Günəş çəkə bilməyənlər…


GÜNƏŞ ÇƏKƏ BILMƏYƏNLƏR...
Yerindən durandan yatanadək hansı birimiz həyata şükr edirik – görə, eşidə, danışa, yeriyə, istədiyimizi götürə, yeyə və hiss edə bildiyimiz üçün?

Çox az, bəlkə də heç birimiz. Amma ətrafın gözəlliklərini görə bilməyənlər, təbiətin səslərini eşidə bilməyənlər, əzizlərinə bir xoş söz deyə bilməyənlər var…

Yazda otların, payızda yarpaqların, qışda isə ağappaq qarın üstündə gəzə bilməyənlər, bütün uşaqlar kimi qələm götürüb günəşin şəklini çəkə bilməyənlər var…

Uşaqların şikəst doğulmasına səbəb çox zaman irsi xəstəliklərdir. Nədir irsi xəstəliklər? Sübut olunub ki, karlıq, korluq, zehni zəiflik, şizofreniya, cinsi inkişafın, boyun ləngiməsi, skelet pozğunluqları, şəkərli diabet, hipertoniya xəstəliyi, bronxial astma, bir sıra allergik xəstəliklər, ateroskleroz, xora xəstəliyi, epilepsiya, böyrək patologiyaları, sonsuzluq, keçəllik və s… irsi mənşəlidirlər.

İrsi xəstəliklər çoxşaxəlidir: Bu xəstəliklərin başlıca səbəbi qohum nikahlar və tibbi müayinədən keçmədən evlənən cütlüklərdir. Çünki qan analizi nəticəsində irsi genetik xəstəlikləri olan gələcək valideyinlərin evlənməsi tibbi nöqteyi-nəzərdən yolverilməzdir. Doğulan şikəst uşaqların əksəriyyəti bu evliliklər nəticəsində dünyaya gəlir. Maraqlısı budur ki, belə ailələrdə 3-4 uşaq şikəst olaraq doğulduqdan sonra məsələdən xəbərdar olurlar ki, bu xəstəliyin səbəbkarı ya ana, ya da atadır. Bəzən şikəst doğulan uşaqların cərrahiyyə üsulu ilə müalicəsi tamamilə mümkün olur. Ancaq yenə də xəstəyə həkim nəzarəti mütləq olmalıdır.
Bir çox irsi xəstəliklərin inkişaf etməsinə səbəb olan mutasiyalar xromosom səviyyəsində deyil, genlər səviyyəsində baş verir. Bunları isə xromosom analizləri aşkara çıxarmır.

Bir çox insanlar tərkibindən, kimyəvi təsirindən xəbərsiz olduqları dərman preparatları qəbul edirlər. Bu maddələr orqanizmdə gedən fizioloji və bioloji prosesləri ləngidir və hüceyrə səviyyəsindən başlayaraq patologiya əmələ gəlir. Bu proseslərin son nəticəsi isə orqanizm balansının pozularaq irsi və irsi olmayan xəstəliklərə düçar olmasına şərait yaradır.

Genetik xəstəliklərin digər səbəbi isə son dövrlər ətraf mühitin çirklənməsi, müxtəlif kimyəvi silahlardan istifadə olunması və tullantı məhsullarının havaya, suya buraxılmasıdır: “Radiasiya buraxan kimyəvi silahlar canlı kütlənin genofonduna bilavasitə təsir edir. Doğulan xəstə uşaqların əksəriyyəti elə bu şüalanmaların qurbanı olur. Qidalanma və qidaların tərkibi də orqanizmdə yaranan xəstəliklərə təkan verən amillərdir. Ümumiyyətlə, ekoloji problemlər canlı orqanizmlərdə mutasiya əmələ gətirir. Doğulan uşaqlar arasında anadangəlmə qüsurlu uşaqların sayı artmaqdadır.

Bəs biz onların nə hiss etdiyini, necə yaşadığını və nələr yaşadığnı bilirikmi?
Bəziləri onları heç yada salmır.
Bəziləri onların yaşamağına daha da əngəl olur.
Bəziləri isə əlillərə köməklik edənləri fanat və ağılsız adlandırır.
Hətta, keçən vaxtlarda Qroznıda “Nəsilləri qoruyun” adlı əlil və şikəstlərə yardım edən qeyri-hökumət təşkilatının iki üzvü oğurlanaraq güllələnmişdi. Təşkilat Çeçenistan müharibəsinin gənc qurbanlarına və əlillərinə tibbi və psixoloji yardım edirdi. Yardım olunanlar arasında müharibə zamanı şikəst olmuş, qolunu, ayağını itirmiş uşaqlar da vardı.
Belə hallar az deyil.

Unutmaq olmaz ki, əlil və şikəst uşaqlar xoşbəxt olmağa layiq bədbəxtlər…
Bilirsinizmi ki, ağır şizofreniyaya mübtəla olan uşaqlar çox yaşamırlar. Onların beynində inkişaf getmir, buna görə də 12-14 il ömür sürürlər…
Amma onlar da hamı kimi həyatdə dostlarıyla oynamaq və qaçıb əylənmək istəyərdilər.
Bəli, Onlar yaşayırlar. Bizlərdən fərqli olaraq, niyə və nə üçün yaşadıqlarını bilməsələr də. Kimə lazım olub-olmamalarının fərqinə varmasalar da. Düşünmək, fikirləşmək hissindən çox-çox uzaq olsalar da.

İnternatlar var, bəli.
İnternat evlərinə yardım edənlər də var.
Xeyriyyəçilər də gəlirlər. Qida məhsulları, çox zaman geyilmiş paltarları toplayıb gətirirlər.
Amma çox internatlar təmirsiz və köhnəlmiş vəziyyətdədir, natəmizliklər də var.
İnternatlarda təqribən hər 20 uşağa bir dayə var.
Bəzən doğmaları belə öz şikəstindən yorulur, cana gəlir. Bəs bu dayələrdən onlara qarşı daimi məhəbbət ummaq olarmi – özü də verilən çüzi maaşın qabağında?

Həyatın dibinə atılmış uşaqlarla hər bir ailə maraqlansa olmazmı?
Heç olmasa az-çox imkanı olan ailələr?
Görəsən, taleyinə şikəstlik yazılmış uşaqların həyatı elə beləmi davam edəcək?
Görəsən ağ günündə belə yada düşməyən bu əlillərin yerinə bircə gün belə olsa olmaq istəyərdikmi?

Afaq ŞIXLI
Şairə, “Nicat” Azərbaycan Qadınlarının Xeyriyyə fondunun idarə heyətinin üzvü.
Moskva


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir