“GÜNAHSIZ”” QATİLLƏR?!”


"GÜNAHSIZ" QATİLLƏR?!
Ana olmaq hər bir qadının haqqı, borcu və vəzifəsidir.
Amma ana olmağa hazır olmayan qızlarımızın nələr törətdiyindən xəbərimiz varmı? Azərbaycan qadınının adını iftixarla çəkərkən, gənclərimizin düşdüyü bataqlıqdan xəbərimiz varmı?

Məlumat:
Ana 3 günlük körpəsini Kür çayında boğdu…
Masallıda boş qəbirdən yeni doğulmuş qız uşağı tapıldı…
Zibildaşıyanlar Alatava zibilliyi yaxınlığında bələkdə ağlamaqdan bayılmış körpə tapdılar…
On dörd günlük çağanı məscidin həyətinə atdılar…

Həmişə bu cür xəbərləri eşidəndən sonra həmin körpələrin qatillərini, günahlarını üstündə daşıyan anaları (əgər onlara “ana” demək mümkündürsə), qadınına sahib çıxmayan kişiləri lənətləyirik. Göz yaşlarımız səssizcə içimizə axır. İnanmıram ki, evində körpəsi olan və ya nə vaxtsa olmuş insanlar bu xəbərləri sıradan bir xəbər kimi oxuyub keçsinlər. Bu tipli xəbərlər həmişə uzun müddət insanları öz təsiri altında saxlayır.

Təəssüflə «niyə» sualını veririk. Axı niyə belə hallar baş verir? Ardınca da müxtəlif cavablar gəlir:
Arzuolunmaz uşaqmış…
Uşağı saxlamaq imkanı yoxmuş…
Bic doğulmuşmuş, anası da el içində rüsvay olmamaq üçün onu atıb…
Qız uşağıdır, aldanıb, sonra da nə eləyəsini bilməyib…
Əri deyib ki, o uşaq bu qapıdan içəri girsə, özünü də, onu da ölmüş bil…
Və s… və s…

Hələ bu abortlar… Məlumatlara görə, ölkəmizdə abortların sayı 2000-ci ildə 17529, 2002-ci ildə 16635 olub. 2000-ci ildə 572, 2002-ci ildə isə 868 nəfər hələ 19 yaşa çatmamış qadın abort elətdirib. Rəsmi rəqəmlərə nəzər yetirsək, deməli, 3 ildə təkcə 19 yaşlı “qatil””lərin sayı 2070 nəfər olub. Görün gənclər ildə nə qədər canlını məhv edirlər!

Yəqin ki, dünyada insandan başqa öz balasını belə asanlıqla məhv eləməyi bacaran çox az sayda canlı var.
Çoxları iddia eləyirlər ki, arzuolunmaz uşaqları abort eləməkdən başqa çarə yoxdur. Hər hamiləlik doğuşla nəticələnsə, onda adamlar dünyaya sığmaz… Amma hamilə qalmamaq da olar. Bunun üçün ölkənin hər köşəsində qadın məsləhətxanaları, ailə planlaması mərkəzləri var. Abortun gündəlik həyatın bir hissəsinə çevrilməməsi üçün seriallara bir qədər az baxmaq, az qeybət eləmək, dedi-qodulara daha az zaman ayırmaq, arada tibbə, ginekologiyaya aid kitablar oxumaq və imkan olsa, internetdəki portallardan «hamiləlikdən necə qorunmalı» sözünə axtarış verib məlumatlanmaq lazımdır.

Gəlin, insan həyatını bu qədər ucuz tutmayaq.
Körpələrinizdən bu qədər tez vaz keçməyə tələsməyin, qadınlar!
Siz gələcəyin anasısınız!
Analar isə müqəddəsdir!
Ana dediyində gözlərin dolmalı, qadın dediyində iftixar duymalı, körpə dediyində nəvaziş hiss etməlisən!
Mən hələ də belə düşünürəm… Bəs siz?

Afaq ŞIXLI, Moskva
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir