FUAD POLADOV-73


” Yaxşı insanın öldüyünə deyil, onu itirən cəmiyyəti
ağlayın”.
Əl-Fərabi (872-951).

Bu gün Azərbaycan teatr və kinosunun sütunlarından Fuad Poladovun doğum günüdür. Qəsdən titullarını yazmağa ehtiyac duymuram. Çünki Fuad Poladov adı və soyadı daşıdığı bütün titulların fövqündədir, uca bir dəyərdir.Üstəgəl sənətkar və şəxsiyyət vəhdətinin bütün xarakterik cizgiləri yüksək teatral, intellektual mədəniyyəti onu fərqli qılan bir tərəfiydi. 2007-ci ildə Kiyevdə Fuad müəlimlə bir tədbirdə tanışmam bir həftə onunla keçirdiyim günlərin xatirəsi həyatımın ən doğma əziz anları, məqamıdır. Və bu Möhtəşəm Şəxsiyyətlə bağlı xatirələrimi bölüşməyi özümə borc bilirəm, mənim üçün böyük bir şərəfdir çünki…


Bu yeddi gündə demək olar ki hər gün Fuad müəllimlə görüşdük. Əlimə düşən fürsəti eləsinə acgözcəsinə dəyərləndirməyə çalışırdım ki. Onun da bu maraq və istəyimə səmimiyyət göstərən anlayışı qısa zamanda dostlaşmamızı belə sağladı. Uçmağa qanadım yox idi necə deyərlər…


Nələrdən danışmadıq ki… Maraq dolu verdiyim bütün suallara səbrlə, özünəməxsus səs tonu və arada dərindən buraxdığı pauzalarla cavab verirdi. Bu pauzalar əsnasında bəzən araya çökən sükut həm qısa idi həm də bu günədək yaddaşImda ilişib qalacaq qədər dərin və uzundur…


Rəhmətlik rejissor Tofiq Kazımovskidən ağızdolusu danışardı, ona özünü borclu sayardı. Məni Tofiq müəllim kəşf etdi Mamed can söylədi söhbətlərimizin birində. Böyük aktyor İsmayıl Dağıstanlıyla qonşu olmaqlarından söhbət açdı. Bir xatirəsini söylədi ki, bəs İsmayıl müəllim olduqca çox siqaret çəkirdi. Aktyorun Tibb İnstitutunda oxuyan qızı Ləman bir gün siqaretin insan ömrünü azaldan zərərlərindən dolayı atasına kövrələrək: Mən istəyirəm Sən uzun-uzun yaşayasan Atacan dediyindən sonra İsmayıl müəllimin də qızının bu pərişan halına dözməyərək əlindəki siqaret paçkasını əzib necə zibil qutusuna atmasını belə mənə danışmışdı.


Yusif Vəliyevdən, Hamlet Xanızadədən, Səməndər Rzayevdən, Hacı Murad Yegizarovdan, Tariyel Qasımovdan, Nodar Şaşıqoğlundan, Həsənağa Turabovdan, Həsən Əblucdan, Bəxtiyar Xanızadədən danışmışdı mənə. Həm də sevgi dolu, uca təqdirləriylə.Rəhmətlik gözəl aktyor Kamal Xudaverdiyevlə dostluq etdiyini vurğulmışdı. Rejissor Yavər Rzayevin Hüseyin Cavid filminə yazdığı möhtəşəm ssenaridən bəhs etmişdi mənə. Fəqət bu ssenari nə yazıq ki həyata keçməmişdi. Hüseyn Caviddən söhbət etmişdik. Kövrəlmişdi. “ Biz Hüseyn Cavidi dünyaya tanıtdırsaydıq Şekspri belə kölgədə qoyacaqdı “ söyləmişdi. Fuad müəlim siqareti çox çəkirdi. Hüseyn Cavid haqqında söhbətimizdə siqaret dumanının içində onun dalğın, uzaqlara dikilən baxışlarını sezdiyimdə demişdim ki: “ Fuad müəllim nədən rejissorlar Sizi Cavidin Azərinə çəkməmişlər. Çünki bu andakı dalğın, uzaqlar dikilən baxışlarınız eynən Azərin baxışlarıdır. “ Atəşgədələr, fırtınalar yavrusu Azər…


Yorğun gözü həsrətli üfüqlər kimi dalğın…” misralarını uca səslə söyləmişdim. Duyğulanmışdı. Bu artıq rejissorların kəşfinə bağlı Mamed can demişdi.Söhbətlərimizin birində kulisdən , teatrın pərdə arxasından söhbət açmışdım. Hətta özümdə cəsarət tapıb: “ Fuad müəllim sanki kulis Salyeri paxıllığı üçün vardır” demişdim. Dərin bir pauzadan sonra: “ Hər teatrın, kulisin öz Motsartı öz Salyerisi var. Motsart olmaq işin ən çətini, hər yer onsuz da zatən salyeriylə doludur…” söyləmşdi. Yenə siqaret dumanı və dərin bir pauza…

Son görüşümüz Kiyev hava limanında onu Bakıya uğurlayan gündə oldu. Bakıya gələndə mütləq görüşək söyləmişdi mənə qucaqlaşıb ayrılarkən. Mən də artıq Bakıya gəlməyin tək səbəbi Fuad Poladovdur demişdim gülə-gülə. Sonralar Bakıya, Fuad müəllimin işlədiyi S.Vurğun adına Rus Dram Teatrında oynanan bir tamaşasına necə qəfil getməyin də planlarını qurmuşdum xəyalən. Amma gedə bilməmişdim Bakıya. Nisgildir indi artıq mənim üçün bu… Telefonla tez-tez danışardıq. Hər səsimi eşidəndə: Ooo Mamed can əzizim sənsən? sualı ilk gələrdi qulağıma. Hər doğum günündə təbrikləşərdim. Gün yenə həmin gün. Amma əli qoynunda lal telefondan bir daha o doğma səsi eşitməz oldum artıq.


Adətən hər hansı bir teatr tamaşası başlarkən pərdələri qaldırın,işıqları yandırın! diqtəsindən sonra baş verir bütün olanlar. ONUN ömrü bu işıqlar altında keçdi və yaddaşlarda elə işıq kimi də qalacaq…


Cismani yoxluğunda Ona İşıqlar içində yatsın deməkdən başqa çarəmiz qalmır…


Və ulduzlar sönmür…

Doğum günün qutlu olsun FUAD MÜƏLLİM!

Məhəmməd İsrafiloğlu


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir