Mən Səni necə ağlayım, İlham!


Hər dəqiqəmizin son ola biləcəyi bu dünyada bu nə həşirdi tələsdin? O gözəlliyi götürüb hara getdin bu qaçaqaçda? Sən deyildinmi bir həftə əvvəl Həşimxanlının dalaşqan atlarını feysbuk səhifələrində paylaşan? Tavat bacım qızmar yay günündə mənə zəng edəndə ürəyim sancdı. İndi hər əziz adamın zənginə də səksəkə ilə qulaq veririk. Səninlə bərabər başlatdığımız tələbəlik, dostluq, qardaşlıq, doğmalıq kitabını 48-ci il-səhifədə qapatmağa kim izin verdi Sənə? Ələddini, Aqili, Vaqifi aradım. Cavab gələnə qədər yaddaşımda Səni, Sənli xatirələri varaqladım. Bakılı, Moskvalı xatirələri. Zarafatlı, lətifəli xatirələri. Abbas müəllimli, İmanlı, Vüqarlı, sazlı-sözlü xatirələri. Şümal boylu, mavi gözlü, gül üzlü xatirələri. Tələbə vaxtı keçirdiyimiz tədbirlərdən yol aldım, Aydınlı, Kamilli zarafatları incələdim, Moskvada aspirantlar evindəki macəraları, balaca Vəfanın qaynar suda pörşələnmiş qolunu, xəstəxanada ona etinasızlıq edən şəfqət bacısı ilə davamızı, sonra övladların toyunu, nəvələrin sevincini, 7 yaşlı Ararın qəzaya düşmüş maşından çıxıb öz bacısı oğlunu xilas etmək üçün maşın tutub xəstəxanaya getməsini, cibindəki xərclik pulunu həkimlərə verib, “bu uşağa baxın, indi əmilərim gələcək. lazım olan pulu verəcəklər” deyib bir anda kişiləşməsini, sonra Bakıda Sənin maşınında Ararla xilas etdiyi bacıoğlunun qol-boyun bir-birinə sarılmasını, daha nələri xatırladım. Mən Səni necə ağlayım, İlham? Zatən o namərd xəstəlik Sənin qamətini əyəndə Səndən xəlvət dostlu-tanışlı o qədər ağlamışıq ki… 630-cu qrupu necə Başqansız qoyarsan? Səni o qədər sevən tələbələrini necə incidərsən? Yollar bağlı, ürəyimiz dağlı, Səninlə vidalaşa bilməməyimizi necə rəva görərsən, İlham? Duruşun, vüqarın, təmkinin hamımıza bir mayak timsalıydı. İndi hara gedək, hansı səmtə üzək? Ağladıqca kişi qeyrətsiz olur, deyirlər! Qeyrətsiz olacağımdan qorxub deyə yox, Sənə, Səni ağlamağı yaraşdırmadığıma görə ağlamamağa qeyrət göstərəcəm. Bircə Səadətə–Səni doğma qardaşı kimi sevən Səadətə bu acı xəbəri necə verəcəyimi də bilsəm…Yolun nurlu, məkanın cənnət olar, inşallah! Mənim nurlu qardaşım…

Cəfər Sadıq

Moskva,

27 iyun 2021


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir