İkinci Vətənimdən gələn KİTAB


İkinci Vətənimdən gələn KİTAB

Təqribən iki ay əvvəl, evə qayıdarkən adətim üzrə poct qutusunu açıb abunə olduğumuz qəzet və jurnalları çıxartdığımda, arasında bir bağlama gördüm. Açdım. İçində kitab vardı.
Mavi rəngli üz qabığı olan, zövqlə tərtib edilmiş kitabı əlimə aldığımda çox duyğulandım. Çünki bu, ikinci Vətənim dediyim Türkiyənin Çanaqqala şəhərində yaşayan sevimli dostum və qələm yoldaşım Sərdar Akkoçun beş-on gün öncə işıq üzü görmüş ilk şeir kitabı idi – “KABUS”.
Həm sevindim, həm də bir qədər kövrəldim. Kitabın, nəşrindən bu qədər az vaxt sonra Moskvaya mənə göndərilməsi Sərdar qardaşımın diqqət və sevgi nümayişi idi.

Dostum məktubunda: “Selam Uzak Diyarlardaki Şairimiz, Uzak İklimlerdeki Dost Yürek Afaq Hanım Ablam! İlk kitabımı sizler gibi dostlarımla paylaşmak benim için bir mutluluk!” yazırdı. Bir də, “Sevdalı Söyləncələr” bölümündəki məhəbbət şeirlərindən bəzilərini mənim tərcüməmdə görmək arzusunda olduğunu bildirir və Çanaqqaladakı bütün dostlardan salam söyləyirdi.
Əlbəttə ki, çevirəcəkdim və böyük məmnuniyyətlə. Və bunun üçün kitabı diqqətlə bir neçə dəfə oxumam lazım idi.

İndi isə, əziz həmvətənlərim, Türk dünyasının yeni qələmlərindən biri – Sərdar bəyin şeirlərindən bir neçəsini öz şirin dilimizdə sizlərlə bölüşürəm.

Şair SƏRDAR AKKOÇ

1980-ci ildə Kütahya Altıntaşda dünyaya gəlib.
İbtidai təhsilini Balıkesirdə almış, litsey və ali təhsilini isə Çanaqqalada tamamlamışdır.
Çanaqqala 18 mart universitetinin (COMU) müəllimlik bölümünün məzunudur.
Hazırda Çanaqqalada yaşayır.
Türk dünyası şair və yazarlarının səs bayrağı sayılan Akademi Şeir Ailəsi Mədəniyyət və Ədəbiyyat Dərnəyinin sədr müavinidir.
Ədəbiyyat fəaliyyəti təşkilatçılarından biridir.

ALƏMSƏNMİ, NAZLI YAR?

Mən sənə and içib aman eylədim…
Ələmsənmi, nazlı yar?
Sözlərini ürəyimə teylədim…
Çiləmsənmi, nazlı yar?

Səndən öncə görən hansı fəsildi?
Aləmsənmi, nazlı yar?
Göbəyimiz bərabərmi kəsildi?
Bəlamsanmı, nazlı yar?

Sənmi məni, mənmi səni yaratdım?
Balamsanmı, nazlı yar?
Sən keçdiyin torpaqlara iz atdım?
Silamsanmı , nazlı yar?

Son sözümdə, son duamda yenə sən…
Salamsanmı, nazlı yar?
Məzaradək bərabərik deyəsən…?!
Bəlamsanmı, nazlı yar?

KÜLƏ DÖNDÜM

Qara gözlüm, ayrılalı
Külə döndüm, külə döndüm.
Öz budağından aralı
Gülə döndüm, gülə döndüm.

Baxışından doymaq çətin,
Öldürəcək məhəbbətin.
Göylərə yetdi həsrətin
Yelə döndüm, yelə döndüm.

Baş qoyaydım dizlərinə,
Hey baxaydım gözlərinə.
Sindim ayaq izlərinə
Çölə döndüm, çölə döndüm.

Qapınıza hörgün idim,
Yollarında sürgün idim.
Çilə dolu bir gün idim
İlə döndüm, ilə döndüm.

Yar, qəflətdən sən də oyan!
Mənim sevdam elə ayan…
Hey ismini hecalayan
Dilə döndüm, dilə döndüm.

Dərdim seldi – çoşub daşan…
Əski məndən yoxdu nişan.
Bəxtim – rüzgar, bir pərişan
Telə döndüm, telə döndüm.

QAL, MƏNDƏN SONRA

Mən ölüncə yadlar taxar taçını,
Dünyanı başına çal, məndən sonra.
Kordan belə qısqandığım saçını
Rüzgarlar önünə sal, məndən sonra.

Xal olub qalaydım üzündə sənin,
Sellərə dönəydim gözündə sənin.
Dünyatək fanisən özün də sənin!
Vəfasız aləmdə qal, məndən sonra.

Təbəssüm olmasın dodaqlarında,
Küləklər dolaşsın gül bağlarında.
Yarpaqlar qurusun budaqlarında,
Arılar verməsin bal, məndən sonra.

Tənhalıq əlindən titrəsin canın,
Yay günü buz tutsun elə dörd yanın.
Sabahlar olmasın bir xoruz banın,
Lal olsun gecələr, lal, məndən sonra.

Gözlərində kədər, nəfəsində ah…,
Telinin ucundan sallansın günah.
Mənim həsrətimlə yan axşam-sabah,
Elə boynu bükük qal, məndən sonra.

Ağılar duyulsun sənin dilindən,
Məzarım döşənsin siyah telindən.
Sevgimin nişanı düşsun əlindən…
Ölümdən intiqam al, məndən sonra.

Akkoçluyam, miras qoydum sızımı,
Saçlarınla bağlasınlar ağzımı.
Yar, əmanət eyləyirəm sazımı,
Yanıqlı mahnılar çal, məndən sonra.
Dünyanı başına çal, məndən sonra.

08.01.13.

Avrasiya v Rusiya Yazarlar birliyinin üzvü
Afaq ŞIXLI
Moskva.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir