Hüzn –NECƏ DEYƏK DOSTLARINA?


Hüzn --NECƏ DEYƏK DOSTLARINA?
Ağır mərəzdən əziyyət çəkdiyini yaxınları bilirdi. “Yaxınları” dediyim mübaliğəsiz Moskvada yaşayan həmyerlilərimizin demək olar hamısı idi. Əfsuslar olsun ki, amansız xəstəliyin pəncəsindən onu almaq mümkün olmadı və 61-ci yaşını doldurmağa bir gün qalmış mayın 3-də aramızdan ayrıldı. Hamımız yanına getməyə, yoluxmağa, təskinlik, təsəlli verməyə can atırdıq. Amma mətinliklə sinə gərdiyi xəstəliklə çarpışmasını bizim görməyimizi istəmirdi. O vəziyyətində bizim üzülməyimizə qıymırdı.

Saleh Xudiyev Moskva azərbaycanlılarına öz dillərində verilişlər eşitmək imkanı verən ilk paytaxt teleşirkətinin yaradıcısı, onlarla gənc jurnalistə həyat, peşə vəsiqəsi vermiş, onlarda özlərinə inam yaratmış, hər biri ilə öz dilində danışaraq onları bizim üçün, tamaşaçılar üçün kəşf etmiş bir insan idi. Yalnız bu sahənin deyil, ümumiyyətlə ideoloji təbliğat sahəsində milli qurum yaratmağın nə qədər müşkül olduğunu elə hər gün rəsmi və qeyri-rəsmi kanalları izləyərkən görürük. Mövcüd kanallarda söz demək imkanı zorla məhdudlaşdırılırsa, milli teleşirkət yaratmaq qarşısında yüzlərlə görünməyən sədlər qoyulur. Buna baxmayaraq Saleh Xudiyev “İnteraz” şirkətini tanınan, baxılan və bu gün də yaşayan on beş illik bir kanal etməyə müvəffəq oldu.

Şikayət etməyi sevməzdi. Amma sözarası dediklərindən daim mübarizə aparmalı olduğu, əsas işdən çox əngəlləri aradan qaldırmağa vaxt itirdiyi bilinirdi.

Üzücü xəbəri günün ikinci yarısında aldıq. Jurnalistlər arasındakı sarsıntını təsəvvür etmək belə qeyri-mümkündür. Onların ilk reaksiyasını və Saleh müəllimlə bağlı dediklərini dinləmək, oxumaq necə bir həmvətənimizi itirdiyimiz barədə az da olsa təsəvvür yaradır.

Anar Həsənov, LiderTV-nin Rusiya nümayəndəsi: Bir az əvvəl Saleh Xudiyev dünyasını dəyişdi, oğlu Bakıdan zəng vurdu. Heyif. Fərqli adam idi. Mehriban, təvazökar. Moskvada mənə ilk dəfə sənətimə görə “uğur olsun” süfrəsini Saleh müəllim açmış, məni çox hörmətlə qəbul eləmişdi. Özü haqda heç danışmazdı. Kübar davranışı vardı. Bir-birimizin qədrini sağlığımızda bilək.

Roman Ağayev, Ymumrusiya Azərbaycanlılar Kongresi Nijni Novqorod bölməsinin rəhbəri: Çox sarsıldım. Sabah ad günü olduğunu bilirdim. Zəng edib təbrik eləməyə hazırlaşırdım. İndi nəsə demək mənə çətindir. 2003-cü il noyabr ayının sonu idi. İnterazın ofisi Koptev bazarı deyilən yerin yaxınlığındaydı.Şəhəri pis tanıyırdım. Zor-bəla tapdım. Məni o saat işə götürdü. Diasporaya vəsiqəni mənə o verib. Həmişə aramızda dərin hörmət və sayğı olub. Qəbri nurla dolsun!

Aydın Mehdiyev, siyasi icmalçı, Paris diplomatik və strateji tədqiqatlar mərkəzinin müxbir üzvü: Roman, mən də o günləri yaxşı xatırlayıram.Həmin vaxt Saleh müəllim mənə İnterazda həftəlik analitik proqram aparmağı təklif etdi. Səninlə tanışlığımız da onun sayəsində oldu. Onda biz gənc və sadəlövh idik. Bizə peyk vasitəsilə Azərbaycanda baxılacağına çox sevinirdik. Tezliklə kanalı bağladılar. Saleh müəllimə mane olan qüvvələr vardı. Amma o heç vaxt təmkinini pozmur, ağayana davranışı ilə bizdə inam yaradırdı.

Tünzalə Vəliqızı, Yeni səs informasiya portalının rəhbəri: Bu xəbər məni çox, lap çox üzdü. O mənə Moskvada bir böyük qardaş qədər əziz idi. Mən ona zəng eləməyə çəkinirdim. Amma o özü vaxtaşırı zəng edir, hal-əhval tutur, niyə redaksiyaya gəlmirsən deyə məzəmmət edirdi. Heyif ki, Moskvadakı ləyaqətli Azərbaycan ziyalılarından birini də itirdik, o da dünyaya Qarabağ nisgili ilə əlvida dedi.

Nəsib Nəbioğlu, şair, Rusiya və Azərbaycan Yazarlar birliklərinin üzvü: Bu nə böyük itkidir, Allah? Nə yaşı vardı ki Saleh müəllimin? Adam inanmaq istəmir, amma əfsuslar olsun, seyrəlir sıralarımız. O da vətənsizliyə tab gətirmədi. Nə qədər ki, torpaqlarımız yağılardan təmizlənməyib, dəyərli insanlarımız vaxtsız köçəcək bu dünyadan.

Fərid Əkbərov, APA-nın Rusiyadakı nümayəndəsi: Bioqrafiyası zəngindir Saleh müəllimin. 1955-ci li mayin 4-də Ağdamda anadan olub. Kənd Təsərrüfatı texnikumunu, sonra İnşaat Mühəndisləri İnstitutunu bitirib.Uzun illər xarici ezamiyyətdə olub. “Azmas” teleşirkətini, “Sara” teleradio şirkəti yaradıb. “Mir” televiziya kanalının Moskva nümayəndəsi olub və 2001-ci ildə İnteraz televiziya şirkətini yaradıb. Azərbaycan teleməkanında tanınmış mütəxəssisdir.

Tünzalə Vəliqızı: Saleh müəllim İnterAz-a görə ermənilərdən təhdidlər aldığını da deyirdi.

Acı xəbəri eşidən hər kəsdən bir ah nidası duyduq. Açığı, çoxuna da deməyə cəsarət eləməmişik hələ. Necə deyək dostlarına?

Oğluna təskinlik, ailəsinə başsağlığı verməkdən, xatirəsinin bizim üçün həmişə əziz olacağını dilə gətirməkdən başqa əlimizdən nə gəlir ki?!

Allah rəhmət eləsin!

ZİYALILAR ADINDAN: Cəfər Sadıq Abbasov, Zirəddin Rzayev, Nəsib Nəbioğlu, Ramiz Abutalıbov, Məmməd Quliyev, Sərdar Abdullayev, Mirəşrəf Fətiyev, Sabir Həbibov, Azər Cahangirov, Aydın Mehdiyev,Tünzalə Vəliqızı, Anar Həsənov, Roman Ağayev, Fuad Abbasov, Fərid Əkbərov, Şəhriyar İmanbəyli, Fuad Səfərov, Vaqif Rzayev, Yusif Əmiraslanov, Mərdan Feyzullayev, Rabson Məmmədov, Eldar Abbasov, Abuzər Bağırov, Qüdrət Qurbanov, Paşa Quliyev, Rafiq Qafarov, Rafiq Quliyev, Bella Musayeva, İlhamə Qurbanova, Mehman Məmmədov, Alşan Zakirov, Kamran Rüstəmov, Camal Camalov, Əvəz İbayev, Yavər Həsən, Validə Məmmədova, Qorxmaz Axundov, Elçin Abdullayev, Füzuli Fərəcov, Mehman Şükürov və başqaları.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir