İŞIQLI İNSAN (Şairə dostum Afaq Şıxlıya)


İŞIQLI İNSAN  (Şairə dostum Afaq Şıxlıya)
Ədəbiyyat dünyası – cəfakeşlər dünyasıdır. Hər əlinə qələm götürüb bu dünyaya yeni nəfəs gətirmək istəyən sənət adamı ədəbiyyatın cəfasına, leysanına, dolusuna, şaxta və sazağına, bəzən də cəhənnəm əzabına bənzər atəş və yanğısına tab gətirə bilmir, nəticədə onu tərk edir və ilğım kimi sənət aləmindən yoxa çıxır.
Poeziya səmalarına doğulan hər kəs göylərdə bərq vuran ulduzları xatırladır. Xoşbəxt o qələm sahibidir ki,o, bir göz qırpımında axan ulduzlardan deyil, sonunda Günəşə çevrilən Məşriq ulduzlarından biri olmağı bacarır.

Haqqında söz açacağım gözəl şairəmiz Afaq Şıxlı, məhz Məşriq ulduzuna bənzəyən işıqlı insanlardan, şeirlə nəfəs alan və yaradıcılıqda yorulmaq bilməyən cəfakeş qələm sahiblərindən biridir. Bəlkə ixtisasca həkim olmağındandır ki, Afaq xanım olduqca həssas, duyğusal, şeiri, poeziyanı canı, ruhu qədər sevən bir könül sahibi kimi diqqətləri özünə cəlb edir. Daim qələminin gücünə, qəlbinin işığına sığınan şairə gecəsini gündüzünə qatıb sənətin keşmşkeşli yollarından keçmiş, oxucuları üçün, hər biri gözəl bir ədəbi nümunə olan, dörd şeir kitabı töhfə vermişdir.
Poetik axtarışlarında daima orjinallıq axtaran şairənin xoşbəxtliyi orasındadır ki, o, şeirdə güclü kriterlər, zəngin kolorit və eyni zamanda təravətli deyim tərzi yarada bilir. Şeirlərini sevə-sevə mütaliə etdikcə, şairənin yüksək bədiilik və obrazlı ifadələr tapmaq üçün necə gərgin fikir axtarışlarında olduğuna şahidlik edirsən. Elə bu inadlı axtarışlarına görə də Afaq Şıxlı tapdanmış yollardan və köhnə cığırlardan, arxaik sözlərdən qaçır, özünü oxucusuna sözün həqiqi mənasında ədəbiyyata təravətli söz deməyi bacaran bir şairə kimi təqdim etmətyi həssaslıqla bacarır. Şeirlərindəki təzə ifadələrə daldıqca, yüksək, insani hisslərlə yüklənirsən və bu yeni deyimlərin poetik yükü səni ruhən ovsunlayır.
Cənnətlər-cənnəti Azərbaycandan uzaqlarda qürbət diyarda yaşayan şairənin torpağı, vətəni üçün nə qədər qəribsədiyinin və onu necə də yüksək həssslıqla şeirə gətirdiyinin şahidi oluruq :

Bakım mənim!
Darıxmışam!
Bəs sən necə? Darıxmısan, əziz anam?
Axı, mən də sənin isti qucağında doğulmuşam,
mən də sənin övladınam.
Razı olma
küləyinə, yağışına həsrət qalam.
Rəva bilmə
torpağına, günəşinə həsrət qalam..
Sənin üçün bir olmalı övladların –
Sən anasan!
İstəyirəm mənimçün də az da olsa darıxasan.

Afaq Şıxlı onu əhatə edən dünyaya sevgi ucalığından baxan, hər bir misrasını belə büllur dağ çeşməsinin şəffaf damcıları kimi saf-saf düzən, doğma yurddan uzaqlaşdıqca qəlbinin sonsuz hərarətilə Azərbaycana – ata-baba ocağına daha möhkəm bağlanan, bu ocağın istisinə isinən, tüstüsünə yaş axıdan tanrı vergili bir şairədir.
Görəsən insan hisslərinə, insan duyğularına həkimlər qədər kimlər daha yaxın ola bilər ? Mənə elə gəlir ki, bu sualın cavabını yalnız poeziyada və Allahın ən yaxın dostları olan şairlərin qəlbində axtarmaq gərəkdir. Qəlbiylə dili bir olmayan şairlər Tanrıdan uzaq adamlardır. Belə şairlərə saxta şairlər deyirlər. Əsl şair – özgəsinin müvəffəqiyyətinə, özgəsinin xoşbəxtliyinə sevinməlidir. Xəbis, ikiüzlü, rüşvətbaz və naqis xislətli yazarlar şeytanın nökərləridir əslində!
Afaq Şıxlı bu baxımdan da oxucusunu onu əhatə edən zaman və məkan, xeyir və şər varlıqları haqqında düşüncələrə çəkə bilir :

Mizanı var bu dünyanın-iki gözlü,
Yolları var-daş-kəsəkli, əyri-düzlü,
İnsanları bəd niyyətli, gülər üzlü,
Hər bir şəri – bir yaxşının yamanıdı.

İŞIQLI İNSAN  (Şairə dostum Afaq Şıxlıya)
Şıxlılar nəsli Azərbaycan ədəbiyyatına “Dəli Kür” kimi çox qiymətli bir romanın müəllifi olan İsmayıl Şıxlı adlı yüksək səviyyəli şəxsiyyət, gözəl alim və ədalətli bir insan bəxş etmişdir. Mərhum İsmayıl Şıxlı nəslindən olan Afaq Şıxlı onun poeziyada davamçısıdır, – desək yanılmarıq!
Afaq xanım təkcə həkim deyil, o gözəl pianoçu, rəssam və eyni zamanda yetərincə oxu mədəniyyəti olan bir insandır. Onun Seyyid İmadəddin Nəsimidən epiqraf gətirdiyi bir şeirini oxucuların diqqətinə yetirmək istəyindəyəm. İmadəddin Nəsimi yazır:
Canımı yandırdı hicrin, ey nigarım, hardasan ?

Afaq yazır ki:

Bahar gəldi, mənim üzüm gülmədi,
Ey qubarım, intizarım, hardasan?
Hamı gəldi, gözlədiyim gəlmədi…
Əsib keçən ruzigarım, hardasan?

Yazıçı, professor Çingiz Hüseynov yazır ki; Əsl şair yeni qafiyələr icad etməklə yanaşı, deyilən, işlənən, yayılan qafiyələri də yeni məna ilə doldurmağı bacarmalıdır. Hörmətli Professor çox haqlı fikirlər söyləmişdir. Xoşbəxtlikdən Afaq Şıxlı qələmə aldığı bütün qoşmalarında yeni qafiyələr, rədiflər və deyimlər icad etməklə, oxucusunu sanki sehirli bir aləmə aparır :

Ələnib saçıma qürbətin qarı,
Yenə tac bilmişəm əhdi, ilqarı.
Neynirəm bu qədər dövləti-varı,
Anamın bircə xoş baxışı bəsdi!

Azərbaycandan qürbət ellərə düşən şairə öz nisgilini, yaradıcılıq təxəyyülündən keçənləri poetik misralara düzməklə, yeni-yeni qoşmalar, gəraylılar yaradır. Yağan yağışa, uçan quşlara, şəhərin üstünü alan dumana, axan sulara, əngin səmaların ulduzlarına ürəyinin nəhrini boşaldan Afaq Şıxlı çılğın dalğalı bir dənizi, köpürüb haray çəkən zirvə çayını xatırladır:

Bəzən olur…
ürəyində danışmaqdan yorulursan,
Bir kimsəyə arxalanmaq istəyərkən
puça çıxır ümidlərin,
şikar kimi vurulursan…
Haqsızlıqlar səni didir…
Sən də dözə bilmədikcə
kainata üsyan edir,
bir hücrəyə çaxılırsan…
Yaşamaqçün ümidlərə sarılırsan…
Sən dünyaya qucaq açıb vəsf edərkən
dünya səni almır vecə,
Sən də yanıb-yaxılırsan…

Özünü sevgi və təbiət aşiqi, məhəbbət və gözəllik vurğunu, cöz sərrafı və millətinin şairəsi kimi təsdiq edən Afaq Şıxlı ilham duyğularını Vətən məhəbbətindən, yurda bağlılıqdan və insan mənəviyyatının əsrarəngiz zənginliklərindən alır.
Böyük Rus yazıçısı L.N.Tolstoy yazır: “Söz millətin ruhunun, ideyalarının, fikirlərinin tərcümanıdır.” Bəli, millətin ruhu, qədimlərdən süzülüb gələn adət və ənənəsi, tarixi keçmişi onun qan yaddaşında və bir də dilindədir. Sözü yaradan da xalqdır. Şair isə millətin sözüdür, millətin səsidir. “ Canım Vətən!“ şeirində Afaq Şıxlı yazır:

Övladları dərbədiyar,
Torpaqları dağım-dağım,
Ümidləri param-parça olan Vətən!
Qulaqları bircə zəfər harayında
Qalan Vətən!
Ağrıların necə yaman,
Yaraların necə dərin!
Hanı sənin igidlərin,
Hanı sənin ərənlərin?

Əlbəttə, Afaq Şıxlının yaradıcılığının bütün sahələri haqqında qəzet səhifəsi üçün nəzərdə tutulmuş bir yazıda çox ətraflı söz açmaq imkansızdır. Onu demək kifayət edər ki, Afaq Şıxlının imzası artıq Azərbaycanın sərhədlərini aşaraq Rusiyada, Türkiyədə, Almaniyada, Fransada və b. ölkələrdə tanınmaqdadır. İllərlə keçirdiyi yuxusuz gecələrin bəhrəsini həyat bu gün ona zərrə-zərrə də olsa qaytarır. Uşaqlıqdan birinci olmağı bacaran, orta məktəbi qızıl medalla, universiteti əla qiymətlərlə bitirən, bu günədək onlarla ədəbi diplomların sahibi olan, müxtəlif mükafatlara layiq görülən şairə, bu il Avroasiya Yazarlar birliyinin üzvü olmaqla da öz dostlarını və yaxınlarını sevindirmiş və başqa sahələrdə olduğu kimi şeirdə də birincilər sırasında olduğunu təsdiqləmişdir.
Bir məqamda qeyd etmək istərdim ki, Afaq Şıxlı yetgin və öz qələminin gücünü hiss edən, oxucuların ürəyinə duyğular salmağı bacaran bir şairədir. Ədəbiyyatımız ondan, yenə də dəyərli əsərlər gözləyir.
Afaq gözəl şairə olduğu kimi, mehriban, qanışirin, ətrafdakıları öz aurasına cəlb etməyi bacaran bir insandır. Ailəlidir, əsil xanımdır, yaradıcılıqla və ailəsilə məşğul olur. “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin və digər yaradıcı təşkilatların keçirdiyi bütün tədbirlərdə iştirak etməyə çalışır. İçtimai işlərlə yanaşı iki gözəl övlad böyüdüb millətimizin ixtiyarına verib. Qızı Nilufər A. Şıxlı – ali təhsillidir, dissertantdır, beş dildə sərbəst danışır, gözəl şeirlər, povest və hekayələr müəllifidir. Oğlu Nicat isə birinci kurs tələbəsidir.
Bu yazının gündəmə gəlməsində ən sevimli məqamlardan biri də budur ki, 25 İyun Afaq xanımın günəşli dünyaya göz açdığı gündür. Gəlin ad günü münasibətilə ona həyatda hər şeydən istəkli olan can sağlığı, coşqun ilham, kəsərli qələm, böyük yaradıcılıq uğurları və ailə səadəti arzulayaq. Arzulayaq ki, Afaq Şıxlı öz qaynar yaradıcılığı ilə X.B.Natəvan, Məhsəti Gəncəvi, Heyran xanım, Nigar Rəfibəyli, Mirvarid Dilbazi və b. şairə xanımlarımız kimi yaddaşlarda əbədi qalsın və eləcə də, ədəbiyyat dərsliklərinə ayaq aça bilsin.
Yazımı Afaq Şıxlının gözəl bir şeiri ilə bitirmək istəyirəm və deyirəm: “Sizə uğurlar diləyirik, əziz qələm dostumuz Afaq xanım ! Heç vaxt üzünüz kədər, ürəyiniz dərd görməsin!”

MƏN KÖVRƏLMƏK İSTƏMİRƏM!

Mən kövrəlmək istəmirəm!
Sıxa-sıxa dodağımı dişlərimin arasında
Dondururam göz yaşımı gözlərimin qarasında.
Mən kövrəlmək istəmirəm…
Ağlamıram – düşünürlər çox güclüyəm,
Düşünürlər yoxdu dərdim.
Bilmirlər ki, bir dost olsa
Sirlərimi, sözlərimi mən onunla bölüşərdim.
İstəmirəm! Daha məni qoy bəxtəvər sanmasınlar!
Qürurumu qorumaqçün zirvələrə ucaltdığım kimliyimə
Qibtə edib için-için yanmasınlar!
Yorulmuşam…
Mən bir çiyin istəyirəm söykənərək ağlamağa…
Gücüm çatmır zaman-zaman
Məni sıxan hislərimi ürəyimdə saxlamağa.
Kaş ki mən də heç duymasam…
Kaş ki mən də cahil olsam…
Şad gəzərdim çoxlarıtək çox şeyləri anlamasam.
Yeyib-içsəm, geyinsəm şıq…
Düşünsəm ki, bitən deyil
Bu dəbdəbə, bu yaraşıq…
Düşünsəm ki,
Pulum varsa, qüdrətliyəm,
Pulum varsa, hörmətliyəm.
Düşünsəm ki, dünya mənim,
mənim – həyat!
Amma, heyhat…
Bu da bir yük –
Anlamaq ki, biz kiçiyik, dünya böyük!

ƏŞRƏF HÜSEYNLİ
Beynəlxalq Yazıçılar PublisistlərAssosiasının üzvü,
Tarix elmləri namizədi,
Şair.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir