Kamanı ağladan sənətkar- Habil Əliyev vəfat etdi


Kamanı ağladan sənətkar- Habil Əliyev vəfat etdi

Moskva ziyalılarından başsağlığı

Azərbaycan müsiqi mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycanın xalq artisti, mahir kamança ustası Habil Əliyev dünyasını dəyişib.Biz Moskva ziyalıları Habil Əliyevin vəfatından kədərləndiyimizi bildirir bütün Azərbaycan xalqına, Habil Əliyev sevərlərə,mərhumun aiiləsinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk! Habil Əliyevin işıqlı xatirəsi onun tanıyanların, musiqisevərlərin qəlbində daim yaşayacaqdır.

Habil Əliyev 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub.

Yeddi yaşında ikən rayon mərkəzindəki 3 saylı yeddiillik Ağdaş musiqi məktəbinə qəbul olub. Elə həmin vaxtdan da meylini kamana salıb. Yeddinci sinifi və həm də musiqi məktəbini bitirəndən sonra pedaqoji məktəbə daxil olub.

Habil Əliyev 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə qəbul olunub. Orada görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən kimi sənətkarlardan muğam sənətinin sirrlərini öyrənməyə başlayıb. Habilin ifaçılığı bəstəkar Soltan Hacıbəyovun da diqqətindən yayınmamışdı. Bəstəkar, Habilin potensial imkanlarını nəzərə alıb ona filarmoniyada işləməyi məsləhət görüb. O vaxtlar filarmoniyanın direktoru olan Şəmsi Bədəlbəyli, bədii rəhbər Soltan Hacıbəyov, Niyazi, Səid Rüstəmov Habilin ifasında bir muğama və xalq mahnısına qulaq asıb və çox razı qalıblar. Beləliklə, Habil Əliyev 1953-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə trioda kamança çalan kimi fəaliyyətə başlayır. Seyid Şuşinski, Həqiqət Rzayeva, Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva kimi sənətkarların konsertlərində müşayiətçi olan Habil Əliyev həvəslə onların ölməz irsindən bəhrələnir, daha səylə çalışır, saatlarla məşqdən yorulmurdu.

Habil “Segah””, “”Bayatı-Qacar””, “”Bəstənigar””, “”Bayatı-Şiraz””, “”Rahab””, “”Bayatı-Kürd””, “”Cahargah””, “”Rast””, “”Zabul”” muğamlarına yeni kamança həyatı vermişdir. Beləliklə, Habil Əliyev əllinci illərin sonu, altmışıncı illərin əvvəllərində mahir kamança ustası kimi formalaşıb el arasında geniş şöhrət tapdı. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri, tez-tez Nikkolo Paqanininin ifaçılığı ilə müqayisə edirlər.

Habil Əliyev keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və s., qastrol səfərlərində olmuşdur.

Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur. Habil Əliyevin ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb. Sənətkar 1964-cü ildə əməkdar artist, 1978-ci ildə isə xalq artisti fəxri adına layiq görülüb.

Habil Əliyevin işıqlı xatirəsi onun tanıyanların, musiqisevərlərin qəlbində daim yaşayacaqdır.Mərhum sənətkarımıza Allah rəhmət eləsin!

Dərin hüzünlə: Nəsib Nəbioğlu, Ramiz Abutalıbov, Cəfər Sadıq, Sərdar Abdullayev, Tünzalə Vəliqızı, Mirəşrəf Fətiyev, Sabir Həbibov, Yusif Əmiraslanov, Əbdül Hüseynov, Eldar Abbasov, İlqar Kamil, Toğrul Allahverdili, Namiq Əzimov, Qüdrət Qurbanov, Paşa Quliyev, Rafiq Qafarov, Bella Musayeva, Mehman Məmmədov, Mahir Ələsgərov, Zəkiyyə Ələsgərova, Fərqiyyə Kərimova, Leylaxanım İsmayılova, Ramil İsmayılov, Elmira İsmayılova, Sevil İsmayılova, Alşan Zakirov, Vasif Məmmədov, Əliş Əvəz, Kamran Rüstəmov, Şamil Tağıyev, İqbal Rüstəmov, Camal Camalov, Azər Cahangirov, Azər Səfərov, Fuad Səfərov, Əvəz İbayev, Afaq Şıxlı, Soltan Mərzili, Yavər Həsən, Validə Məmmədova, Qorxmaz Axundov, Xalidə Səmədova, Mərdan Feyzullayev, Füzuli Fərəcov, İlqar Hacıyev, Anar Həsənov, Əşrəf Hüseynli, Yaşar Süleymanlı, Mehman Şükürov və başqaları.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir