Harda qalmısınız, kəlbəcərlilər?



Harda qalmısınız, kəlbəcərlilər?-deyə fəryad edən Nəsib Nəbioğlunun harayına harayla

Xocalını fevraldan-fevrala, Kəlbəcəri apreldən-aprelə, Şuşanı maydan-maya xatırlaya-xatırlaya otuz ili verdik düşmənin səfasına. Harda qalmısınız, kəlbəcərlilər? Necə qalmısınız,neçə nəfər qalmısınız? Bilən varmı? Qayğınızı çəkən varmı? Qəm piyaləsini siznən birgə içən varmı? Xəyallarda siznən birgə Dəlidağa köçən varmı? Yaz gəlməmiş o əlçatmaz zirvələrə çixan, gədiklərdən keçən varmı? Şair Nəsib Nəbioğlunun yad diyarda nə çəkdiyini bilən varmı? İstisuda donan varmı? Qarlı dağda yanan varmı?

Cəfər Sadıq

Harda qalmısınız, kəlbəcərlilər?
Nəsib Nəbioğlu

HARDA QALMISINIZ, KƏLBƏCƏRLİLƏR?

Dağladı yad elin sərt qışı məni,
Qarsdı qaçqınların baxışı məni,
Tutdu çiçəklərin qarğışı məni,
Harda qalmısınız, kəlbəcərlilər?

Bizi ovudurlar, kişi ağlamaz,
Ahı-naləsiylə sinə dağlamaz,
Kəlbəcər yarası qaysaq bağlamaz,
Harda qalmısınız, kəlbəcərlilər

Səyirdin atları, yorun, çatlasın,
Dağıdın sədləri, qırın, çatlasın,
Sonra deməsinlər, gorun çatlasın,
Harda qalmısınız, kəlbəcərlilər?

Bu qəflət sirrinin açın, dərdini,
Yad əldə yolunan saçın dərdini,
Qubadlı, Kəlbəcər, Laçın dərdini,
Harda qalmısınız, kəlbəcərlilər?

Gözümdə həsrətim ilmə-ilmədi,
Vaxt-vədə ötüşdü, bir kəs bilmədi,
Ağ atlı oğlan da getdi, gəlmədi,
Harda qalmısınız, kəlbəcərlilər?

Günün, ayın, ilin gözəl çağında,
Ruhumuz daşlanır şər qalağında,
Bizi yatırtdılar fil qulağında,
Harda qalmısınız, kəlbəcərlilər?

Hər gün öləziyir ümidin şamı,
Məni qınayırsa, qınasın hamı,
Yaman kövrəlmişəm bu yaz axşamı.
Harda qalmısınız, kəlbəcərlilər?

Nisgildən, həsrətdən tutulub şələm,
Məlhəm olmur mənə bu dərdli qələm,
Xəbər edəsiniz yüyürəm, gələm,
Harda qalmısınız, kəlbəcərlilər?

Üstümüzdən müjdə yeli əsmədi,
Görək yaxşı nədi, görək pis nədi?
Səbrimizi Allah niyə kəsmədi?
Harda qalmısınız, kəlbəcərlilər?

Nəsib bülbül kimi, yad qəfəsdədir,
Gözü yolda qalıb, könlü səsdədir,
Heç çimir eləmir, ayaq üstədir,
Harda qalmısınız, kəlbəcərlilər?

Moskva, 01.04.2020

Harda qalmısınız, kəlbəcərlilər?
Harda qalmısınız, kəlbəcərlilər?
Harda qalmısınız, kəlbəcərlilər?
Harda qalmısınız, kəlbəcərlilər?
Harda qalmısınız, kəlbəcərlilər?
Harda qalmısınız, kəlbəcərlilər?
Harda qalmısınız, kəlbəcərlilər?
Harda qalmısınız, kəlbəcərlilər?


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir