HƏMYERLİLƏRİMİZ “UÇURLAR”


HƏMYERLİLƏRİMİZ “UÇURLAR”
“UTair” aviasiya şirkəti 1999-cu ildən bəri öz təyyarələrinə məşhur şəxslərin adını vermək kimi gözəl ənənə yaradıblar. Bu, Tümen vilayətinin təbii sərvətlərinin istifadəyə verilməsində və mülki aviasiyanın inkişafında xüsusi əməyi olan görkəmli şəxslərin adlarına və əməllərinə hörmət rəmzidir. İndiyədək onlarca tanınmış şəxsiyyətin adı təyyarələrə verilib. İftixarla qeyd etmək lazımdır ki, mülki aviasiya gəmisi kimi səmalarda dolaşan təyyarələrdən ikisi həmyerlilərimizin adını daşıyır.

Bort nömrəsi RA-85056 olan Tu-154M təyyarəsi Tümen vilayətinin iqtisadi və sosial inkişafına böyük .şəxsi töhfə vermiş Nikolay Baybakovun adını daşıyır. Neft və qaz hasilatı üzrə ölkənin (SSRİ-nin) əsas bazası məhz Baybakovun bilavasitə iştirakı ilə Qərbi Sibirdə yaradılmışdı. Həmyerlimiz müxtəlif illərdə SSRİ Neft Sənayesi Xalq Komissarlığına, SSRİ-nin Cənub və Qərb Rayonlarının Neft Sənayesi Nazirliyinə, SSRİ Neft Sənayesi Nazirliyinə başçılıq etmiş, 1985-ci ilədək SSRİ Dövlət Plan Komitəsinin Sədri və SSRİ Nazirlər Soveti Sədrinin Müavini olmuşdur.
HƏMYERLİLƏRİMİZ “UÇURLAR”

RA-85805 bort nömrəli Tu-154M təyyarəsi isə Sibir neftinin ilk kəşfiyyatçısı, dünyanın ən məşhur alimlərindən və praktik geoloqlarından biri olan əfsanəvi həmyerlimiz Fərman Salmanovun adını daşıyır. F. Salmanovun həyat yolu salnamələrə sığacaq qədər zəngin və dinamik olub. O, 1970—1987-ci illərdə Tümen Baş Geologiya İdarəsinin rəisi və baş geoloqu, 1987—1992-ci illərdə SSRİ Geologiya nazirinin birinci müavini vəzifələrində çalışıb. Onun bilavasitə rəhbərliyi və iştirakı ilə Tümenin şimalında 150-dən çox “qara qızıl” və mavi yanacaq yataqları kəşf edilib. Boris Yeltsinin Rusiya Federasiyasının Prezidenti olduğu dövrdə Fərman Salmanov Rusiya Federasiyasının Energetika sənayesi naziri vəzifəsinə namizəd kimi təklif olunmuşdu. Bu barədə Mixail Poltoraninin “İqtidar trotil ekvivalentində” publisistik romanında ətraflı məlumat var.

“UTair” aviasiya şirkətinin hava gəmilərinə yuxarıda adları çəkilən həmyerlilərimizdən başqa sovet dövrünün və XX əsrin son rübünün görkəmli partiya, dövlət xadimlərinin adı verilib. Boris Şerbina, Vasili Baxilov, Viktor Muravlenko, Pyotr Panov, Roman Marçenko, Konstantin Lujetski, Vladimir Kuleşovdan ibarət kişilər dəstəsində bir qadın–Xantı-Mansiysk Vilayəti Xalq deputatları Sovetinin sədri olmuş, ictimai- siyasi xadim Antonona Qriqoryeva da var.

Cəfər Sadıq,
Moskva, iyul 2012-ci il.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir