Məhmət Zəfər: Bu Vətənin bu Vətən üçün bir şeylər edəcək insanlara ehtiyacı var


Məhmət Zəfər: Bu Vətənin bu Vətən üçün bir şeylər edəcək insanlara ehtiyacı var
Türkiyədə Məcidiyəkoydə “Oda teatrosu”nda Firuz Mustafanın ssenarisi əsasında Elçin Imanovun səhnələşdirdiyi “Müqəvva” tamaşasının məşqində tanış olduq. Birlikdə məşqi izlədik. “Aktyordumu”- deyə düşündüyüm insanın içindən tam bir vətənpərvər, görmədiyi, atasından bildiyi babalarının yurduna intizar, həsrətlə alışan, günümüzdə rastlaşmağa adət etdiyimiz “hər şey mənə olsun”-deyənlərdən fərqli alturist çıxdı. Bilməcə kimi yazdığım bu sətirlərlə fikrim heç də oxucuyla manipulyasiya etmək deyil. Bəzən heç bir uğura imza atmadan belə özünün yaşam tərzi, davranışı, etikası, ünsiyyəti ilə cazibəsində saxlayan insanlar var. Siz də təsdiq edərsiniz ki, gözləri gülə-gülə “Vətən üçün şəhid olmaq istədim, Allah bilir”-arzusunu dilə gətirib, “Nə yazıq ki, olammadım”-deyə təəssüf edənləri də hər gün yolumuzun üstünə çıxmır.

Əslində günümüzdə yaxşı ssenarilərdən əzbərlənmiş “sözlə Vətən qurtaranlar” –sosial şəbəkədə ulduzu parlayaraq gözə kül üfürənlər də az deyil. Amma…

İstanbul Azəri Kültür evinin üzvü, ilk tanışlıqda oyunçu-aktyor bildiyim, əslində iş adamı olan Məhmət Zəfər (Mehmet Zafer) Aslımla aramızda keçən qısa söhbətdən sonra-onun kim olduğuna siz qərar verin.

Məhmət Zəfər: Bu Vətənin bu Vətən üçün bir şeylər edəcək insanlara ehtiyacı var
Məhmət Zəfər Aslım. Sizi mənə rejissorumuz Elçin və aktrisamız Kəmalə xanım belə təqdim etdi. Zəfər bəy, təxmin etdiyim kimi də aktyor deyilmişsiniz, amma elə bir tipiniz var. İş adamı və məşqə baxmaq- bu bir hobbidirmi, yoxsa…

-Əslində bu tamaşa, bu insanlarla bağlılığım İstanbul Azəri Kültür evinin sayəsində oldu. Kültür evinin rəhbəri Hikmət bəy (Hikmet Elp) Azərbaycana bir gəzi-səfər təşkil etmişdi. Kiçik bir qrupla ora getmişdim. O zaman orada Elçin bəylə tanış olduq. Və bu gün də buradayam.

-Əlsində Məhmət Zəfər Aslım kimdir-deyə sorusşaq?

-(Gülür). 1978-ci ildə Qarsda doğulmuş, Azərbaycandan erməni zülmündən Türkiyəyə sığınmış, amma illərlə içində Azərbaycan məhəbbətini, azərbaycançılığı daşıyıb onu övladlarına ötürmüş bir babanın, atanın oğluyam. 1995-ci ildən İstanbula köçmüş və burada yaşayırıq. Onu da deyim ki, atamın atası əslən Gəncəlidir və oradan qaçaq düşüblər o zaman. Mən bunu atamın söylədiklərindən bilirəm.

Baxin, soruşdunuz, bu teatra, incəsənətə maraq haradan qaynaqlanır. Mən atam sayəsində Azərbaycan mədəniyyətinə, folkloruna çox maraqlıyam. O maraq məni uşaqkən Azərbaycan-Qafqaz folklor qruplarına götürdü. Orada Azərbaycan rəqsləri öyrəndim. Azərbaycan qarmonu çalıram. Təbii ki, bütün bunlar sadəcə bir həvəskar səviyyəsindədir.

-Bu Azərbaycan əsilli olmağınızdan-qandan irəli gələn bir şeydir,əslində. Bir də məncə həsrət-uzaqlıq içimizdəki məhəbbəti daha çox artırır.

-Təbii ki, o da var. Bir də mənim uşaqlığım atamdan dinlədiyim o həsrət hekayələri ilə keçib. Azərbaycanla aramızda sərhədlər olanda atam hündürmərtəbəli binanın üstünə çıxıb televizorun antennasını Rusiyaya doğru çevirib Azərbaycan kanalını tutmağa çalışardı. Evimizdə Zenyəb Xanlarovanın, Arif Babayevin, Məmmədbağır Bağırzadəninin və bir çox sənətçilərin valları vardı. Biz o mədəniyyətin içində böyüdük. Danışıq mədəniyyəti belə fərqlidir o yerlərinin insanının.

-Zəfər bəy, son zamanlar bu çox müzakirə olunan mövzulardandır. Hətta, türklər Azərbaycan türkçəsini anlamaqda çətinlik çəkdiklərini deyirlər. Oysa biz bundan heç şikayət etmədik. Baxmayaraq ki, burada bir cür, orada ayrı cür anlaşılan sözlər çoxdur.

-Biz Qarsda Azərbaycandan olan insanlar içində yaşadığımız üçün siz danışanda bəzi kəlmələrdə yabançılıq çəkmirik. Əski türkcəsi ilə danışır azərbaycanlılar. Məsələn “ön”-“qabaq”-deməkdir onu anlaya bilmirlər. Əski türkcəyə vaqif olanlar bilir, anlayır ancaq.

-Yəqin ki, Azəri Kültür evi ilə əlaqəniz də azərbaycanlı olmağınızla bağlıdır?

Azəri Kültür evindən əvvəl bir İstanbul Qarslılar kültür evi vardı. Mən orada bir müddət Azərbaycan folklor rəqsləri dərsi verdim. Azəri Kültür evi ilə əlaqəm isə İstanbulda “Xocalı qətliamına” etiraz aksiyasından oldu. Mən də o aksiyadan xəbər tutdum və orada iştirak etdim. Beləcə Hikmət bəylə tanış olduq. O zamandan ora gedib gəlirəm. Atam Murtaza Aslım da həmin dərnəyin idarə heyətindədir. Azərbaycan üçün bir şeylər etməyə, mədəniyyətimizi, folklorumuzu, musiqimizi yaşatmağa çalışırıq. Bizim içimizdə hər zaman bir Azərbaycan özləmi-həsrəti olub, bu gün də var.

-Və o həsrətə son vermək üçün bu il ilk dəfə Azərbaycana səfər etdiyinizi dediniz. Bir az gec olmadımı, bu səfər?

-Azərbaycana səfərim Türkiyədən xaricə ilk çıxdığım səfər idi. Mənim işlərim çox sıxıntılıdır. Mən iş verən olduğum üçün işimin başında olmalıyam. İnana bilirsinizmi, mən həyatım boyu istirahət etdiyim çox az oldu. 2-3 gün ailəmlə Türkiyədə bəzi yerlərə getməkdən başqa, heç yerə getmədim. 38 yaşımda ilk dəfə təyyarəyə mindim. İşdən gücdən vaxt tapammadım.

-Xaricə ilk səfər etsəm- o yer Azərbaycan olardı-deyə düşünmüsünüz…

-Xeyr. Heç o barədə düşünmədim. Amma çox şükür ki, elə ilk səfəri babalarımızın yürduna etmək nəsib oldu mənə.

Uşaqlıqdan xəyalınızda canlandırdığınız Azərbaycanla real Azərbaycan bir-birinə nə qədər yaxın idi?

-Xəyalımdakı Azərbaycanla gördüyüm Azərbaycan bir-birindən uzaqdı. Məsələn Bakı mənə o hissləri keçirə bilmədi. Mənim təsəvvür etdiyim Bakı tamam başqaydı. Lakin Bakıdan Şəkiyə gedəndə yolboyu gördüyüm mənzərə, Şəki mənə doğma olan hissləri yaşatdı. Məsələn yol üstündə Şamaxı deyilən yerdi-səhv etmirəmsə, orada Qarabağ qaçqınlarının bişirdiyi təndir çörəyindən aldıq yedik. O çörəyin qoxusu, oradakı insanları görüncə, atamın Təzəgül bibisi vardı, biz də bibi deyərdik, onu xatırlatdı. Təzəgül bibim qundaqda olarkən gəlib Türkiyəyə. Biz onun həyətinə gedər, bibi deyə çağırdığında “Can, bibin qurban olsun sənə”-deyərdi. O insanların da danışığında eyni bunu gördüm. O səmimiyyət-saflıq qalıb həmin insanlarda.

Bir şeyi də buradan qeyd edim. 20 ildən çox yurdundan didərgin düşən insanların çadırda yaşamasına üzüldüm. Məncə qaçqınların bu gün o şərtlərdə yaşaması Azərbaycan üçün çox ayıbdır. Mənim də ölkəmin-Türkiyənin ayıbı var. Amma Azərbaycana bunu yaraşdırmadım. Türkiyə təbii sərvətlərə malik olan ölkə deyil. Azərbyacan bu anlamda Türkiyədən 1:0 öndədir. Neft ölkəsinin insanının qaçqın çadırlarında yaşamasına üzüldüm. Daşa, divara pul xərcləyiblər. Bu hal Azərbaycanda olmamalıydı, mənim zənnimcə. Mənim üçün Azərbaycan-Türkiyə-deyə ayrim yoxdur, insana önəm verilməsi gərəkir-o var, o birinci olmalıdır.

Şəkidə isə tamam gözəl şeylər yaşadıq. Oranın insanın göz rəngi dünyada heç yerdə yoxdur. Bu Azərbaycan insanına məxsus olandır sanıram. Nənəmin gözü elə rəngdə idi- yaşıl. O yaşıllıq var ha, o məni uşaqlığıma götürdü. Şəkidə doğallığı-təbiiliyi saxlamışlar. Ona sevindim.

-Bir də fürsət düşsə gedərdinizmi?

– Məsələn, Gəncəni görə bilmədim. Çünki səyahətin də müddəti qısa idi. Və gedənlər hər biri eyni həsrətlə getmişdilər ora. Şəkidə Xan sarayının yaxınlığında yaşıl ərazi var. Orada uşaqlar orkestr ilə məşq edirdilər. Biz onlara yaxınlaşdıq. Mən ilk dəfə orkestr ilə qarmon çaldım. Həm də Qarabağ havası. Həyat şərtləri müsait olsaydı, Azərbaycan səyahətinin davamlı olmasını çox istərdim.

– Təəssüratlarınız çox gözəldir. Hətta üzüntü ilə anlatdıqlarınızda ürəkdən gələn yanğı hiss olunur. Hər şey sanki dediyiniz doğallıq-yəni təbiilik, özü olmaqdan uzaq düşüb. Dünyanın hər yerində silah səsləri… Teatr, sənət anlatmaq istədiyinə nail olmayan durumdadır…

– Doğru deyirsiniz. Niyə silah olsun. Niyə insanlar bir bir-birinə sterssli olsun, acqılı olsun. Lakin bəzi şeylərin bir-birinə sirayet etməsi lazımdır. İmperialist düzən insanları bir köşəyə itələyib-Yaşam və yarın qayğısı var. Bunlar olmazsa, başımızı qaldırıb ətrafa baxacağıq. Çoxlarımız bu gündəlik qayğıların əlindən musiqiyə, teatra vaxt ayıra bilmirik. Sosial paylaşım insanlıq üçündür. Amma o da qayğı altında əziləndə… bir sözlə, o yerlik olmur insan.

Adınız reytinq siyahısına düşən ış adamları sirasında olsaydi, ilk nə edərdiniz?

-Bəzi insanar var həyatı böyunca almağı sevər. Mən hədiyyə alanda utanıram. Kimisə sevindirəndə, ona hədiyyə verəndə xoşbəxt oluram. Həyat fəlsəfəm bu şəkildə. O ki, qaldı, zəngin bir iş adamı olsaydım…Ilk əlimi uzadacağım yer ora ola bilərdi-O çadırda yaşayan Qarabağ qaçqınlarının yanı.

-Söhbətinizdən belə anladım ki, incəsənətə yaxın olsanız da, ona hobbi kimi baxırsınız. Biznesə isə vurğuladığınız həyat şərtləri gətirmiş kimi. Məhmət Zəfər kim olmaq istəyib?

-Subay…(Gülür) Bizim azərbaycan dilində anlaşılan subaydan deyil.

-Anladım. Adınızın verdiyi anlam kimi. Mehmet-əsgər, hərbçi, zabit anlamında…

-Bəli. Mənim xarakterimə o uyğundur. Əsgərliyə mənə çağırış gəlmədən getmişəm. Güney Doğu (Cənub Şərq) bölgəsində Vətənə xidmət etmişəm. Mən bu Vətəni çox sevirəm. Allah bilir ki, şəhid olmaq istəyirdim.

-Bu istək hardan gəlir?

(Əlini ürəyinin üstünə qoyur). Bax buradan gəlir. O mərtəbə pulla, para ilə əldə ediləcək bir yer deyil. Bu Vətənin bu Vətən üçün bir şeylər edəcək insanlara ehtiyacı var. Mən 1998-ci ildə ərizə verdim ki, məni Güney Doğuya- (Cənub Şərq bölgəsinə) göndərin. O zaman tələb olmadığı üçün məni göndərmədilər. Spartada komandirlik oxumağa göndərdilər. Sonra yenə o problemli bölgəyə getmək üçün əsgər seçirdilər, mən yenə irəli çıxdım. Seçdilər bizi. Amma Ankara üçün. Genelkurmaylığa (Baş qərargahlığa) bağlı gərginlik olan bir yerə göndərdilər. Dedilər sizin kimi ürək sahibi olanlara Ankarada ehtiyac var. Nə edim, nəsib olmadı şəhid olmadım.

-Bizim yaşayan əsgərə ehtiyacimiz var.

-Əlbəttə ki.. Bu Vətəni bizdən başqa qoruyacaq kimsə yoxdur.

Tünzalə Vəliqızı
Moskva-İstanbul-Moskva


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir