“Mənim şeirlərim Qarabağlıdı”” şeiri müsabiqənin qalibi oldu”


"Mənim şeirlərim Qarabağlıdı"  şeiri müsabiqənin qalibi oldu
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü noyabrın 15-dən fevralın 1-dək “Vətənpərvərlik mövzusunda “” keçirilən ədəbi müsabiqəyə yekun vurulub. Gənc şair Ruslan Dost Əlinin Facebook hesabından paylaşdığı məlumata görə o, “”Mənim şeirlərim Qarabağlıdır”” adlı şeiri ilə müsabiqədə iştirak edib. Ruslan Dost Əlinin adıçəkilən şeiri ilə müsabiqənin qalibi olub.

Müəllif ölkəsindən kənarda təhsil aldığı üçün Azərbaycan Respublikasının Prezidenti yanında Bilik fondunun keçirdiyi müsabiqənin mükafatlandırma mərasimində iştirak edə bilməyəcəyini qeyd edib. Ruslan Dost Əli şeirinin 1-ci yerə layiq görülməsindən duyduğu sevinci hər kəslə paylaşaraq, “”Bu həm Sizin-(oxucularının) uğurunuzdur””-deyə sosial şəbəkədən fikirlərini paylaşıb.

Gənc və vətənpərvər şairi biz də Yenises.ru saytı kollektivi olaraq təbrik edirik!

Və o qalib şeir…

MƏNİM ŞEİRLƏRİM QARABAĞLIDI!

Daha sözlərimdə ləzzət gəzməyin,
Daha sözlərimin tamı da yoxdu.
İndi dadlı yemək hər evdə bişmir,
İndi dadlı söz də hamıda yoxdu.

Nə gəzir gül ətri, çiçək qoxusu,
Özün bil, istərsən oxuma daha.
Sözdən dəstə tutur baxma çoxusu,
Bir ləçək də girmir yuxuma daha.

Sözləri nəzərə, gözə tez gəlir,
Ürək döyüntüsün duyan kəslərin.
Sizin ağlınıza təzə söz gəlir,
Mənim qulağıma güllə səsləri.

O iyirmi faiz nə boydadırsa,
Bu xalqın o boyda davası çatmır.
Biz dağa qaçırıq hava almağa,
Şuşada dağların havası çatmır.

Əli çənəsində qalan şairə
Yurdunun tənəsi, gileyi gəlsin.
Torpağı işğalda olan şairin
Gərək sözlərindən qan iyi gəlsin.

İndi təbim belə xoşuma gəlməz,
İndi misralarım belə zəlildi.
Mənim şeirlərim yeriyə bilməz,
Hamısı ikinci qurp əlildi.

Tək adam adamla yaşıd olmurmuş,
Eyni yaşdakılar gör nə qədərdi,
Ay mən yaşdakılar, bir dövrdənik,
Bizimlə yaşıddı Xocalı dərdi!

Daralan ürəyin darvazasına
Hələ də əl boyda qara bağlıdı.
Oxucum, bilmirəm sən haralısan,
Mənim şeirlərim Qarabağlıdı!..

Moskva, 14.03.2015
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir