Kədərlənən, sevinən və susan



İrandan Kiyev reysi ilə uçan təyyarə qəzaya uğrayanda bunun vurulduğunu söyləmək üçün ekstrasens olmağa gərək yoxdu. Belə bir gərginliyin xətasını isə 176 cana ödətmək… Bəzi səhvlərin geri dönüşü olmur. Min üzr istənsə nə olacaq ki… Mən Qasım Süleymaniyə “yas”” tutulanda susdum. Diferensiasiya baş verirdi gözümüz qarşısında. Üç yerə təbəqələşdik, bölündük: Kədərlənən, sevinən və susan.

Susdum. Sosial şəbəkə və ya qruplarda (hamının deyil, bəzilərinin) öz evində, elində, yerində sözü keçməyənlərin “özünü göstərməsi” tamaşasının bir parçasına çevrilməmək üçün.

Susdum. “Ekspret” rəylərinin hamının bildiyi qədərindən fərqli bir şeyə dayanmadığı üçün.

Susdum. Əslində bu qarqaşanın içində kimsənin kimsəni dinləmədiyini müşahidə etdiyim üçün.

Susmaq üçün səbəb axtarmadan susdum. Nərmin, şəhid pilotun xanımı ilə bağlı faciələri (ikinci birincidən daha böyük faciədir -red.T.V.) içimdə yaşayıb yanıb-yaxılaraq həm də. Çünki bütün bunların bir parçasına çevrilib hay-küy, çığırış-bağırışla bəraət axtarmadan, özümə -“Belə bir cəmiyyətin bir fərdiSən-sə, sus!” -dedim.

Niyəmi? Guya bu danışmaqlarla-bağırışmaqlarla susmadığınızımı düşünürsünüz. Məncə, yanılırsınız. Mövzunun, gündəmin qarasında, ağında özünü göstərmək üçün bir girəvə idi bu.

“Göydən üç alma düşən” nağılınızdan indi yerə yanan təyyarələr düşür. O nağılın sonunu kim dəyişdi? Uçan xalçanız, sehrli aynanız olmasın demədik. Təkamül prosesinin tək-amili asanlaşdırmaq, rahatlatmaq deyildimi?! Nə oldu? Qəzadan qaçmaq olmaz-bunu anladıq da. Bəs önlənməsi üçün nə etdik? Medianın “yönləndirməsi”nin əsas qayəsinin adından, istiqamətindən uzaq durduğunu şərtləndirən amilləri saymıram. Hansı kanalı çevirmənizdən asılı olmayaraq, praym-taymında kimlərin axşam süfrənizdə sizinlə oturub yoldaşlıq etdiyi bilinəndir. Bir də mən ad çəkib reklam etməyim.

Amma… Bəzi şeylərin eldən ayıb olduğunu bilə-bilə “çölə” tökən bu kütlənin “aralıqda gedib-gələni” olan verilişlərini başa düşməyə çalışsam da… anlamadığım yerdə susuram!

Danışmaq lazım olan yerdə susanların indi  susmaq lazım olan yerdə bu “şüvənini” də başa düşə bilmirəm.

Tünzalə Vəliqızı,
Moskva
11.01.2020


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir