Fuad Abbasovu kim müdafiə edir?


Fuad Abbasovu kim müdafiə edir?
Yaxından tanıdığım, zaman –zaman vaxtaşırı, bir müddətdən sonra ara-sıra ünsiyyətdə olduğum Fuad Abbasov və fəaliyyətini sadəcə izləyirdim. Hər kəsin doğru- yanlışlarını süzgəncdən keçirib, kimin haqlı, kimin haqsız olmasını üzə çıxarmaq zaman və araşdırma məsələsidir. Əli qələm, dili söz tuta bilən və bilməyən bir çoxlarından fərqli “kimin və ya nəyin fonunda görünüm xəstəliyindən” uzaq sağlam baxışlarla hadisələr diqqətimdəydi. Lakin… Nə dərs vermək, nə yol göstərmək, nə çağırış etmək kimi missiyanın məsuliyyəti altına imza atmaq ambisiyam yoxdur. Bunun indi adına cəsarətsizlik və ya qorxaqlıq deyəcəksiniz-siz bilirsiniz. Heç ehtiyatlılıq da deyil.

Sadəcə kiminlə yola çıxmaq olar? Kimə etibar etmək olar? Hansı alt məna gizlənib bunun arxasında? Oyundurmu, ya gerçəklik?

Bu qarmaşıqlıqda özümə verdiyim bu suallara cavab tapa bilmədiyim səbəblərdən dolayı “hökm” çıxarmayacam! Bunları yazmaqla baş verənlərə münasibətimin birmənalı olmadığını bildirmək istədim. Mənim və ya başqalarının münasibətini, münasibətsizliyini qoyaq bir kənara.

Bu gün Fuad Abbasovun timsalında hüququ pozana cəzanın- alçaldılmış şəkildə tətbiq edilməsi var. Yəni görünən ( deyilən-nə dərəcədə doğru olduğunu da bilmirəm)-onu göstərir.

Orxan Zeynalov hadisəsi ilə -(bir rusu öldürməkdə suçlanan azərbaycanlı) bağlı da zamanında yazmışdım. Dünyanın hər yerində oxşar cinayətlər seriyasından növbətisi olan Orxan Zeynalov cinayətinin “ayrıcalıq” vurğusu bizə münsibətin təzahürü idi. O zaman səfirlik səviyyəsində buna tutaqlı cavab istəndi.

Bu gün –fəaliyyətdə olan və haradasa yanlışlıqlara yol verən Fuad Abbasov olayında niyə bu reaksiya sərgilənmədi?! “Yıxılana balta vuran” onu istəməyənlərin əlinə işləyən olay və müdafiəçilərinin bəzilərinin geri çəkilməsi…

Məni çaşbaş qoyan da budur!

Nə baş verdi? Xronologiya xırdalamaq, bu məqamda daşları ortalığa tökməyin heç zamanı deyil! Sadəcə məni düşündürən, narahat edən cavabsız suallar var.

Biz- mən də olmaq şərtiylə Azərbaycan vətəndaşı olaraq Rusiyada hüquqlarımızı bilirikmi? Və bilmiriksə, bizim hüquqlarımızın behçisi-qoruyucusu rolunu oynayan qurum varmı?

Fuad Ababsov bizi indi hansı səviyyədə təmsil etməsindən asılı olmayaraq (hərənin öz baxışı var və buna hörmətlə yanaşıram-müəll.red) bizim Rusiya efirində səsimiz olduğunu etiraf etməmək namərdlik olar? Iki başqa millətin nümayəndəsi arasında qarşıdurmanı yatırtmağa “qadir olanlar”, onu adına çıxardanlar haradadırlar? Niyə bu məqamda ağsaqqallıq edə bilmədilər? Niyə özümüzlə mübarizədə küləyin hansı tərəfə əsməsindən asılı olaraq o tərəf bu tərəfə yıxılanlar səsini çıxartmır.

Bu arada Mübariz Mənsimova böyük hörmətlə, nə baş veridyini tam bilməməsinə rəğmən bir azərbaycanlıya edilən həqarətə cavab verdiyi üçün təşəkkür edirəm. Sözə deyil, onu söyləyənə baxacaqsan. Və onun buradakı azərbaycanlılara qınaqla səslənməsi yenə bəzi müvazinətini külək tənzimləyənlərin səmtini dəyişəcəyinə əminəm.

İndilik bunun arxasında, önündə, solunda, sağında kimin olmasını araşıdrmaq yox, Fuad Abbasovun timsalında –ictimai olmasa belə, siravi vətəndaşımıza qarşı döyülmə-təhriq edilmə münasibətinə aydınlıq gətimək vaxtıdır! (Əgər bu fakt varsa-müəll.red).

Xal, bal toplayanları, səhv, xəta edənləri, loru dillə desək hayıf çıxardan, hayıfı, ürəyindən tikan çıxanları da görməmək üçün kor olmaq gərək. Amma kor olmaq lazımdırsa, ayıbımıza deyil, başqa şeylərə kor olaq. Haqsız yerə təhqir olunanla bərabər, təhqir edilən bizik! Əgər hələ özünüzü, özümüzü biz hesab ediriksə…

Qeyd: Həmkarlarımızdan biri hadisənin səfirliyin nəzarətində olduğunu xəbər verib. Hadisənin nəzarətdə olması bizi haqsız yerə təhqir olunmaqdan qoruyurmu?!

Tünzalə Vəliqızı, Moskva
Yenises.ru
22.05.2019

P.S. Fuadla polislər arasında nə baş veribsə, bu ona və onun vəkilinə məlumdur. Əgər bu faktlar varsa, qanun çərçivəsində vəkili ona yəqin ki, cavab istəyəcək. Mənə görə əgər belə bir hal qeydə alınıbsa, hətta qanunu pozmuş olsa belə bir jurnalistə, insana qarşı belə rəftar yolverilməzdir!


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir