Hər insan dünyada bir abidədir!


Ruhu ac olanın,
yükü nədir ki
Milyon ildə yetməz,
yaşamaq istər.
Hədəf gediləcək yoldur,
o yolda
Məqsəd bacarmağın
tən yarısıdı.

Daha bəsdir
deyib dayandığında,
İradən yarımçıq,
ömrün yarıdı.
Dünyanın hələ
çox bilinməzliyi,
Səni öz ruhunda,
səssiz döyəcək.

Səni bu azadlıq
arzularında
Təkcə öz xislətin,
özü öyəcək!

Təkcə sən, sən özün,
özünə inan.
Bax gör bu inamdan
gələn güc nədir,
Bəlkə də həmişə
özünü aşan,
Hər insan
ünyada bir abidədir!

18 oktyabr 2021

Bilirsən, aləmin ömrü yoxdur!

Hərənin tanrıdan
öz qisməti var,
Öz hicran qəmi var,
öz həsrəti var.
Yaqut yanaqlarda
əlvanlıq çoxdu!

Heyif ki, iblislə
bir ülfəti var,
Hər ömrün qəribə
nəsihəti var.
Qəriblik əzabdır,
bir şövq axtarma!

Dünyanın yüz dərdə
bəhanəsi var,
Behişti andıran
bulaq səsi var.
İncimiş ürəkdə
əsarət çoxdu. 

Onun da özüylə
ədavəti var,
Zərif könüllərin
 öz xisləti var.
Kamal sahibində
ağrılar çoxdu.


Ruhun öz cisminə
əziyyəti var,
Düşünən kəslərin
təlatümü var.
Canın qəm yükünü
daşıyan yoxdu!

Canın, öz cisminə
heyif, qəsdi var.
Unutma, canın da
bir Allahi var.!!!

Ümid də istəmirəm, sülh verin bizə!

Həyatın öz nisbəti
var, bilirəm.
Mən isə bütün mərmilərdən
xilas olmaq istəyirəm.

Fəqət,dünyada
ikiqat qaçışdı,
İkiqat atışdı,
qurtula bilmirəm.
Mən olduğum yerdə
müharibə,
olmaq istədiyim yer
sülh, sükünət.

Mənə açılan mərmilərdən
ehtimal ki ,öləcəm.
Heçliyimin bərq vuran
səthində intəhasızlıq,
öz-özlüyündə
heçliyə dönmüş
sülh arzusu
Və yoxluq.

 Öz mövcudluq faktımdan
beləcə qurtulacam.
Məsafəsiz dünyam,
məsafəsiz duyğular,
Bu abstrakt ikiləşmədə
bəlkə də budur əsl azadlıq.
Daha nifrəti də,
qəzəbi də duymuram,
Əzab çəkən şüuru,
dərk etməyə yoxdu imkan.

İndi dirəniş yox,müddəa yox.
İndi mübahisəni də,
müzakirəni də
miras qoydum sizə.
Amma bir xahişim var!

Ən yüksək dəyəri -insanı
Əxlaqın məqsədini,
həyatın amalını,
dogru çatdırın
nəsillərə.
Sakit, mətin sözlərlə,
aldatmaca olmasın.
Ümid də istəmirəm,
sülh verin bizə.

12 aprel,2021

 ***

Boğazında düyümlənən
O nədir, gizlədirsən
onu məndən ?
Yatmaliyam.
Elə yorğun üşüyürəm
Baxmayaraq əldən iti,
Ayaqdan da itiyəm.
Qələmimi saxlayanda,
Dəftərimi bağlayanda,
Qan döğrayır düşüncəm.

Bu səbəbdən yazıram,
Sən ey özüm,
muğayat ol özümdən.
Külək keçir,
payız keçir düzümdən!

***

Bir dolanbac ömür dağdı,
Çıxdığımız çəməndi.
Bu dünyaya,Ya səmaya
 Ya Allaha açılan əllər,
məğrur -məğrur pərəndi.

Yarımvəhşi çağ gedib,
ilahi bu nə dəmdi.!?
Uzuquylu çevrilmiş
bu dünyanın ayağı
Keçimmi ta üstündən,
İlk dəfə sevincimdən
qoy ağlayım,
İnanım ki, bu yer üzü
ən uca nərdivandi.

Mən də ən uca yerdən
süzürəm səmaları…
Hər daşda bir çiçəyi,
Hər yarpaqda kəpənəyi,
Qucub -qucub uçuram.
Unuduram dərdi, səri.
Daşlardakı ilmələri sığallayıb,
Ustasına min təşəkkür yazıram.

Bilirəm ki, bu dünya
kəcavəli bir dəvə
Hər şey məcradan çıxıb,
dəvəlikdən çıxıb dəvə.
Yer üzündə,
ay üzündə şair
olub hər kəs də
Bir çiçək üzərinə,
kaş düşməyə bir kölgə…

Bir şeir üzərində kaş
olmaya bir ləkə.
Bir də baxdım daşlarında
qopub düşüb ilmələri
Uzuquylu çevrilmiş
 bu dünyanın ayağı.
 Ürəyimə qorxu damdı.
 Bu çıxdığım görən
 hansı nerdivandı.?

Pərvin ƏLİYEVA


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir