İKİ MƏKTUB…


Düz beş il öncəsiydi bu məktubu yazdığımda. İlaxır çərşənbəyə keçən gecənin bir vaxtında gördüm ki məni bürüyən bütün nostalji hiss və duyğularımı məktub şəklində göndərmişəm Nazim Muradov Dostuma biixtiyar.Keçmiş dünən olsa da yaşananlar ən həzin,incə xatirələriylə bir də görürsən ki kitab kimi vərəqlənir gözlərin önündə,yada düşər nələr,nələr…

Oktay Rıfat demişkən, “Çünki hatıralar kuşlar kibi Dal istər konacak…”

Və bu məktub da ona yazılan cavab da şirin xatirələrin iki budağıdır birisi Ukraynadan,digəri Kuzey Kıbrısdan qonur uşaqlığımızın şirin çağlarına, Keçi Dağının zirvəsində qalanan çərşənbə tonqalına,təndir damının üstündən qonşu həyətlərin göz oxşayan bayram yeməyi qazanlarını tüstüləndirən ocaqların xoş qoxusuna,yumurta çaqqışdırmasına,qurşaq atmasına daha nələrə, nələrə…

Və həmin iki məktub…

İlaxır çərşənbəsinə keçən  bir  gecə yarısında nostalji hisslərim birdə gördüm ki məni Kuzey Kıbrısda yaşayan qədim Dostum Nazim Muradova götürürərək bunları pıçldayır…

Və mən də Ona bu məktubu yazdım…

“ Salam Nazim qardaşım!

Mən də sənin kimiyəm – keçmişin gözəl, işıqlı xatirələrinə heç zaman doymuram. Hələ bir də ömrünə biçilən qürbət payı varsa, alıb aparır qanadlarında köhnə cığırlara, məkanlara.

Sənə göndərdiyim bu xatirə yazısı “dolan buludun boşalması” kimi bir şeydir…

Hərdən elə bilirsən ki, hamı var, amma bir də görürsən ki heç kim yoxdur.

Və bu kiçik xatirəmi yazarkən hep Səninlə paylaşmaq ta əzəlindən ağlımın, ruhumun baş köşəsində dururdu zatən.

Dərin Dost sevgilərimlə…

Güney Azərbaycan Culfasında Keçi dağı

və uzaq ilaxır çərşənbəsinin xatirəsinə şirin bir səyahət…

“Heydər Baba, Quru gölün qazları,

Gədiklərin sazaq çalan sazları,

Kənd-kövşənin payızları, yazları,

Bir sinema pərdəsidir gözümdə,

Tək oturub, seyr edərəm özüm də.”

Məhəmməd Hüseyn Şəhriyar.

Bu Dağın biz Culfalılarda olduqca dərin, nostaljik və qəribə xatirəsi, yaddaşı vardır. Culfadakı evimizin beşinci mərtəbəsinin balkonu düz Keçi Dağına açılır. Darıdağdan üzü Arazboyu Keçi Dağına, yay-qış başı qarlı Kəmki Dağına doğru qatarlanan “durnaların toyu”nu uşaqlığımızda sonsuz və heç bir zaman ləzzətindən doymadığımız uşaq sevinciylə seyr etməyimiz başqa bir aləm idi…

Çərşənbə tonqalını Quzey Culfası, məhəllələr həmişə Keçi Dağının tam uca zirvəsində qalanan tonqalı gördükdən sonra çatıb, yandırardı. Lap “Dədə Qorqud” dastanındakı kimi hər kəs bu Dağın təpəsindəki tonqalı görəndə elliklə şənlənirdi qeyri ixtiyari olaraq bu mənzərədən. Xəyalən iki Culfa da bir Culfada birləşirdi, bütünləşirdi elə bil…

Bir də beş-altı yaşlarımda kəndimizdə – Yaycıda ilaxır çərşənbəsi xatirəvi yaddaşımın ən işıqlı səhifələrindən biridir. Rəhmətlik Dadaşım (babamıza adətən bu cür müraciət edərdik-M.İ), nurdan yoğrulmuş Pərizad nənəm, Eyvaz əmim, Afət bibimlə birgə təndir damımızın üstündə möv odunlarından qaladığımız tonqalda, əmimin məni qollarımdan yapışaraq bu tonqalın üzərindən olduqca şən enerji və duyğularla, “ağırlığım, uğurluğum tonqala” söylədərək var gücüylə fırlayıb yelləməsi və bundan aldığım uşaq ləzzətinin dadı hələ də damarlarımda, ruhumdadır…

Bu çərşənbənin ən gözəl mənzərəsi, hamının təzə paltar geyinib damın üstündən biri-birini görməsi, əl edərək, haraylaşaraq biri-birilərini təbrik etməsi idi.

Damın üstündən ovuc içi kimi görsənən həyətlər, ocaqlarda asılan qazanların altından qalxan tüstü və burunlara dəyən xoş qoxular adamda özlüyündə hiss etmədiyi başqa bir şən ovqat yaradırdı biixtiyar…

Hamının üzündə güllər açardı elə bil…

Bayram süfrəsində olduqca dadlı pilovu yarımçıq qoyaraq nənəmizin ağzı iplə büzməli hazırladığı torbaları götürüb qurşaq atmaq üçün ildırım sürətiylə götürülərdik evdən. Adətən bu, qaranlıq çökdükdə başlatılardı. Qurşaq atarkən (bizdə torba atmaq bu cür də ifadə olunurdu-M.İ) üzümüz görsənməsin deyə qapını bərk-bərk tutardıq və torbamıza pay qoyulduqdan sonra çəkərdik. Ev-ev, qapı-qapı qurşaq atardıq torba dolanadək…

21 martda qeyd olunan Novruza isə biz “Yumurta bayramı” deyərdik. Bir ay qabaq bərkləşməsi üçün duza basdırdığımız yumurtalar, poçt posılkalarına vurulan möhürü əridərək “sirquş” yumurtalar düzəltmək başdan ayağa bir həyəcan idi:

“Yumurtanı göyçək, güllü boyardıq,

Çaqqışdırıb sınanların soyardıq,

Oynamaqdan bircə məgər doyardıq,

Əli mənə yaşıl aşıq verərdi,

İrza mənə novruzgülü dərərdi…”

(Şəhriyar).

Novruz günü həmçinin “Görüş” olardı. Bütün yaxın-uzaq qohumlar, qonşular biri-birinə hədiyyə, pay apararaq bayramlaşardılar.

Və Ukraynada oturub bu sətirləri yazmaqla, qərib duyğuların kövrək təsiriylə keçmişə kiçik bir səyahət oldu eyni zamanda mənim üçün… Bütün olanlar, keçənlər bir film kimi keçdi gözlərimin önündən…”

P.S. Və ən kədərlisi odur ki, övladlarımız bizim yaşadığımız bu hissləri yaşamırlar. Hara getsək də, ürəyimizdə daşıdığımız məmləkəti nə yazıqlar olsun ki bu qürbət torpaqlara sığdıra bilmirik ki, bilmirik. Çünki ruhumuza qatmaq istədiyimiz Yurd sevgisi çox bikef və boynu büküklüklə təlx olunmuş ovqatda çırpınır, çabalayır indimizdə. Süni yurd, ocaq sevgisindən doğan hərarətli pafoslar əsla təsəlli yeri deyildir…

Zaman da, məkan da fərqlidir, qürbətçilik məncə bu mənada hörülən ən qalın divardır. Bəyənmədiyimiz Sovetlər dönəmində bu hissləri ən təbii şəkildə bizlər yaşamışıq, indidə isə heç bir şeyin dadı və duzu qalmayıb.

Şəhriyarın “Heydər babaya salam” poeması, xüsusilə də ilaxır çərşənbə və Novruzla bağlı misralar biz və bizdən öncəki nəsillərin ən təbii şəkildə, bəzəksiz-düzəksiz yaşadıqlarının şairanə tərənnümüdür. O keçmiş, bir zaman yaşadığımız hisslərə, həyəcanlara ancaq bu gün səyahət edirik sadəcə, vəssalam…

Elə bil hər şeyimizi maziyə gömmüşük, hətta tariximizi belə…

ALLAH 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə müvəffəq olmuş Şıxəli Qurbanovun məkanını cənnət etsin!

Görəsən bir daha o Bayram Ruhunu daşıyacağıqmı?!

Məhəmməd İsrafiloğlu.

Məktubuma gələn cavab isə ruhumu yerindən oynatdı…

 Her vaxtınız xeyir olsun, deyerli Mehemmed qardaşım,

İlin axır çerşenbesine bir gün qala bu xatireni gönderib bizi keçmiş günlere apardın (ötken künlerge alıp bardın) …

Bu gözel xatireni yazarken meni düşündüyün, onu menimle paylaşdığın üçün minnetdaram.

Senin Keçi Dağı xatiren eslinde bir neçe esrlik hesret dolu milli-etnografik yaşanmışlığın (etnografik yaddaşın) tezahürüdür. Yeraltı suları bir anlıq torpağın üstüne çıxıb tekrar torpaq ananın betnine çekildiyi kimi senin bu xatiren de kemişin ziplenmiş (sıkıştırılmış) şeklidir. Bu kiçik yazıda gör ne qeder ince nöqteye toxunursan (men hamısını deyil, bir neçesini yazıram):

Keçi Dağı – Güneydedir, her gün havasını udduğun, el uzatsan yeten, amma ayaq basammadığın, qoynuna çıxıb bir çiçek deremmediyin Veten torpağı…

Darıdağ – Quzeydedir, eyni sıra dağların davamıdır, aradan Araz axır, bir zamanlar dere olan bu çay iki yüz ilden beri qardaşı-qardaşdan ayırır… Keçidağın salamına duran Darıdağ. Suları Güneydeki qardaşların derdine de derman olmağa hazırdır.

Durna toyu – insanoğlunun çekdiyi serhedleri vecine almayan özgür quşlar. Onlara hesed aparmağın normaldır. Rehmetlik Şahmar Ekberzade’nin Naxçıvan şeirlerinden birinde -qurduğu yuvaya güneyden-quzeyden çöp daşıyan quşlara hesed dolu- bu misralar vardı:

Serhed kenarında, cavan yaşımda

Hesedim utanıb yere girirdi.

İki quş dimdiyi – ağac başında

Veteni Vetene birleşdirirdi.

Aile – en az üç nesil bir arada. Perizad nenen, Afet bibin, Eyvaz emin… Ataerkil (patriarxat, pederşahi) aile. Bizim de neneli-babalı, emili-bibili (dayılı-xalalı) vaxtlarımız vardı. Onların çoxu yene var, amma uşaqlarımız bu müqeddes sosioloji yapının ne olduğunu bilmirler…

Çerşenbe tonqalı: İlde bir gün, bir neçe deqiqe, hetta bir neçe saniye yaşanan ve bizi tam bir il yaşadan heyecanın zirvesi…

Ateş simvolikası: Tekce ağırlığımızı-uğurluğumuzu tökdüyümüz deyil, baxıb xeyala daldığımız, xeyallarımızı “yandırdığımız” ve yandıqca lezzet aldığımız dörd ünsürden biri…

İki Culfanın bir olması arzusu: Arazın kirli suyunu abi-heyat kimi içmeyen anlamaz bunun ne demek olduğunu…

İlaxır çerşenbeler: Sen iki yüz illik tarixi sığdırmısan bu mefhuma, men de onun bir neçe anının üzerinde durmağa çalışmışdım…

Şehriyar: Bütünlüyümüzün simvolu…

Tonqal duası: İndi sen gel burada Şaman Ata ruhunun olmadığını sübut ele…

Uşaqları bayram sevinci: İlde bir neçe gün -sadece Novruz bayramında teze paltar geyine bilirdik. Yeni alınan paltarı, ayaqqabını bayramdan önce geyinmeye cesaret ede bilmezdik İlin uğursuz keçeceyine inanardıq. Derin meseledir…

Bayram qazanları: Emeyin, alın terinin, haqq etmenin, halallığın, bolluğun, bereketin, evin, ailenin, ocağın, yurdun, vetenin… simvolu…

Tüstülü (yanar) ocaqlar: Bacasından tüstü çıxan tekce Resul Hemzetovun ata ocağı deyildi… Bizim ocaqlarımız da tüstülü, işıqlarımız yanar idi. Anam ölenden sonra sadece yaydan-yaya evimiz şenlenir… İlim on iki ay qaynayan qazanlar sadece üç-dörd ay isinir… Keçdiyimiz illerde kende getmişdim. Evde ve heyetbacada heç kim yoxdu. Heyetde anamın tendirine girdim, tendirin (od çuxurunun) içi zibille doldurulmuşdu. Oturub hönkür-hönkür ağladım…

Bayram plovu: Keçdiyimiz illerde ermenilerle bir tartışmamız çıxmışdı -dolma haqqında. Ermeniler dolmanın onlara ait olduğunu iddia edirdiler. Bizimkiler de etiraz edib dolmanın patentini almışdılr. Sosial medyada bezileri bu meselenin önemli olmadığını dile getirince “Dolma deyib keçmeyin!” adlı kiçik bir yazı yazmışdım. Dolmanı sadece qarın doyuran bir qida kimi görmek deyil, ciddi tarixi-iqtisadi, kütürel-etnografi… deyeri olan bir simvol kimi qebul etmeyimiz gerekdiyini dile getirmişdim. Bayram plovu da axan sularımızın suvardığı hep bizim olan torpaqlarda yetişen (yetişdirilen) bitkilerin analı (qadınlı) ailelerimizde süfreye getirildiyi bir nemetdir… Dolmada da, plovda da her şey var – aile, yurd-yuva, huzur, mutluluq… Men her şeye bir simvol kimi baxıram… Bir gün bu baxış meni deli etmese yaxşıdır…

Qurşaq atma: Ne gözel bir deyimdir. Metonimi dediyimiz dil hadisesinin tezahürü… Parça bütünü temsil edir…

Yumurta bayramı: çünki İncil bizim de kitabımızdır. Liberal ve ehtiyatlı bir adlandırma. Özünüqoruma refleksinin ortaya çıxardığı bir sonuc. Hem milli, hem de coğraf-kültürel bir deyerlendirme…

Uşaqların yumurta fırıldaqları: Bizim kimi kend uşaqlarının çox bilmediyi bir şey. Yumurta dadışmasının tekerlemeleri ağlıma geldi. (Berk bilirsen – al saxla, Boş bilirsen – ver saxlayım. Menimkinin başısan, seninkinin künesi?!) 

Bayram görüşleri: Başlı-başına sosioloji düzen mexanizması… Böyük-kiçik bilme yeri… Ciddi bir araştırma konusudur.

ve

Ukrayna’da “bayram”: Qerib qardaşımın buruq bayram sevinci… İllerdir eyni duyğuları yaşayıram…

Kuşak çatışması – Nesiller arası ferq: Çox direnme, Don Kixotluq eleme, özünü yorma, ezizim. Keçid döneminin insanları bu travmaları yaşamağa mecburdur…

Zaman ve mekân ferqi: Biz – Zaman ve Mekanın qarşısında acizik. İbn Haldun “Son sözü coğrafiya deyer!”i boşuna dememişdi…

Şıxeli Qurbanov: Vefa duyğusunun ifadesi. Bizim olan deyerlerin özümüze qaytarılmasında memur faktorunun rolu. Şıxeli Qurbanovun bu cesaretli girişimi önemli idi. Mekanı cennet olsun.

Eziz dostum,

Yazında bezi orfoqrafik düzeltmeler etdim. Son halını elavede gönderirem.

Tekrar teşekkür edirem sene…

Sabahkı Axır Çerşenbeniz mübarek olsun…

Seni ve balalarını bağrıma basıram. Gelinbacıya salamlar. Bayramınız mübarek!

Hörmetle,

Nazim.

Məhəmməd İsrafiloğlu


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir