FB-də BİR MƏZUN NAĞILI….



FB-də BİR MƏZUN NAĞILI....
Biri var idi, biri yox idi, qarşıda nə az, nə çox düz 5 il sürəcək bir tələbə yolu vardı və 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsinin 624-cü qrupunun 25 nəfərlik birinci kurs tələbəsi sirli-soraqlı bu yola düzəldik. Az getdik, üz getdik, gecə-gündüz düz getdik, oxuduq-oxuduqmu, zamanın tələbi idik, tələb olduqmu, sevdik-sevildikmi, bir də onda ayıldıq ki, beş illik tələbəlik yolunun sonudu və ayrılmalıyıq, məzun adlı əjdaha qılınc çəkib, qarşımızı kəsib, bizi “param-parça” edib, məmləkətə paylayacaq. Bizsə tələbə dünyasının ağuşunda elə möhkəm uyumuşduq ki, o dünyaya elə qapanmışdıq ki, ayrılıq heç yada da düşmürdü, ayrılmaq, əlvida sözünün hədəfinə çevrilmək istəmirdik. Nə etməli… Az fikirləşdik, çox fikirləşdik, birliyimizin, ömür boyu təmasınızın açarını tapdıq. Hər il mayın 2-də görüşmək qərara alındı. Bu tarixin seçilməsi də təsadüfi deyildi, o vaxtlar 1 may bayram günü kimi qeyd edilirdi, deməli ehtiyatda bir gün var idi və dünyanın harasında olursan ol, 2-si may görüşünə çatmaq mümkün idi.

1977-ci ildən may görüşlərimiz başladı. Telli Pənahqızı, Şəfəq Nasir, Nərgiz Bayramova, Mehparə Axundova, Mehriban Qənbərova, Sevda, Zəhra…Rəşid Rüstəmov, İsmayıl Ömərov, Elman Qədirli, Azər Abdullayev, Adil Qaçayoğlu, Xəlil Cabbarov, Mail Dəmirli, Həsən Kərimov, Yusif Əliyev… düz 25 nəfər… 622-ci qrupdan da Nailə, Akif, Elçin, Ataş, Adil….

İlk toplantımız çox qələbəlik keçdi. Sanki tələbə idik, o ab-hava bizi tərk etməmişdi. İllər keçdi, keçən illər də izsiz ötüşmədi. Bəzilərimizin ailə qayğıları, bəzilərimizin vəzifə ab-havası sıralarımıza öz əlini çəkdi. Onların yoxluğunun xiffəti o qədərdə üzücü deyildi, amma ömürləri yarıda, vaxtsız qırılan uşaqların faciəsi bizi sarsıtdı, özü də kətan parçaya düşmüş ilmə kimi ildən ilə “genişlənəyə” başladı. Əvvəlcə Rəşid Rüstəmov, sonra Mail Dəmirli, Adil Qaçayoğlu, Həsən Kərimov, daha sonra isə Xəlil Cabbarov … görüşümüzə “gəlmədilər”. Gələrdilər, çatardılar, amma Yaradanın yazdığı taledən qaça bilmədilər, çata bilmədilər. Tələbə dünyamızda başlanan “uralanma” sıralarımızı seyrəltdi. Getdikcə görüşlərimiz səngiməyə başladı və nəhayət sonlandı.

Sonuncu görüşümüzün tarixi yadımda deyil, tədbirimizi böyük canfəşanlıqla təşkil edən, toplantılarımızın başında duran Adil Qaçayoğlu və Həsən Kərimovun vaxtsız vəfatı bizi tələbə ab-havasından ayırdı, bir daha belə görüşümüz olmadı. İndi yalnız təsadüfi görüşlərlə təsəlli tapırıq. Sizə təqdim etdiyim fotolar da o görüşlərin əsk-sədasıdır, tapa bildiklərimdir. Bütün bunları FB-də niyə paylaşıram, çünki yeganə görüş yerimiz məhz bu meydandır. Fb-dən öyrənmişik ki, Telli uğurlar qazanıb, Nərgiz nəvələrin sevinci ilə yaşayır, Şəfəq maraqlı elmi-tədqiqatla məşğuldur. Rəhmətlik Yusif Əliyevin vəfatı xəbərini də FB-dən aldıq.

Bu gün də mayın ikisidir, amma görüş olmayacaq, yaxşı ki, FB var, hal-əhval tuturuq. Bu meydanda da sıramız tam deyil, FB-də olmayanlar var. Dostlarımızdan xahişim odur ki, xəbərləşək, 624-cü qrupun bütün tələbələrini (Allah dünyasını dəyişənlərə rəhmət eləsin) FB -yə dəvət edək. Bu meydanda görüş, ünsiyyət o xiffətə əlac olmasa da hər halda bir təsəllidir…

Salam uşaqlar, necəsiz, daha bir 2-si Mayınız mübarək… Nağıl dili yüyürək olar, bu da sonu… Göydən 25 alma düşdü, biri mənim, 18-i sizin, 6-da cənnətdə uyuyanlarımızın..

Vaqif TANRIVERDİYEV

FB-də BİR MƏZUN NAĞILI....
FB-də BİR MƏZUN NAĞILI....
FB-də BİR MƏZUN NAĞILI....
FB-də BİR MƏZUN NAĞILI....
FB-də BİR MƏZUN NAĞILI....
FB-də BİR MƏZUN NAĞILI....
FB-də BİR MƏZUN NAĞILI....


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir