İnsanlıq ölmüşmü?!


İnsanlıq ölmüşmü?!
Bir yardımsevər türkün təəssufündən doğan yazı

Başlıqda deyildiyinə birmənalı qərar verə bilməzsən. Çünki birilərinə görə ölən insanlıq digərlərinə görə içində yaşatdığı ən ümdə hiss, amaldır.

Bu ilin əvvəlində Rusiyada yaşayan bir azərbaycanlı ailəsinə yardım üçün bizə müraciət edən türk tanışım mesaj göndərdi. Onun yazdığının təsiri məni “ölmüş insanlıq”(ğ)a yas tutmalımı, yoxsa müdafiəsi üçün vəkillik etməlimi təzadı arasında qoydu.

Bir neçə il bundan əvvəl (harada baş verdiyi bir o qədər də əhəmiyyətli deyil) turist avtobusunun qəza nəticəsində yanması ilə bağlı faktı xatırladım. O zaman avtobusda yanan sərnişinlərə yardım etmək əvəzinə, həmin qəzanın şahidi olan jurnalist hadisəni isti-isti kamerasına çəkmək dərdinə düşmüşdü. Buna sənət fədaisi deyil, reytinq xatirinə insanlığı unutmaq deyilirdi ki, o haqda yazıldı.

Nə əlaqəsi var-deyəcəksiniz. Əlaqəsi adıma, işimə nüfuz gətirsin deyə müqəddəs dəyərlərlə manipulyasiya edilməsi günün mövzusu olmaqdan çıxıb gündəlik həyat tərzinə çevrildiyi acı gerçəkliyinə şəriklik, şahidlik etməkdə olmağımızla bağlıdır.

Var olmamış deyil. Adının bilinməməsini xüsusilə istəyərək kimlərəsə təmənnasız yardım edənlər. İnsanlıq ölməmiş-dedirtdirənlər. Lakin “insanlıq ölmüş” deməyə vadar edənlər də bir o qədər yox deyil.

Bir müddət əvvəl redaksiyamıza müraciətlə Elmanın ailəsinin yardıma ehtiyacı xəbərinə olmayan reaksiyadan sonra, 4 uşağının anasının bu gün ölməsi xəbəri hiddətləndirmişdi o türk tanışımı.
İnsanlıq ölmüşmü?!
Yazma -dedi. “Onu anladım ki, insanlıq ölmüş”. Əksinə arqument gətirə biləcəyim o qədər nümunələr varkən susdum. Çünki bəzən o arqumentlər ölmüş insanlığı diriltməyə gücü çatmayacaq qədər yetərsiz qalır. Arqument olanda nə olar ki… Onun da yerinə görə yersiz göründüyü situasiyalar olurmuş… Və bu onlardan biriydi.

Heç nə bir insan həyatından dəyərli ola bilməz deyib- bu dəyərləri nə qədər başqa bir “dəyər” üçün xərcləmişik. Sən, mən, o… ! Bəli, sizə və özümə deyirəm. İçimizdə olan insanlığa bir nəzər salaq. Saldıqmı. İnsanlıq sosial şəbəkələrdə, ya nə bilim reytinqli proqramlarda yüksəkdən danışılan, sinəsinə vurub timsah göz yaşlarına inandırmaqla öz yalanını gerçək hiss etmək, ya da hiss etdirmək deyil.

Gerçəklik… İnsanlıq kimi onun da GERÇƏK YALAN və ya YALAN GERÇƏK olması dolaşığında düyünlənmişik.

Efirlərdə reytinq, reklam, ondan gələn qazanc xatirinə edilənlərin gözünə bir də real yaşanmışlığı qatsaq, bircə dəfə gerçəkdən ehtiyacı olanın özü yalvarmadan, ağlamadan, sızlamadan və nəhayətdə insanlığın ölməsinə özünü inandırmadan içimizdəki insanlığı oyatsaq…

Həyat bu-deyib keçirik. İnsanlıq hələ ölməyib deyib təqdir etdiklərimizlə yanaşı, insanlığın məhvi hesabına çiyinlərindəki “nüfuza” bir ulduz daha taxanının vecsiz halına susaraq keçirik həm də…

Nə qəribədir. Son zamanlar buna etiraz kimi, Çeçensitan prezidenti Ramzan Kadırova müraciətlə “bir insanlıq et” –deyə sadəcə adının yardım edənlər siyahısına düşməsi priyomunun hesablanmış nəticəsini düşünmüşdüm. Çeçen rəfiqəmə: bu təxəyyülümün məhsulu olanı anladıb, düşünsənə, o yardım etməsə belə adının sadəcə bir xəbərdə anılması yüzlərinin onun fonunda yardım etməsinə səbəb olar. Niyə bu nəticəyə hesablanır? Bu nəticədə də birilərinə yaxşı görünmək- manipulyasiya- lap elə olsun yaltaqlıqla, yarınma var.

Sonra… Sonrası yox. Sonrasını təməlində yıxmışıq. Və insanlıq bu gün böyrü üstədir. Yardıma ehtiyacı olana inanmadığımız, ehtiyac üzündən yurdundan didərgin düşüb bəzən haqq vermədiyimiz əməllərinə haqq qazandırmağa məcbur olduğumuz kimi.

İnsanlıq ölməmiş, türk qardaş. Bu gün bir insanın faciəsi ilə insanlıqdan bir parça götürdüyü də doğrudur, amma. Yanlışı nə? Elmana dost deyib yardım edən və taleyinə biganə qalmayan türk tanışımın içində bir təəssüfün cücərməsi: “İnsanlıq ölmüş-onu anladım”-deməsi. (Bunu anladım deyən türkün özünün timsalında yaşayır insanlıq)

Hamıya yetmək olmur. Lakin… İnsanlığın tabutu kimlərinsə çiynində gedir, həm də bizi məchulluğa götürərək… Yazıq…

Tünzalə Vəliqızı, Moskva
18.04.2018
Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir