Hüzn – AĞLA, GÖZÜM, AĞLA


Hüzn - AĞLA, GÖZÜM, AĞLA

Şirməmməd Müəllim…Adı ilə, varlığı ilə, məntiqi və yaddaşı ilə, ədəbi-ərkanı ilə, natiqliyi və kübar sadəliyi ilə, cümhuriyyət və istiqlal sevgisi ilə, Məmməd Əmin vurğunluğu və Azərbaycan sevdası ilə, yorulmadan, usanmadan öyrənmək, öyrətmək qabiliyyəti ilə, dünyanın siyasi portretini qırx beş dəqiqədə rəngarəng şəkildə canlandırmaq məharəti ilə, dostluğa sədaqəti, ailəyə məhəbbəti ilə, cümhuriyyət tariximizin hər səhifəsini ən dəyərli inci kimi əzizləyib günümüzə gətirməsi ilə, bizi biz olmağımızla qürurlandırması ilə, daha min bir fəziləti və məziyyəti ilə hafizələrdə, gözlərdə, qəlblərdə taxt qurmuş insan əbədiyyətə qovuşdu.


Acı xəbəri əvvəlcə tələbə dostum, professor Qafar Çaxmaqlıdan eşitdim. Sarsıldım desəm eşitdiyimə inanmaq istəmədim desəm, o anda keçirdiyim hissləri tam dilə gətirdiyimə inanmıram. Ağlımla Müəllimin sinninin kifayət qədər olduğunu dərk etsəm də bu xəbərə hazır deyildim. İki səbəbə görə. Birincisi, müsahibələrinin birində yüz il yaşayacağına “söz vermişdi”. İkincisi də cəmi bir neçə gün əvvəl başqa bir tələbə dostum professor Qulu Məhərrəmlinin Şirməmməd müəllimlə və sevimli ziyalımız Ramiz Abutalıbovla bir yerdə çəkilmiş şəklinə həsədlə baxıb imkan olan kimi o gözəl əhatədə olmaq istəmişdim.

Sonra günün “çaparı”, “qasidi” votsap bir səsli yazı gətirdi. Gəncədən göndərilmişdi. Həyat yoldaşımın bacısı (baldızım) Sədaqət xanım göndərmişdi: “Ötən gecə Şirməmməd Hüseynovun vəfatı xəbərini verdilər. Onu nə qədər sevdiyini bilirəm, ona görə sənə müəlliminin vəfatı ilə əlaqədar başsağlığı verirəm. Allah rəhmət eləsin!”

Bizə başsağlığı diləyin! Azərbaycana səbir diləyin! Şirməmməd müəllim rühən qəlbimizdəki taxtında yerini əbədiləşdirdi, cismən vurğunu olduğu Azərbaycana qovuşdu, sevdikləri cümhuriyyət qurucularının hüzuruna üzüağ, qəlbi Qarabağ nisgilli getdi.
Ağla, gözüm, ağla!

Xidmətləri sadalanmaqla bitməyən, elmə, tarixə verdiyi töhfələr yüzlərlə məqaləsində, kitabında bizə yadiqar qalan, ən böyük titulu İNSAN olan Şirməmməd müəllim Azərbaycan jurnalistikasını, yetişdirdiyi yüzlərlə mütəxəssisi yetim qoydu.

Yeri behişt olsun! Onu tanıyanlar, təmasda olanlar, mühazirəsini, nəsihətini, söhbətini dinləyənlər, başınız sağ olsun!

Cəfər Sadıq,
Moskva, 25 iyun 2019


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir