Lənkəranın Girdəni kəndindəki küçəyə şəhid Kənan Axundzadənin adı verilsin


2783+ lərdən biri də odur. Lənkəranın Girdəni kəndindən olan şəhidimiz Kənan Hamil oğlu Axundzadə.

Kənan Axundzadə 1994-cü il avqustun 2-də Lənkəran şəhərinin Girdəni kəndində anadan olmuşdu. 2001-2012-ci illərdə şəhid Məhəmməd Bağırov adına Girdəni kənd orta məktəbində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra səhhətində yaranmış problemlərdən dolayı hərbi xidmətə aparılması təxirə salınsa da, Kənan müayinə alıb sağaldıqdan sonra yenidən hərbi komissarlığa müraciət edir və 2012-ci ildən Murovda N saylı hərbi hissədə xidmətə başlayır. Hərbi xidmətdə olarkən atası rəhmətə gedir.

2014-cü ildə doğma kəndi Girdəniyə qayıdan Kənan anasına atasının yoxluğunu hiss etdirməmək üçün gecə-gündüz işləyib ailəsinə yardım edir. 2020-ci ilədək müxtəlif işlərdə çalışan Kənan Axundzadə avqust ayından Müddətdən artıq hərbi xidmət keçmək məqsədi ilə yenidən ordu sıralarımıza yazılır. II Qarabag savaşında onun döyüşçü hekayəsi belə başlayır.

Vətən müharibəsinin ilk günlərindən Kənan öz cəsurluğu ilə seçilib. Komandirlərindən birinin dediyinə görə oktyabr ayının 30-u döyüşün ən qızğın vaxtında Kənan səngərdən çıxaraq düşmənin üstünə yürüyüb bir neçə düşmən əsgərini məhv edib. Elə bu döyüşdə qarşı tərəfdən açılan atəş nəticəsində sağ çiyin nahiyəsindən və sinəsindən güllə yarası alaraq şəhid olub.

Kənan Hamil oğlu Axundzadə Vətən yolunda sinəsini sipər etməklə Azərbaycan gəncliyinə növbəti nümunə olan Şəhidlərimizdən biridir. O həm layiqli övlad, həm səmimi dost, həm də nümunəvi vətəndaş idi. Bunu ailəsi, dostları və əsgər yoldaşları bir ağızdan təsdiqləyir.

Girdəni camaatından aldığlmız informasiyaya əsasən şəhidimizin yaşadığı küçə hazırda kimsənin adının daşımır. Kənd camaatının da arzusu ilə buradan müvafiq dövlət orqanlarına səslənir, Kənan Axundzadənin dünyaya göz açdığı, doğulub boya-başa çatdığı küçəyə onun adının verilməsini xahiş edirik.

Kənan Həmzəoğlu


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir