KİŞ DƏ MƏNDƏN GİLEYLİDİ, GİLEYLİ


KİŞ DƏ MƏNDƏN GİLEYLİDİ, GİLEYLİ
Doğma kəndimizdən ayrıldığım qırx ili adlayıb. Yox, bu illərdə yüz dəfələrlə görüşünə getmişəm, anamın təndirdə bişirdiyi əppəyin ətrini açıq doqqazımızın lap o başından yaxalayıb, təndirin yanına çatana qədər bu ətrin məstliyi ilə gəlmişəm. Tut vaxtında getmişəm, barama hörən qurd vaxtında getmişəm, yayın cırcıramasında, qışın ayazında-şaxtasında getmişəm. Kəndin şah damarı olan kanalın gur vaxtında, o kanalın qurumuş xəndəyi cadar-cadar olanda getmişəm. Novruzda yumurta döyüşməyə, payızda toylarda qol qaldırıb süzməyə getmişəm. Atalı-analı kəndimin yetimləşən günlərinə getmişəm.

Mən gəlib-getdikcə qocalıb kəndimiz. Böyüyüb, genişlənib, çağaları gəncləşib, cavanları olğunlaşıb, yaşlıları kəndin o tayına, dağ döşünə, əbədi məkana köç ediblər.

Qırx dörd il əvvəl təhsil qayalarından qamqalaq qoparmağa gedəndə az qala hər gecə yuxuda kəndimizə qayıdır, bu ali məktəblərin niyə kəndlərdə olmamasını başa düşmür, hər fürsətdə qaçıb kəndə gəlirdim. Şəhər burulğanı isə yavaş-yavaş sürətini artırır, kəndə olan sevgi payına ortaq olur, acılaya-acılaya, xıncımlaya-xıncımlaya bizdən şəhərli yoğurur, ögey bala kimi nə bağrına basır, nə də kəndə qaytarırdı. Kəndimiz üçün biz kənddən çıxan gündən “şəhərli” statusu alır, getdiymiz şəhərlərdə isə ömür boyu bu statusu təsdiq elətdirə bilmirik.
KİŞ DƏ MƏNDƏN GİLEYLİDİ, GİLEYLİ
Bunun da öz ləzzəti var, amma bu başqa məsələdi. Dünyadakı şəhər əhalisinin böyük əksəriyyəti kəndlilikdən şəhərliliyə keçənlərdir. Qəribə olan da budur ki, şəhərlərdə kəndlilərə yuxarıdan aşağı baxanların da böyük əksəriyyəti əsilli-köklü şəhərlilər deyil, bugünkülərdən bir az əvvəl şəhərə gəlmiş dünənki kəndlilərdir.

Adətən kənddən çıxıb başqa yerdə özünə “yaxşı gün ağlayanlar” sonra kəndə yardım əli uzadır, onun tarixini “yazır”, abadlaşdırmağa çalışır, əlqərəz, övladlıq borcunu yerinə yetirməyə çalışır. Əfsuslar olsun ki, bu səhnə mində bir halda baş tutur. Özünə gün ağlamaq prosesi o qədər üzücü, sonu olmayan marafondu ki, bu məsafənin sonuna hər oğul çıxa bilmir.

Belə olanda bu kənddən pərvazlanan köçəri quşlar o biri kəndlərdən gələnlərlə şəhərdə tapışır, dostlaşır, kəndin qoxusunu bir-birindən alır, nisgillərini bir-birinə xatirələr danışmaqla azaltmağa çalışırlar.
KİŞ DƏ MƏNDƏN GİLEYLİDİ, GİLEYLİ
Belə “nisgilazaltma” dostlarımdan biri, bəlkə ən yaxını idi Mərdan. Azərbaycanda bir-birimizi tanımamışdıq. Doğulduğumuz kəndlərin arasında cəmi əlli kilometr yol olsa da mən Kişi, Mərdan da Cəyirlini görməmişdi.

Mən Kişi gördüm. Kaş o missiya ilə görməyəydim. Amma Mərdan Cəyirlini görmədən bizi tərk elədi. Qəflətən! Heç birimizə bildirmədən.

İnsan gəfil dünyasını dəyişəndə bu xəbəri eşidənlərin ilk təpkisi, ilk ifadəsi, ilk nidası: “yox, əşşi, ola bilməz, inanmıram” olur. Halbuki hər birimiz dəfələrlə “ölüm qaşla göz arasındadır, yenə deyir uzaqdayam” ifadəsini işlətmişik, bu labüdlüyü bilirik, amma yenə inanmaq istəmirik. Ölüm isə bizim inanmağımızla hesablaşmaq niyyətində deyil.

KİŞ DƏ MƏNDƏN GİLEYLİDİ, GİLEYLİ
Üçüncü minillik bizi ellikcə simsiz telefon azarına yoluxdurmaqla başladı. Bayaqdan bir-birimizlə ən azından evdən evə, işdən evə, sabit simli telefonun olduğu yerdən bənzərinə zəng vurmaqla xəbərləşirdiksə, indi dünyanı o qədər “kiçiltdilər” ki, kənddə tərəvəzdə alaq eləyən Fatma xalanı önlüyünün dərin cibindən gələn bir zəng səsi Krasnoyarska bağlayır:

“–Alo! Alo!

–Alı döy, qadan alım, mənəm, Fatma anandı” və tərəvəzin alaqlarının “ömrü ən azı bir yarım saat da uzanır.

Bu telefon əsarəti uşaqdan böyüyə hamını elə tilsimləyib ki, yağ da daşır, sud də çürüyür, qatara da gecikilir, hələ dərslər, iş bir yana dursun.

Mərdanla Moskvadakı “qonşuluq” məsafəmiz elə Kişlə Cəyirli arasındakı qədərdi. Elə ordakı kimi o şimalda, mən cənubda yaşayırdım. Amma ordakından fərqli olaraq burda simsiz telefonumuz vardı və hər gün o iki telefon bir-iki dəfə körüyün ağzındakı kömür kimi qızarırdı. Biz dünyanın dərdini bölüşürdük. İranı-Turana qatırdıq, müharibələri dayandırırdıq, Qarabağı qaytarırdıq, ölkələrin başçılarını, siyasətini istədiyimiz kimi yuyub sərir, səmtini dəyişirdik. Cavanlaşırdıq, telefonda macəralarımız canlanırdı. Ədalətli dünyamız vardı, bizi anlamayan nadanlar vardı, yüz ilə yetəcək planlarımız vardı. Gündə bir kitab “yazır”, bir-iki film “çəkir”, nümayiş etdirirdik.
KİŞ DƏ MƏNDƏN GİLEYLİDİ, GİLEYLİ
Görüşürdük. Hərə öz sosial şəbəkəsində (sözə bax da) gördüyündən danışır, ATƏT qrupunu qınayır, dünyanı çulğayan vəhşiliklərdən təngə gəlir, bir ilahi ədalətin movcudluğundan danışır, o saat da bunun bir xülya olduğu qənaətində birləşirdik.

Mənim zəngim çox vaxt onu teatrda yaxalayırdı. Bir də görürdün telefonu yaxınlaşdırdı bilgisayarın mikrofonuna və mən onun səhifəsində Təbrizdəki mitinqi dinləməyə başladım. Cənubi Azərbaycanı çox sevirdi və fars rejiminə qarşı mövqeyi çox sərt idi. Qarabağı qarış-qarış gəzmişdi, qarşılarında çıxış etdiyi və çoxunun sonralar şəhid olduğu əsgərlərdən danışanda gözləri dolurdu.

Təvazökardı. Amma ləyaqətinə zərrə qədər yaltaqlıq ləkəsi dəyməyə qoymazdı. İynənin ücü qədər qabiliyyəti olan adamı həvəsləndirər, insanların özlərinə inamını artırardı.

Çalışdığı yerdə adamları ailə üzvü kimi sevər, məşq zamanı əzazil despot təsiri bağışlayar, düşündüyünü aktyorlar qavrayana qədər sanki “cilov gəmirər”, sonra ipəyə dönərdi. Ən qeyri-adi əsərlərə üz tutar, hamının bir cür oxuduğu səhifələrdən tamam başqa səhnələr qurardı.
KİŞ DƏ MƏNDƏN GİLEYLİDİ, GİLEYLİ
Moskvanı sevirdi, amma burada qəfəsdəki quş kimiydi. Xüsusən həmyerlilərimizə qarşı haqsızlıq görəndə çox qəzəblənərdi. Bu gün, onun bizi tərk etməsinin qırxıncı gününü qeyd etməyə gedəndə qarşımda dayanan polis maşınını, serjantın “miqranltlarla bağlı yoxlama aparırıq” deyib məndən sənəd istəməsini necə qarşılayardı deyə fikirləşdim.

Burada vəfat edən həmyerlilərimizin bir qismi artıq Moskva ətrafındakı müsəlman məzarlıqlarında dəfn olunur. Belə mərasimlərdə din xadimlərimiz “insanın harada dəfn olunmasının fərqi yoxdur” deməsinə baxmayaraq “bax,–deyərdi,–məni Kişə apararsan ha”. Mən də “boş-boş danışma,– deyərdim,– bəlkə sən məni Cəyirliyə aparmalı oldun”.

Deyərdik, gülüşərdik, özlüyümüzdə bunun da nə vaxt olacağını sırğa edərdik. Amma bu qədər tez yox ki!..

İyul ayını məzuniyyətə çıxıb bağa getmişdi. Fasiləsiz yağan yağışlardan bezib hər axşam şikayət edirdi. Avqustun 1-də işə çıxdı və tərslikdən Moskvada bi ilin ən isti günləri başladı. Bu dəfə zəng edib şikayət edirdi ki, bax, havanın düzələn vaxtı işləməli oluram. Avqustun 12-də şənbə günü teatrda növbəti məşqlərini bitirib bağa gedəndə yoldan zəng vurdu. “Məşğulam, sonra zəng edərəm”,–deyib telefonu qapatmaq istəyirdim ki:

–Qulaq as, dedi, qatarla daçaya gedirəm, indi qarşımda elə gözəl qız əyləşib ki, bilmirəm daçaya qədər necə gedəcəm.

Güldük.”Məşqdən sonra sənin gözlərinin mükafatıdır” dedim.
KİŞ DƏ MƏNDƏN GİLEYLİDİ, GİLEYLİ
Ayin 13-də axşamçağı məni sarsıdan xəbər alacaqdım. Başı alovlu şəhərin cənubundan evə qayıdacaq, ertəsi gün tezdən şimala, oradan da yetmiş kilometr aralıdakı Taldom şəhərinə gedəcək, hüznlü prosedurları yerinə yetirəcək, dostumun cənazəsini Moskvaya, çalışdığı teatra gətirəcək, həmkarlarının və həmyerlilərinin tükürpədici hönkürtüləri ilə vida mərasimi keçirəcək, sonra da onu Vətənə, Azərbaycana, Şəkiyə, Kişə son mənzilə qədər müşaiyət edəcəkdim. Şəkidə teatrın önündə izdiham qarşısında dayanacaq, Qurani-Kərimdən oxunan dualar və teatrdan ucalan alqış sədaları altında Kişə yollanacaqdıq.
KİŞ DƏ MƏNDƏN GİLEYLİDİ, GİLEYLİ
Ondan cəmi iki gün əvvəl vəfatının ikinci ildönümünə gələ bilmədiyim anamın da məzarına baş çəkmək imkanı yaranacaqdı. Təkcə Kişin deyil, bütövlükdə Azərbaycanın istedadlı və müdrik şairi Vaqif Aslanın “bizə gedək, yol yorğunusan, dincəl” təklifini yerə saldığıma, ertəsi gün Şəkidə keçiriləcək Bəxtiyar Vahabzadənin xatirə gününə gedə bilmədyimə, Qafil oğlu Əhmədiyə ocağında çox qala bilməməyimə görə Kiş də məndən gileyli olacaqdı. Bağışlasınlar. İnşallah, acımız dinsin, üzü Marxala baxan torpağa tapşırdığımız dostumuzun ruhu şad olsun. O ocağa, o qədim torpağa şadlığa, toy-düyünə gələrik.

Əvvəllər gec-gec gəldiyimə görə öz kəndimiz məndən gileyliydi. İndi ona doğma Kiş də qoşuldu. O da məndən gileylidi.

Cəfər SADIQ
Moskva, 22.09.2017


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir