GÖRKƏMLİ HƏKİM, PROFESSOR SABİR HƏBİBOVUN 65 YAŞINA


GÖRKƏMLİ HƏKİM, PROFESSOR SABİR HƏBİBOVUN 65 YAŞINA
Şəfalı əllərin sehri, Kəlbəcər nisgili…
Nəsib NƏBİOĞLU

Moskva şəhər 79 saylı xəstəxananın Endoskopik Cərrahiyyə şöbəsinin müdiri, professor, Rusiya Federasiyasının Əməkdar həkimi Sabir Həbibovun adı istər Rusiyada, istərsə də Azərbaycanda çoxlarına yaxşı tanışdır.

Bu gün Moskvada sayılıb-seçilən həkimlərdən söhbət düşəndə ən əvvəl Sabir Həbibovun adı iftixar hissi ilə çəkilir. Ömrünün 40 ilə yaxın ən qaynar çağlarını insanların sağlamlığı keşiyində dayanmağa həsr edən S. Həbibovun yanvar ayının birində 65 yaşı tamam olur. Təbabət elmində S. Həbibov öz dəst-xətti, fikri və sözü olan bir alim kimi, istedadlı cərrah kimi qalacağına şübhə yoxdur. Böyüməkdə olan və bundan sonra dünyaya göz açacaq nəsil S. Həbibovu təbabət tarixindən tanıyacaq. Tarix isə silinməzdir, əbədiyaşardır. Sadəliyin, nəcibliyin, insansevərliyin, təəssübkeşliyin, ziyalılığın timsalı olan S. Həbibov böyük qəlbə malik bir insan, ən əsası isə özünü təsdiq edən şəxsiyyətdir. Təmsil etdiyi millətin, nəsli-kökü, ailə mühiti, tərbiyəsini aldığı valideynləri, orta məktəbdə müəllimlərindən öyrəndikləri ali təhsil illərindəki fəallığı və nəhayət, həyatda özünün zəhməti, bacarığı ilə qazana bildikləri onu daim irəli aparıb. İnsanlara sevdirib, dost qazandırıb, saysız insanların sevimlisi edib.

Sabir Həbibov hazırda tibb elmləri doktoru, professor, Rusiya Tibbi-Texniki Elmlər Akademiyasının və Ümumrusiya Endoskopik Cərrahlıq Cəmiyyətinin həqiqi üzvü, Moskva şəhəri səhiyyə departamentinin 79 nömrəli şəhər klinik xəstəxanası dövlət müəssisəsinin rekonstruktiv, plastik və endoskopik cərrahiyyə şöbəsinin müdiridir.

İstedadlı novator həkim kimi tanınmış Sabir Həbibov elmi və ictimai fəaliyyətdə qazandığı nailiyyətlərinə görə RF Tibbi-Texniki Elmlər Akademiyasının qızıl medalına layiq görülüb, çoxillik qüsursuz əməyinə görə “Rusiya Federasiyasının səhiyyə əlaçısı”” döş nişanı ilə təltif edilib. 2005-ci ildə həmyerlimiz təbabət sahəsində mühüm nailiyyətlərinə görə Moskva hökumətinin mükafatını alıb. “”Moskvanın tanınmış adamları-2007″” kitabına Rusiya paytaxtının ən görkəmli şəxsiyyətlərinin adlarıyla yanaşı Sabir Həbibovun da adı düşüb. 2009-cu il mart ayının 31-də Rusiyanın o vaxtkı prezidenti Dmitri Medvedyev həmvətənimiz, təbabət sahəsində yüksək ixtisaslı mütəxəssis Sabir Həbibova Rusiya Federasiyasının Əməkdar həkimi fəxri adı verilməsi haqqında fərman imzalayıb. S.Həbibov bu ada səhiyyə sahəsində xidmətlərinə və çoxillik qüsursuz fəaliyyətinə görə layiq görülüb.

Həmin ərəfədə AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Sabir Həbibov demişdi: “”Mən fəxr edirəm ki, Azərbaycan və Rusiya təbabət məktəblərinin nümayəndəsiyəm, həyatımın 40 ildən artıq dövrünü insanlara şəfa vermək kimi nəcib missiyaya həsr etmişəm. Öz əməyimin nəticələrini və çoxillik işimin Rusiya dövlətinin rəhbərliyi tərəfindən bu qədər yüksək qiymətləndirilməsini görmək mənə çox xoşdur. Mən bundan sonra da azərbaycanlı adını uca tutacaq, Rusiya Federasiyasının Əməkdar həkimi fəxri adını doğruldacağam””.

1973-cü ildə institutu bitirdikdən sonra o, bir müddət Bakıda Elmi Tədqiqat Klinik Eksperimental Təbabət İnstitutunda işlədi. 1977-ci ildə isə Moskvada SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin aspiranturasına daxil oldu. 1980-ci ildə namizədlik, 2000-ci ildə isə doktorluq dissertasiyası müdafiə etdi. 1983-cü ildən 79 nömrəli Moskva şəhər klinik xəstəxanasında praktik cərrahiyyə ilə məşğuldur. 1993-cü ildən o, qarın boşluğu və kiçik çanaq orqanlarında endovideocərrahiyyə əməliyyatlarını xəstəxana praktikasında tətbiq etmişdir. S.Həbibovun rəhbərliyi ilə həmin xəstəxanada ixtisaslaşdırılmış endoskopik cərrahiyyə şöbəsi yaradılmışdır. 2000-ci ildə o, Rusiyada ilk dəfə varikoz xəstəliyi zamanı venanın endoskopik transillüminasiya üsulu ilə kəsilib götürülməsi əməliyyatını praktikada tətbiq etmişdir. İndi Moskvada və Sankt-Peterburqda, Rusiyanın digər regionlarında bu cür əməliyyatlar aparılır. Həmvətənimiz bir ixtiranın, praktik cərrahiyyədə tətbiq edilən iki səmərələşdirmə təklifinin müəllifidir. Tanınmış həkim ABŞ-da, Böyük Britaniyada, Fransada, İtaliya, İspaniya, Almaniyada, İsveçdə, Avstriyada və başqa ölkələrdə ustad dərsləri keçmişdir. O, Rusiyanın gənc mütəxəssislərinə, eləcə də həkimlik fəaliyyətinə yeni başlayan azərbaycanlı həmkarlarına böyük kömək göstərir.

Azərbaycanlı alim Almaniyada, İspaniyada, Hollandiyada, İsveçdə, Türkiyədə və sair ölkələrdə endoskopiya cəmiyyətlərinin üzvüdür. MDB dövlətlərinin bir çox şəhərlərində keçirilən elmi konfranslarda, konqreslərdə, beynəlxalq simpoziumlarda maraqlı məruzələrlə çıxışlar etmişdir. Həmin məruzələrin mətni nüfuzlu elmi jurnallarda dərc olunmuşdur. Görkəmli alim neçə-neçə ölkədə nəşr edilmiş 50-dən çox elmi əsərin müəllifidir.

Sabir Həbibov 1950-ci ildə respublikamızın dilbər guşələrindən biri olan, təbii gözəlliklərinin saflığı ilə qəlbləri oxşayan Kəlbəcərdə sadə, zəhmətkeş bir ailədə dünyaya göz açıb. Ağlı söz kəsəndən bilib ki, üzvü olduğu bu ailənin ətrafına cəm olduğu süfrəsinin bin-bərəkəti halallıqdır. Kəlbəcərin müdrikliyini özündə birləşdirən babası Həbib kişi din-iman əhli olub, halal zəhməti ilə çörək qazanıb, məmləkətdə həmişə sayılıb-seçilib, adı hörmətlə çəkilib. Bütün milli-mənəvi köklərə bağlılıqla yanaşı, bu ailənin övladlarında elmə, sənətə, böyük və tükənməz bir həvəs olub. Ailədə 8 övlad böyüyüb. Sabir Həbibovun atası Qaçay kişi dövrün köklü, nəcabətli nəsillərindən birinin övladı idi. Qardaşları da ali təhsil alıb. Atasının onun tərbiyəsində, təhsilində bir insan kimi formalaşmasında çox böyük rolu olub. Qaçay kişi bütün söhbətlərini atalar sözləri, zərb məsəllərlə müşayiət edərdi. Mən özüm də onu yaxşı tanıdığımdan dəfələrlə bu el ağsaqqalının dərin məzmunlu, dadlı-duzlu söhbətlərinin şahidi olmuşam, onun dadlı-duzlu söhbətləri təkcə mənə yox, həmsöbət olduğu hər kəsə xoş gəlib, dadlı-duzlu söhbətləri ilə hər kəsin sonsuz məhəbbətini qazanıb. Qaçqınlıqdan sonra Xırdalanda məskunlaşan Qaçay kişi bir müddət əvvəl “”Kəlbəcər”” deyə-deyə dünyasını dəyişib. O, işıqlı insanın yalnız evlərində izləri, övladlarının dillərində ibrətamiz, duzlu-məzəli sözləri, qəlblərində məhəbbəti və bir də hikmət dolu şirin xatirələri qalıb. Sabirin anası Sona xala isə gözəl-göyçək laçınlı qızıdır. Kəlbəcərə gəlin köçüb. Ona bütün azərbaycanlı xanımlara xas olan abır-həya, ismət, mehribanlıq, alicənablıq xasdır. Sona xala ismət mücəssəməsi olan ağbirçək analardandır.

Lap uşaqlıq yaşlarından ağ xalat geymək, xəstə insanlara şəfa vermək Sabirin ən böyük arzusu olub. Atası Qaçay kişi də oğlunu həkim görmək istəyirdi. Atayla balanın arzuları üst-üstə düşürdü. Odur ki, orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Sabir Bakıda N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə fakultəsinə daxil olub. Onu arzuları enişli-yoxuşlu bir yola çıxarıb. Əlbəttə, bu yol olduqca çətin idi. Amma o, çətinliyi gecəli-gündüzlü çalışmaqla dəf edə bilib.

Qaçay kişinin qapısı insanların üzünə həmişə açıq olub, Kəlbəcərin qabaqcıl fikirli ziyalılarının, savadlı insanların toplaşdıqları ocağa çevrilmişdi. Məhz belə bir sağlam mühitdə böyüyürdü Sabir və onun varlığına hopmuş mərdanəlik, bütün mənfiliklərdən uzaq şəxsiyyətinə xas olan təbiilik bunlardan qaynaqlanmışdı.

Kəlbəcər kimi bir rayonda bir çətən külfəti dolandırmaq, uşaqları araya-ərsəyə gətirmək, onlara təhsil vermək, ev-eşik yiyəsi eləmək o qədər də asan iş deyildi. O, atası Qaçay kişini həmişə xoş duyğularla xatırlayaraq deyir: “”Atamdan təhsilə, elmə həvəs, zəka, səxavət, humanistlik, torpağa, xalqa məhəbbət dərsləri almışam. Anamdan isə mehribanlıq, mərhəmət, sədaqət, fədakarlıq, sevgi hissləri əxz etmişəm. Anam cox cəfakeş, dözümlü, dəyanətli ana olub””.

O dövrün məşhur həkimləri – Ənvər Əkbərov, Bəhram Sarıyev, o vaxtkı Elmi Tədqiqat Klinik Eksperimental Təbabət İnstitutunun şöbə müdiri professor İsa Qurbanəliyev Sabirin bir alim, bir cərrah kimi yetişməsində və formalaşmasında mühüm rol oynamışlar. Sabir indi də bu əvəzsiz müəllimlərinin, xeyirxah əməllər sahibi olan bu insanların adlarını böyük hörmətlə, məhəbbətlə, iftixar hissiylə çəkir.

Mən Sabiri uzun illərdi ki, tanıyıram. Onun Sovet dönəmində Moskvada çalışdığı illərdən üzü bu günə hər yerdə onun fəaliyyətini izləmişəm. O, özü də bilir ki, mən onun Rusiyadakı uğurlarına yalnız sevinirəm. Bir dost kimi, bir eloğlu kimi onun qazandığı nailiyyətlərə həmişə ürəkdən sevinmişəm, qürur hissi keçirmişəm.

Sabir sənətinin vurğunudur. Odur ki, tez-tez mənə deyir: “”Bu iş olmasa, məni işimdən uzaqlaşdırsalar mən yaşaya bilmərəm. İnanırsan, elə gün olur ki, 10-12 saat əməliyyatlarda oluram, işləyirəm, amma yorulmaq nə olan şeydir, bilmirəm. Əgər mən sevimli peşəmdən ayrılsam, yaşaya bilməyəcəyəm””. O, doğrudan da peşəsinin fanatıdır. Ömrünün 65-cı ilində işdən, axtarışdan, insanlara xidmət etməkdən yorulmur.

Əsl cərrah kimi yetişmək çox böyük zəhmət tələb edir. Bunun üçün həkimin özünün fundamental biliyi, müasir tibbi texnika ilə işləmək bacarığı və yüksək düşüncə qabiliyyəti olmalıdır. Məlum həqiqətdir ki, təcrübəli, istedadlı həkim öz bildiklərini həmkarları ilə bölüşəndə insanlara ikiqat kömək etmiş olur. Sabir həkim illərlə topladığı bilik və təcrübəni öz həmkarları, xüsusilə gənc həkimlərlə bölüşməyi çox sevir. O bunu hər gün, klinikada, adi söhbətdə, əməli iş zamanı da təsdiq edir. Ona yalnız Rusiyada yaşayanlar deyil, hətta Azərbaycandan, ayrı-ayrı bölgələrimizdən gələn xəstələr də müraciət edirlər.

Sabirlə tez-tez zəngləşirik, imkan tapıb görüşürük, hər görüşümüzdə yalnız dərd-sərimizdən, Kəlbəcərdən danışırıq, sözümüzün ilki də, sonu da Kəlbəcərdi. Bu qürbət eldə taleyimizə yazılmış bu ağrılı-acılı ömrümüzü Kəlbəcər deyə-deyə, göynəyə-göynəyə üyütməkdəyik. Kövrəlib göz yaşı axıtdığımız günlər az olmayıb. Bu göz yaşları bir-birimizə sevgidən, düşmən tapdağı altında inləyən Kəlbəcərimizə məhəbbətdən, orda qoyub gəldiyimiz, talan olan yurdlarımıza həsrətimizdən irəli gəlir.

Sabirin iş otağına daxil olanda, adama elə gəlir ki, Azərbaycandadır. Otaqda Azərbaycanın, Kəlbəcərin abı-havası duyulur. Mənə elə gəlir ki, bu adam qaçqın-köçkün insanların ağrılarını-acılarını, onların bu haqsız dünyada düçar olduğu dərdlərlə onlarla birgə yaşayıb.

Mən dəfələrlə Sabirin çalışdığı kollektivin üzvləriylə, onun iş yoldaşlarıyla görüşmüşəm, onun müalicə etdiyi xəstələrlə və onlara xidmət göstərən həkimlərlə, digər tibb işçiləri ilə söhbət etmişəm. Onun işçiləri, hamı Sabirin yalnız həkim kimi yox, bir insan kimi insanlara olan münasibətindən, onlar üçün yaratdığı normal şəraitdən razılığını bildiriblər. Onu sevdiklərini dönə-dönə vurğulayıblar. Bunu isə yad torpaqda, qeyri millətlərin arasında qazanmaq o qədər də asan olmayıb. Bunları qazanmaq üçün talant, bilik,tərbiyə, qabiliyyət, səviyyə lazımdır. Dəfələrlə eşitmişəm ki, qeyri millətdən olan xəstələr əsasən də ruslar təkid ediblər ki, istəyirəm ki, məni Sabir Qaçayeviç əməliyyat etsin!

Dünyanın ən müdrik insanlarından olan dahi alim, həkim, filosof “”təbabətin atası”” sayılan Hippokratın sevimli bitkisi aloye idi. O deyirdi ki, bu bitki çox xəstəliklərin dərmanıdır. Sabir isə Kəlbəcərdə bitən dərman birkilərinin – çaytikanı, əvəlik, qırxbığım, yemlik, turşəng, quzuqulağı, mərövçə, çiriş, cacıq, baldırğan, şomu, bolu, andız, çaşır, dağ göbələyi, əməköməci, qazayağı, şirin qanqal, xatınbarmağı, kəkotu, qantəpər, yarpızın dünyanın heç yerində olmadığını deyir və əlavə edir: “”Kəlbəcər insanlara şəfa bəxş edən bitkilər diyarıdır””.

Mən əziz dostum Sabir Həbibovu 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm və bu yazını ona həsr etdiyim şeirlə bitirirəm:

Dağ oğullar zirvələrə söykəndi,
Qərib düşən qəm şələsi çəkəndi,
Ümid şamı öləzidi, tükəndi,
Kim qarğadı, nədən düşdük qarğışa?!

Dərd bulanır nənələrin gözündə,
Doğma yurdlar kəlməsində, sözündə.
Oğulsansa cəsarət tap özündə,
Oğulsansa indən belə gəl yaşa!

Püşkümüzə həsrət düşüb, qəm düşüb,
Sevinmirik, gözümüzə nəm düşüb,
Kəlbəcərsiz ömür gəlib ötüşüb,
Çətin könül bu zamanla barışa.

Bizik vaxtsız belə beli bükülən,
Bizik yurdu talan olan, sökülən,
Yaş deyil ki gözümüzdən tökülən,
Gözümüzdə qarışıbdı qan yaşa!

Tanrı özü haqsızlığa görk elər,
Tərk eyləyər bu şübhələr, bəlkələr,
Yuxumuza allı-güllü yurd gələr,
Yuxumuzda bürünərik qumaşa.

Üzümüzü tutaq gedək haraya,
Dağ yeli yox telimizi daraya,
İnsafı yox Murov düşüb araya,
Heç olmasa gendən edək tamaşa.

Biz qəribik, qürbət eldə həyan yox,
Namərdlərin gözlərini oyan yox,
Bu dünyada dərdimizi duyan yox,
Üstümüzə qəm ələnir birbaşa!

Hara getsək, üstümüzə dərd yağar,
Dağ kəlməsi bizi yaxar, dağlayar,
Nəsib, Sabir Kəlbəcərsiz ağlayar,
Qürbət eldə yenə verib baş-başa!

Moskva
1 yanvar 2016-cı il


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir