Laçına gedən yol Şuşadanmı keçirdi…


Laçına gedən yol Şuşadanmı keçirdi...
Yoxsa Şuşaya gedən yol Laçındanmı keçirdi… Əslində gediş və dönüşlərdə hansının hansından keçməsinə baxmayaraq biri o birinə götürürdü. Birinin o birindən əvvəl və ya sonra gəlməsi də ora hansı səmtdən yol almağınla BAĞLIYDI… İndi səmtlər də, yollar da BAĞLIDI. Və son dəfə Laçına yol Şuşadan KEÇDI. Əvvəl Şuşa, sonra Laçın GETDI…

Hər şey keçdi-getdi… Bir də daha…

Mən Vətənə məhəbbəti kimdən öyrəndim? İnşa mövzusu kimi bu sual uşaqlığımda mənə verilsəydi, (ki verilib-T.V.) Abbas Səhhətdən (“Vətən” şeirindən yola çıxaraq) deyərdim. Sonra tarixin, ədəbiyyatın dərinliyinə vardıqca Nizamidən, Nəsimidən, Füzulidən, Babəkdən, Cavad xandan, Sultan bəydən… bu sıranı uzadacaq bir çoxlarından və nəhayətində son nəfəsində 3 dəfə “Azərbycan” deyən Məhəmməd Əmin Rəsulzadədən.

Bizə mirasından qayçılanmış, bütövünə sahib çıxa bilmədiyim Vətənə məhəbbətimi sorguladığım məqamın da GƏLƏCƏYI varmış. Əslində məhəbbət, sevmək öyrənməklə deyilmiş. İçində səninlə ya doğulur, ya doğulmur. Onun heç peyvəndi də olmur.

“Mövzu Vətənsə… – bəli -gerisi təfərrüatdır”. Nə yazıq ki, o təfərrüatın gerisindən illərlə sıralanmış işğal günləri üzümüzə tərs şillə kimi vurur. Alın, deyir, bu da sizə təfərrüat.

Adətən yol bizi Laçından Şuşaya aparmalıykən, Şuşadan Laçına oradan da qəribliyə gətirdi. Qərib olduq elimizə, yurdumuza. İlləri dəstələyib şələ bağladıq, aldıq kürəyimizə. O yükün altında əzilə-əzilə, əyilə-əyilə gəzirik. Özümüzə, sözümüzə belə qərib düşmüşük.

Mən qəriblik kəlməsini ilk anamdan eşitmişdim. Bir bölgədən başqa bir bölgəyə gəlin gələn anam hey özünə “qərib qız idim”-dedi. Mən sonra qəribliyi 1988-ci ildən başlayan köçlərdə gələnlərin solğun üzündə, gözlərinin lap dərinliyindən boylanan nisgildə, qaçqın, köçkün kəlməsinin küskünlüyündə gördüm. Bir qərib ölsə, sözlə təsviri var. Rənglə təsviri necədir: “Mən öləndə üzümü doğulduğum yurda sarı qoyun-Qibləm ora olsun”-deyən qəribin?!

Bilmirəm. Amma Qarabağ, Şuşa, Laçın, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam, Kəlbəcər və s. deyilincə qəribliyini, nisgilini “Durnalar”la assosiasiya etdiyim quşlar qara boyanıb. Nassem Talebin “Qara Durna”-sındakı kimi. “Qara Durna” bilinməzliyin, gözlənilməzliyin simvoludur. Gözləmədiyimiz gözlənilməzlər köç saldığımız Laçında, Şuşada kök salıb.

Nassem Taleb deyir: İnsan həmişə bir şey baş verəndən sonra narahat olur.

P.S. 1992-ci ilin mayın 18-i bu ilki kimi bazar ertəsinə təsadüf edirdi. Və il yenə 366 günlükdü. Sadəcə dedim, təfərrüat üçün.

Tünzalə Vəliqızı
17.05.2020
Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir