MƏNİ MƏNDƏN SORUŞMA!


MƏNİ MƏNDƏN SORUŞMA!

Depressiyadayam, çünki. Adətən depressiya yazda gələr. Əhvalın da mövsümdən-mövsumə təzələnməsi, dəyişməsi mayamızda bir az da havanın olmasına bağılıdır, bəlkə də.

Son payızı xatırladan Moskvanın yayında ruhumu depressiyaya salan havanın şiltaqlığı deyil. İndi bazarlarda yay malı satanların əhvalını daha çox qarışdıran havanın almaq-satmaq kimi dünya işindən xəbəri olmayan mənə nə dəxli var ki?! Siyasi mühitin məngənsinə düşmüşəm desəm də yalan olar. Mən siyasəti belə hisslərindən keçirən biri olduğumdan bu versiya əhvalımın qarışmasına amil ola bilər, amma yenə yetərsiz qalar.

Indi Suriyada öldürülən uşaqlara, dağılan kəndə, cəbhə xəttində güllə səsindən diksinən gənclərin halına, gecələr səhərə kimi gözünə yuxu getməyən, cəbhədən gələn “bir əsgərimiz öldü” xəbərindən ürəyi köksündə çirpinib gündə yüz dəfə ölüb-dirilən analara üzülürəm və üzdən depressiyadayam desəm, müxalifətin pafoslu “vətənpərvərlik”, iqtidarın “həyatın bütün sahələrində tərəqqi ” şüarları kimi riyakar səslənər.

Depressiyadayam deyəndə bunu bir insanı sevgiyə də bağlayan tapilacaq mütləq. Çünki bizdə depressiya deyiləndə efirin “nüfuzlu” xalq artsitlərinin mahnısı yada düşəcək. Elə o dar anlamda düşünsək “Depressiyaya sevənlər düşər, deyilmi?”. Amma bu da deyil.

Halımın-əhvalımın qarışma səbəbini məndən soruşana, “məni məndən soruşma”-deyirəm. İşığa kiçik dar nəfəslikdən və ya açıq səmadan baxmağın o işıq üçün fərqi olmasa da, onun insanın durduğu yerə düşməsinin fərqi var. Bəlkə dünyanın aydın səması altında ətraf işıqa bürünmüş olsa da, özünü kiçicik işıq içində hiss edənləri duyduğumdandır, depressiyaya düşməyim.

Məni məndən soruşma. Dərdinin siyasiləşdirəcəyindən, bir balaca işığa da həsrət qalacağından qorxan, boyu çixsa da bükulməkdən boynu çıxmayan gözüqıpıq, haqqını özgə qapılarında axtarıb özününkündən çəkinənlərin halını soruş. Mənimki bir ciliz təsəlliyə söykənib “dünən fərman verənin bu gün gəldim yasından” timsallı Mübarəkin hüsnündəki ölümə “mübarək deyib” sevinərək ağzına çatmayacaq halvadan özünə pay çıxanların tragikomedi halına şərik olmaqdı. Yox əgər biganələr, “mənə nə”lər dövünü yaşayan dünyada bu səmimiyyətimə saxta deyirsinizsə, bu da normaldır. Çünki çox anormallıqların normal qəbul ediliyi dönəmdən keçir dünya. Başqasının hüzr yerində ağlayan öz ölüsünü yada salıb ağlar, düz demirəmmi?

Nə isə…Onu ondan soruşsam, ağzından dərd püskürər. Onu başqasından soruşamağa da hacət yoxdur. Ilin hər fəslində həyatında iz buraxmayan bir durumun hökmü-ixtiyarında olanın halı ortada. Çixan günəşdən, batan gündən, keçən saatdan, hətta keçən ömründən belə xəbərsiz olanlar bəlkə depressiya kəlməsinin anlamını da bilmirlər. Anlamını bilmədikləri rəngsiz həyatda həyatlarına rəng qatacaq bir şey gözləyərək gözləri elə hey yollardadır.

Yollar da hələ ki…

P.S. “Tütək səsi” filmində üzü görünməyən gələn əsgərin kimliyi təxminlərə buraxılan səhnədəki kimi, kim bilir bəlkə ümid heç gözləmədiyin vaxtda gələr…

Tünzalə Vəliqızı, Moskva


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir