Mən intihar etməyəcəyəm!


Mən intihar etməyəcəyəm!
“Əsgərliyə gedəcəksən?”, “Atan səni yəqin Bakıya, ya da Ağcabədiyə saldırar. Rahat keçər hərbi xidmətin, hə?” Mənim anam milliyətçi insandır. Əvvəllər mən dinməmiş özü bu suallara qəti cavab verərdi: “Mənim oğlum, əlbəttə, əsgər olacaq. Mən dünyaya qız gətirməmişəm ki, evimin içində saxlayım. Nə bilim, ya da hansısa rayona qohumlarının yanına kef çəkməyə göndərim. Olmaz.”

Atam hər namazın sonunda belə dua edərdi: “Allahım, mənə və oğullarıma ya şəhid, ya da qazi olmağı nəsib elə…” Bu duaya anam gözləri yaşlı “Amin” deyərdi.

İndi bizim evdə nə atam o duanı eləyir, nə də anam “Amin” deyir.
Çünki onlar bizim-qardaşımın və mənim Allah üçün, Peyğəmbərin (ə) “Vətəni sevmək imandandır” hədisinə görə şəhid olmağımızı arzulayırdılar, intihar etməyimizi yox! İndi şəhidlərin deyil, intihar etmiş gənclərin tabutları daşınır evlərə.
Hər şey Ceyhun ilə başladı. Ceyhun Qubatov dünyasını dəyişəndə mən belə yazmışdım: “Ceyhun, sənin ilə yaşıdam. Bağışla, mən dostlarımla Ankarada restoranda oturub şəkillər çəkdirərkən sən… Ceyhun, bağışla, bağışla, mənim “hərbi mükəlləfiyyətli” şəxsiyyət vəsiqəmdəki şəklimə baxmağa üzüm yoxdu. Ceyhun, 9 gün sonra sənin ölkəndə olacağam. Anam həsrətlə məni gözləyir. Sənin anan isə… Ceyhun, bağışlama, bağışlama…

Sonra isə başqa bir vətən oğlunu Seymur Allaverdiyevi itirdik. Allahın ailəsinə hədiyyə verdiyi Seymurun ürəyi artıq döyünmür. Seymurun adını şəhidlər yox, intihar etmiş əsgərlər arasında görəcəyik. Onun da tabutunu evlərinə göndərdilər. Özü də Aygün Kazımovanın tərsinə tutub büründüyü bayrağı üstünə örtmədən. Axı, o “şəhid” deyildi…
Allah Seymurlara rəhmət, ölümlərinə bais olanlara lənət eləsin. Günahkarları cəzalandırılsın. Belə bir həsas dönəmdə milli birlik və bərabərliyimizi pozmaq istəyən qüvvələrə fürsət verilməsin.

Mən dövlətimi, millətimi sevirəm. Əsgər olmaq istəyirəm. Özü də Bakıda, yaxud Ağcabədidə babamgilin evinin yanındakı postda yox! Adını eşidib üzünü görmədiyim Tapqaraqoyunluda xidmət edəcəyəm. Siz Allah, imkan verin qazi olaq, şəhid olaq. Mən intihar etməyəcəm. Əsgərliyə getməmiş məktub yazacam, Qurana and içəcəm ki, hamı bilsin, mən intihar etməyəcəm. Ölsəm, şəhid olacam! Bayraqlı, təkbirli şəhid!

Mirbəhram Əzimbəyli
seyid012@box.az

Əziz Mirbəhram! Üzünü cəmi bir saat əvvəl saytdakı şəklindən gördüyüm, təmizliyini, paklığını bir neçə cümləlik hayqırtından düyduğum eloğlum.

Əvvəlcə səni (təxminən mənim övladlarım yaşdasan, ona görə “sən”” deyirəm, incimə) gözəl Novruz münasibətilə ürəkdən təbrik edir, layiq olduğun ən yüksək zirvələrə ucalmağını arzulayıram. O kiçik yazıda böyük ürəyinin döyüntüsü və həyəcanı hiss olunur. Sənin özünü günahlandırmağın doğru deyil. Sən və sənin sağ, sağlam, təmiz ruhlu yaşıdlarındı Azərbaycanın ümid, güman yeri. Ceyhunun, Seymurun günahsız ölümlərinə son qoymanın, Mübarizlərin uğrunda şəhid olduqları torpaqları geri qaytarmanın açarı sizlərin əlindədir. Vətən uğrunda şəhid olmaq şərəfdir, amma şəhid olmadan vətəni yağıdan azad etmək, sərvətlərini o vətənin layiqli xalqının firavanlığına sərf eləyə bilmək daha böyük və məsuliyyətli vəzifədir və bu vəzifə də sizlərin boynunuzdadır. Vətənin bu günündə nə müəmmalı ölməyə, nə də şəhid olmağa haqqınız yoxdur.

Dünya artıq Azərbaycanda bir qrup harın və harınlığından kiflənmiş məmurun pəncərəsindən görünən dünya deyil və o gözəl ölkə sənin, mənim, hər bir azərbaycanlının qürur, iftixar yeridir, orada baş verənlərə görə bizi utandıracaq yer olmamalıdır.
Sənə uğurlar, dərin bilik, təmkin, uzun və mənalı ömür arzulayıram.

Hörmətlə, Cəfər Sadıq, Moskva
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir