HİDDƏT- İKİ DƏYƏR


HİDDƏT- İKİ DƏYƏR
Müstəqillik dövründə qazandığımız iki sabit dəyərimiz var.

Biri əbədidir. İkincisi əbədi olmağa çalışsa da gedəridir.

Hər ikisinə görə başımız aşağıdır. Birini qoruya bilmədiyimizə, ikincisindən qoruna bilmədiyimizə görə.

İkinci birincinin sayəsində yaranıb, onun sayəsində mövcuddur, onun arxasında gizlənir, dünyaya özünü onun rəşadəti ilə tanıtmağa çalışır, onun haqqını yeyərək yaşayır.

Birinci pakdır, təmizdir, ucadır, gəncdir, susqunluğu və hərəkətsizliyi ilə güclü, möhtəşəmdir.

İkinci arınmağa möhtac qədər natəmiz, yüksəkdə yerləşsə də aşağılıq, ixtiyar, danışanda da, susanda da özünü daha çox rəzalət quyusuna gömən zəifdir.

Birincinin müddətini vicdan, Vətən uğrunda fəda ola bilmək məhəbbəti, Ana torpaq qarşısında borc, sinəsinə tuşlanan, kürəyinə saplanan xəyanət zərbələri müəyyən edib.

İkincinin müddətini vicdanın yoxluğu və ya susdurulması, Vətənin sərvətini sormaq məharəti, Ana torpağı çəpərləmək hərisliyi, günahsız olan başqalarını şərləmək, əzmək, üzmək, sındırmaq ustalığı peşkəş edib ona.

Qonşudurlar. Hər gün görüşürlər. İkincinin başqa işlər amacıyla dünya səyahətində olmadığı zamanlarda, əlbəttə.

İkinci birincini ildə bir-iki dəfə özəl günlərdə özəl diqqətlə yad edir. Bir neçə saatlıq. Rəsmi hissə deyilən vaxt bitiminə qədər. Hətta müqəddəs kitabdan bir-iki kəlmə də mızıldanır dodaqaltı. Sonra birincinin gözündən iraq yerə, onların sayəsində yiyələndiyi cənnət yuvasına yollanır. Hər şey təkrar və yorucu olsa da eyni təriflər, eyni sağlıqlar, hətta arabir birincinin ruhu da yad edilir.

Hər ikisinin bir coğrafiyası var. Birincinin yaxınları da özləri kimi susqun, əzgin, üzgündür. İkincinin yaxınları onlarla heç cür kəsişmir. Səmtləri, yönləri fərqlidir.

Birincinin yaxınları öz yağında qovrulur, yol tapmayanda həmişəlik birincinin yanına köçürlər.

İkincinin elə dərdi yoxdur. Olsa-olsa gediləcək ölkə, yeyiləcək təam, süruləcək maşın markalarında dartışmalar olar.

Birinciyə müddət şamil edilmir. İkinci beş ildə bir ölüb-dirilir.

Birinin adı Şəhidlər xiyabanıdı, ikincisi Milli Məclis.

Cəfər Sadıq,
Moskva, 12 fevral 2020-ci il


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir