MƏNƏ BİR AZ ONDAN DANIŞ (Vüqar RAHI)


MƏNƏ BİR AZ ONDAN DANIŞ (Vüqar  RAHI)
MƏNƏ BİR AZ ONDAN DANIŞ

Mənə bir az ondan danış,
Az da olsa yaşat məni,
Çox dolmuşam, için-için
Bir az ağlat, boşalt məni,
Yaman sıxır həyat məni.
Mənə bir az ondan danış…

Duruşundan, yerişindən,
Şirin-şirin gülüşündən,
Gəlişindən, gedişindən-
Bacardıqca hər işindən,
Nə bilirsən axir çalış,
Mənə bir az ondan danış.

Başın necə qatmağından,
İstəyinə çatmağından,
Hər gün bir az öldüyümdə
Gecə rahat yatmağından,
Məni necə atmağından…
Mənə bir az ondan danış…

Söylə, neynir can yoldaşım?!
Qisqanclıqdan coşum-daşım,
Qoy lap quru söznənsə də
Özümü itirim, çaşım,
Ona yenə yaxınlaşım…
Mənə bir az ondan danış…

Danış, təbim dilə gəlsin,
Hər bir sözün bağrım dəlsin,
Qoy içkisiz, qoy içmədən
Ruhum bir az məzələnsin,
Xatirələr təzələnsin…
Mənə bir az ondan danış…

Qaytar, mənə xətir, məni,
Qaytar, mənə gətir məni,
Al onsuz bir gələcəkdən,
Keçmişimdə itir məni,
Danışdıqca bitir məni…!
Mənə bir az ondan danış…

Hicran pozub düzənimi,
Sarıb şeir-qəzəlimi,
Deki; təsəllim öpməkdi
Ondan yazan öz əlimi.
Görərsənsə gözəlimi,
Ona bir az məndən danış…


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir