? “Ağıllı” sualımdan xoşhal olub reallıq boğazından keçdim bəhri-röyaya, yəni yuxu dənizinə. Elə bir-iki qulac üzmüşdüm ki, dənizin adamboyu hissəsində tanış simalar gördüm. Biixtiyar onlara sarı üzdüm. Məni heç dəyirmanda belə görməmiş kimi etinasızca süzdülər, hətta elə bildim biri o birilərinə “tələsmə, qoy uzaqlaşsın” işarəsi verdi, amma düz anladığıma əmin deyiləm.

Simalar tanış olsa da bozluqda o qədər bir-birinə bənzəyirdilər ki, kimin kim olduğunu ayırd eləməkdə çətinlik çəkirdim. İstənmədiyimi də hiss elədiyimdən aralanmağa çalışdım. Dəniz sakit idi deyə danışıqları aydın eşidilirdi. Danışanların səsləri də bəzən televizorda peysəri göstərilib səsi dəyişdirilən adamların səsi kimi bir-birinə oxşar gəlirdi. Başa düşdüm ki söhbət Moskvada və bütövlükdə Rusiyada Azərbaycan diasporası kimi tərif edilən rəsmi və qeyri-rəsmi qurumdan gedir. Aralı dayanan gödərək lopa bığlı adam uzun boylu ağsaçlı kişiyə “məllim, məllim” deyə itaətkarca xitab edir, “mən maddi tərəfi ilə maraqlanmıram, hətta lazım olsa maya da buraxaram, Siz bilirsiniz,” deyirdi. Uzunboylu adam da bığlı idi, amma onun bığları gödəyin bığlarının yanında aciz qalırdı, bəlkə elə buna görə də Lopabığla bir az gözükölgəli kimi danışırdı.

-Bilirsən, mən etiraz eləmirəm, amma akademikdən sonra nətər olar, bir az ondan ehtiyat edirəm, akademik də bir iş görmədi əslində, amma yenə adı var da, hələ gedəcəyi də naməlumdu.

Bu arada onlara üçüncü bığlı yanaşdı, daha gənc idi və gəlişi ilə sanki Lopabığı bir az qabartdı, çünki gənc boydan lap qısa idi, onun yanında Lopabığ qısaboy statusunu dəyişdi. Amma təzə gələnin qırımından özünü yaşlılarla bir pillədə gördüyü acıq-aydın hiss olunurdu.

-Mən,–dedi,–hamınızı yaxşı tanıyıram, siz də məni pis tanımırsız. Nə diplomatiya, nə ictimai iaşə (elə belə də dedi!) mənim üçün əhəmiyyət daşımır, inciməyin yeri yoxdu. Dipakademiyanı bitirmişəm, restoranımda da sizin içkilər oldu, satıldı, satılmadı, şikayətim olmur ki? Məndən narazı olmağa heç birinizin haqqı yoxdu.

Yaşlı bığlıların yerinə mən özümü birtəhər hiss elədim, dedim, ayə, bir şapka boyu ilə bu hərif nə qədər ötkəm danışır? Yenə qeyri-ixtiyari üçlüyün həndəvərində dairələr cızmağa başladım.

Uzunboylu adam cəncə hacıleylək qurbağaya baxan kimi baxır, amma, haqq üçün, bir ağır söz demirdi. Lopabığ qərarın Uzunboylu adamdan da asılı olduğunu bilərək sualedici üzünü təkrar ona çevirdi. O da naəlac:

-Elə bilirsiz məni eşidirlər?-dedi.–Özünüz gördünüz son bir-iki ildə nələr yaşadım. Sizə elə gəlməsin ki, tufan başımızdan tamam sovrulub. Sən özün yaxşı bilirsən,–üzünü gəncə tərəf çevirdi,– onun havadarları çox güclüdü.

Lap yadımdan çıxmışdı, dənizdə olmağımıza baxmayaraq, hamı abırlı-başlı geyimdə idi və çimərlik havası hiss olunmurdu (boşuna bəhri-röya deyilmirdi yəni). Gənc Uzunboylu adamın sözünü nə təsdiq, nə inkar elədi. Əvəzində:

-O məsələlər artıq həll olunmaq üzrədi,–dedi,–lakin səsində o qədər də əminlik hiss olunmurdu.—Siz qərarınızı verin, mən işi axarına qoyacam. Müvəqqəti yoxluğumdan istifadə edibyerimə ayaq alanları, demək olar ki, təmizləmişəm. İyirmi ilin təcrübəsi bizimkilərlə necə davranmağın yolunu mənə öyrədib. Çox intiligentlər görmüşəm. Amma bu onlar girəsi kol deyil. Bir az altımda stulu silkələdilər, bir az maliyyə kanalının qabağına daş qoydular, amma bunlar boş şeylərdir. Su gələn arxa bir də gələr. Bir-birimizə söykənsək vəziyyəti düzəltmək çətin deyil.

Uzunboylu adam gəncə “sən o qədər də əmin olma” deyirdi ki, Lopabığ müdaxilə elədi:

-Məllim, qurultaydan-zaddan danışırlar, mənim çıxış-zad eləyəsi halım da, həvəsim də yoxdu. Bir də mən bilən orda birinci adamın çıxışına-zada da o qədər ehtiyac-zad da yoxdu.

Kəlməbaşı “zad” deyən Lopabığ Uzunboylu adamla elə danışırdı ki, sanki vaxtaşırı onun ehtiyaclarını qarşılayan xəznədardı. Uzunboylu adam həm aşağıdakı (onların hər ikisinə yuxarıdan baxmaqdan yorulmuş kimiydi) adamlarla söhbəti bitirməyə çalışır, həm də bunun o qədər asan olmadığının dərkindən əziyyət çəkirdi.

-Mən bacardığımı eləyəcəm. Amma ortalıqda nə qədər bu işə göz dikənlər var, bilirsiniz? Bizim də işimiz çoxdur. Bir tərəfdən də bu Amerikadakı seçkilər…
Fantasmaqoriya  TAM...TARA...RAMP!
Bunun mətləbə nə dəxli var idi, anlamadım. Bir də “seçkilər” kəlməsini eşidəndə sanki qulağıma Jirinovskinin səsi gəldi. “Biz şampan içməyə hazırıq” dedi. “Mən Trampa məktub hazırlamışam” dedi. “Səfirlər dəyişilməlidi.Onların nə işlə məşğul olduqları incələnməlidi” dedi. Aparıcının amerikalı qonağa verdiyi sual dəydi qulağıma: Bəs siz deyirdiniz Tramp prezident ola bilməz, bu işə yaramaz. Bəs niyə amerikalıların yarısı ona səs verdi? Amerikalı tövrünü pozmadan əcnəbi ləhcəsi ilə: “Ona görə ki, amerikalıların yarısı axmaqdı” dedi. Səksəndim: “Belə şey olar? Başqa ölkədə olasan, öz ölkənin xalqının yarısını axmaq adlandırasan. Bunu yalnız yuxuda eşitmək olar”-deyə düşündüm və studiyadakıların səsinə ayılıb gördüm ki, ey dili-qafil, son eşitdiklərim yuxu deyilmiş, televizoru açıq qoymuşam və doğrudan da veriliş gedir. Təkrar gözümü yumdum ki, bığlıların söhbətinin nəticəsini öyrənim, amma əfsuslar olsun ki, bəhri-röya ilğım kimi gözlərimdən çəkildi.

Ay səni, Tramp!

Cəfər Sadıq,
Moskva, 10 noyabr 2016-cı il


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir