HƏDSİZLİYİN SƏRHƏDDİ


Dağıstan sərhəddində nə baş verir? Nə baş verdiyi göz qabağında. Sadəcə görmək istəyən ya yoxdur, ya da…
Bitməyən cümlələr bitməyən problemlər kimidir. Bir nöqtə ilə nöqtələyə bilmirsən, çünki uzanır… İnsanımızın yerə uzandığı –uzandırıldığı kimi…

Nə ola bir sarı yarpaq olaydım,
Vətənin yelləri alaydı məni
Aşıb başı qarlı uca dağları,
Vətən torpağına salaydı məni.

İçimizdən içimizə o qədər sərhəd çəkilib ki… Dəmir Qapı Dərbənd də bizə sərhəddir. Tarixin sərt həddi. O tayında qaldığımız sərhəd.

Mövzu o deyil… Qəfil yaxalandığımız virusun mədhi-həcv (tərif-tənqid) fəsli bitməmiş-(ələlxüsus da Azərbaycanda görülən tədbirlərdən başqa ölkələrin də yararlanmasından ehtizaza gəlib sevinirkən) yenidən başa döndük. Niyə? Cavabı hamının əzbərində olan Üzeyir Hacıbəyovun “Biz necə iş görürük?” felyetonunda. Əzbəri pozmaq üçün yazmışdı…

Nə isə ki, koronavirusun açdığı paxırlar qalaylanmamış- yenə zibilə düşdük… Amma elə yenə də ona münasibətin həddini tutdura bilmədik. Xalqı- orada olanları cahillikdə (bunu mən demirəm-T.V.) suçlayanı da, halına yananı da haqlıdır, nə deyəsən. Haqlı – haqsız çıxartdığımız o adamlar o zaman “etdiklərinin ”cəzasına da, bəraətinə də qatlaşacaq!!!

Etdikləri –Evində qaxılıb oturmayıb “çörək üçün başqa qapılara düşdükləri”…

Etdikləri – Başqa qapılarında qəfil bir böhrana yaxalananda özlərinin, ailəsinin maddi təminatıını ödəmək gücündə olmamaları. Kirayə pulunu verə bilməmələri, bir az daha qalıb – tam əmin olmadan sərhəddə üz tutmaları… “Ölməyə Vətən yaxşı”-deyib yenə doğma ünvana doğru yol almaları. Bura qədəri hər kəsə aydındır…

Ən asan şey suçlamaqdır. Və mən də günahlandırıram. Guya “getmə, səni dolandıracam”” deyənimiz, qapısını açıb 2-3 ayın çətinliyinə birlikdə dözmək təklif edənimiz varmış kimi… (Olanların haqqına girməym də). Bir paket ərzaq və bəzi yardımlardan sonra…

Bu da bir ayrı mövzudur. Amma yeri gəlmişkən, ona da bir-iki kəlmə ilə toxunum keçim. Bəzilərinə “toxunsa” belə…

Mənə görə bəzi xırda- süni şəkildə düzənlənmiş “xeyriyyəçilik” missiyasını yerinə yetirənlərin reklam marafonu bitəndən sonra oradakılar da, onların durumu da unuduldu.

“Biz burada çadırlarda “əppək əldən su göldən”-deyilən timsallı qalmaq yox, evimizə qayıtmaq istəyirik”-deyə səsini çıxardanların nədənsə harayı eşidilmədi.

Bayaqdan özünə xal toplayanlar indi bunun “onların səlahiyyətində olmadığını” dilə gətirdilər. Onlar da haqlıdır. Əslində hamı haqlıdır. Evə dönmək istəyən də, evə dönmələrini təşkil etdiyini deyənlər də…

Bu siyahıda olub 70 gündən artıq bir türlü sırası gəlməyən də, sıranı gözlə deyən də..

“Evəgedirəm” portalına aldanıb – evə gedə bilməyənin günahı inanmasındaydı. Baxmayaraq ki, ötən dəfə bu barədə böyük bir təqdirlə yazmışdım.

QISA AÇIQLAMA: Dağıstan sərhəddində baş verənlər barədə yerindəcə məlumat almaq imkanım yoxdur. Lakin Dağıstandakı Rusiya Azərbaycanlıları Federal milli muxtariyytənin sədri Telman Tahirli son bir həftəyə kimi oradakılarla əlaqə saxladığını deyir.

Sosial şəbəkələrdə paylaşılan əlləri arxada üzü üstə yerə uzadılmış insanlar əks olunan o şəkilin orada çəkildiyinə də inanmır.

“2-3 gün əvvəl sərhəddə gələn insanların adının siyahıda niyə öndə olmasını bilmirəm. Və buna etiraz olaraq hiddətlənənləri də anlamağa çalışıram. Sərhədd əslində toxunulmaz –qorunan yerdir. Oradakı əsgərə daş atmaq, bu şəkildə davranmaq yolverilməzdir. Əslində bizim insana orada təhqiredici şəkildə deyil, qanun çərçivəsində davranılıb. Amma bildiyim qədəriylə insanlar yerə yatırılmayıb”-deyir Telman Tahirli.

Diaspor rəhbərinin dediyinə görə “Evəgedirəm” proqramı və ya ona cavabdeh olanlar bunu “azərbaycanlısayağılaşdırmasaydılar” bu qarşıdurma da olmazdı.

“Azərbaycanlısayağı”. Bunun anlamı da pozulmayan əzbərimizdə var. Hər yerdə işini “xətirlə-ətirlə” gördürmək. O üzdən yerə düşən üzlərdən hələ çox utanacağıq. Çünki yenə günahımız “haqlı-haqsız” hədsizliyin sərhəddini cıza bilməməyimizdədir. Üzeyir bəyin bilmədiyi “gəncəlinin, bakılının, şirvanlının anladığı “xəsiyyət” cəzası da yenə “haqlı-haqsız” olduğunu müəyyən edə bilmədyimiz o kəslərə kəsiləcək. “Xəsiyyət” cəzası verən hakim də gərək  “Xasiyyətini” dəyişsin. Yoxsa hədsizliyin həddi çox sərhədlərdə aşılacaq…

Üzümüz yerə düşüb, özümüz düşsək nə olacaq ki?!

Haqlı və ya haqsız olduqlarına kim qərar verəcək?

Tünzalə Vəliqızı,
Moskva
16.06.2020


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir