M ənd M-5


M ənd M-5
“Cəfər, ey nuri-didəm!””
və yaxud Vətənləşmiş Fərdlərin Fəxarət Minbəri

Adam var, onunla ya dünyanın Amerika qitəsində, ya da Lənkəranın Kərgəlan qitəsində-parçasında rastlaş, fərq eləməz: Fatmanisəylə Tükəzbandan danışarsan, uzaqbaşı da Xudayar bəylə Vəliqulunun eşşək sövdələşməsindən!
Adam var…
Adam var…
Adam var… – bu adamlar şahmat, yazı, mədəniyyət, idman, kino adamıdı, danışarsan e, amma bu var adamlarla ya evindən çıxıb metroyacan gedərsən, ya da uzaqbaşı AYB-yəcən, lap elə üzə salıb, tumanı başa çəkib, Prezident Aparatına da qəbula sala bilərsən: nə düşüncəsi boy verir, nə elmi-intellekti, nə yaradıcılığı, nə də patriotizmi. Tatıboylullardı – indi durub kəsəsi, asası, öldürəsi, atası da deyilik: bu gözəlim Vətənin hər halıyla hər alisinə də, hər mürtədinə də cavabdehik! Amma bircə şərtlə: adamımız kimdi, onusa da bilək, tanıyaq. Akulanın da, qarışqanın da bir orbitdə yaşadığı dünyadı e!

Həəə, adam da var… onunla harda görüşsən, ancaq və ancaq Vətəndən danışarsan, o vətəndən ki, xəritəsinə, – istər 16-cı əsrin olsun, istər 21-ci əsrin, – baxanda ayağının suyu qaçır, əlin üzündə qalır, dalğaların qarışır, dalağın sancır, başın drandulet “”Moskviç-412″”-nin sıradan çıxmış səsboğucusu kimi uğuldayır və tüstü verir! 16-cı əsrdəki möhtəşəmlik, 21-ci əsrdəki miskinlik Marsdakı temperaturla Günəşdəki iqlim fərqi qədər kontrast yaradır! Və nə yaxşı da ki, belə adamlar hələ də var! Var və bəs edir ki, Azərbaycan var olsun! Mən onlara 1997-ci ildə “”Vətənləşmiş Fərdlər”” demişəm, yazmışam, yaymışam. Birinci Rafiq Qurbanova – Osman Sarıvəllinin Ənvər Sadatdan sonra ABŞ-da Oval kabinetə iki aylıq viza alan Yer üzündə ikinci şəxs, üç ölkənin sərhədindəki kənddə doğulan oğluna! Moskvada Rusiya EA-nın nəşr etdirdiyi “”XIX-XX əsr Rusiya filosofları”” kitabına adı salınan 3 azərbaycanlıdan birinə: fizika fəlsəfəsi üzrə elmlər namizədinə. Oğlu Ərcan (indi türklükdən danışanların saxlancına: xanımı rus olan Rafiq müəllim sovet dövrünün qadağalı illərində ruslar düşüncəsində “”NATO Türkiyəsi”” tutsa da, Rafiq müəllim – ruhu Türk qanıyla pərvəriş tapan Azərbaycan oğlunun bu genetik sədaqətinə etiraz etməyə səbəb tapmamışdı!) hələ 90-cı illərin ortalarında Amerikada Azərbaycan adına “”Caspian”” jurnalı buraxırdı – Azərbaycanda ona nəinki dolma, piti, qurutlu xəngəl, başıxamırlı tut arağı, heç “”sosiska”” da yedirtməyiblər bir dəfə də!

Və mən o vətənləşmiş Rafiq Qurbanovun hesabına Cəfər Sadiqin də nəhəngliyini bildim.

Əslində, Cəfər Sadiq adını Ustad Şakir Yaqubovdan eşitmişdim. Sonralar yadımda “”Qorbaçovun milli məsələlər üzrə xidmətində məsləhətçi”” olaraq qaldı. Ta həqiqət necəydi, haracan idi, orasını dəqiqləşdirməyə mənim nə zamanım vardı, nə həvəsim, etiraf da edim ki, o qədər böyük düşünən başım da yox idi! – nəzərə alın ki, mən ikinci kurs tələbəsiydim… Ancaq 1997-ci ildə eşitdiyim Böyük və Nəhəng Azərbaycan adları içərisində Cəfər Sadiqi aramağa həmən cəhd etdim: vizit kartını da aldım tədbirlərin birində. 90-cı illər sona çatdı – yenə bir qələt edəmmədim… bu dəfə maliyyə problemlərim mane oldu!

2000-ci illərin ortaları və ilk dekadasının son illərində bir daha cəhd etdim – bu dəfə isə “”məcburi ezamiyyət”” qoymadı. Artıq ikinci dekada başa çatır!

O deyirlər e, yetər ki, istə, alınacaq! Düz 25 ilə alındı bu görüş!

Bu 25 ildə vicdanımın qarşısında da, oxucu və vətən hüzurunda da alnıaçığam: nə Cəfər Sadiqi unutdum, nə də laqeyd qaldım. “”Vizitka””sını aldım, bir yazısına replikavari cavab da yazdım və onun “”yaddaş bölümü””nə adımı mesajladım.
Kimdir Cəfər Abbasov soruşmağa tələsin də, ay başınıza dönüm, neyləyrsiniz axı mənim özümdən başqa bir kimsə üçün avtobioqrafik mahiyyətdən artıq dəyəri olmayan xatirələrimi?

Cəfər Abbasov Azərbaycan KP MK-nın birinci katibləri Heydər Əliyev, Kamran Bağırov, Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov, müstəqil Azərbaycan Respublikasının Prezidentləri Ayaz Mütəllibovun və Heydər Əliyevin şəxsən tanıdığı bir SSRİ miqyaslı dövlət təmsilçisi ranqında olan jurnalist! Tərcüməçi!


Və Kamran Bağırov, Əbdürrəhman Vəzirov şəxsən israr eləsələr də ki, nəsə bir xahişdə bulun, heç bir təmənna ummayan və heç nə istəməyən jurnalist!

Halbuki… indi ölkədə adı məşhur olan bizim bir həmkarımız üç dəfə Ayaz Mütəllibovla görüşmək şansından yararlanaraq, 3 ədəd ev qoparmışdı, indi də ailəsi həyasızcasına yazır ki, evimiz yoxdu, biz filankəsin ailəsiyik!

Halbuki… Heydər Əliyevdən “”Nezavisimaya qazeta””da yazdığı cəmi bircə yazıya görə az qala səfir təyin olunan, ardınca da az qala “”xarici diplomatiya necə və nəyin üstündə qurulmalıdı”” ağlını vermək, dərsini keçmək qədərincə jurnalistimiz olub!

Halbuki… Azərbaycan KP MK-nın birinci katibləri Heydər Əliyev, Kamran Bağırov, Əbdülrəhman Vəzirov, Ayaz Mütəllibov, müstəqil Azərbaycan Respublikasının Prezidentləri Ayaz Mütəllibov və Heydər Əliyev dəqiq bilirdilər ki, Cəfər Abbasov həmin o qanlı-qadalı hərtərəfli mühasirə və müharibə illərində xidməti vəzifəsini də, öz həyatını da zərbə altında qoyaraq nə fədakarlıqlar edirdi… Azərbaycan adına!



Bilirsiniz kimdi Cəfər Abbasov?

O sizə sual verirlər e, qınaq edirlər e, “”jurnalist var Azərbaycanda, azərbaycanlı jurnalist var?””, bax o sualın cavabıdı Cəfər Abbasov! Var o jurnalist və o jurnalistin adı, soyadı Cəfər Abbasovdu! Cəfər Sadiq. “”Nezavisimaya qazeta””nın kart-blanş verdiyi İsim-İsmimiz! “”Kart-blanş”” bilirsiniz də nədi? – kart-blanş verilən jurnalist evində oturub yazdığı yazını qəzetdə onun üçün bronlanmış köşə ərazisinə birbaşa atır: bir kimsə redaktə və “”mıqq”” edə bilməz!

Nəzərinizə çatdırım: “”Nezavisimaya qazeta”” rusca çıxır. Qəzetin sanbalı, oxucu kontingenti, ictimai-siyasi və mətbu nüfuzu o qədər böyük idi ki, sahibi Boris Berezovskinin əlindən almaq üçün çox böyük planlar cızıldı və dövlət nəzarətinə götürüldü!

Cəfər Abbasov SSRİ miqyasında qəbul olunan qanunların müttəfiq respublikalara, müttəfiq respublikalarda qəbul olunan qanunların əksinə transferi-uyğunlaşdırılması və transleyti-tərcüməsi ilə məşğul olan nəhəng bir strukturun rəsmi əməkdaşı olub – Georqadze, Lukyanov (hələ onda sədr olmayıb) kimi nəhənglərdən “”dobro”” alıb.

Yəqin ki, ordan-burdan da olsa eşitmisiniz ki, bir hərf səhvi üstündə adamları güllələyən ölkə olub SSRİ – Cəfər Abbasov o ölkədə “”tuda-obratno”” tərcüməçi işləyib ən ali strukturda. İndi əlində qrant, dalında pa…tron olan düdəmələrin “”jurnalistəm”” iddialarını gördüyüm üçün vurğulayıram e!

Cəfər Abbasov həm də o nümunədi: əgər lazımdısa beynəlxalq miqyasda özünütəsdiq və bunun üçün ilk olaraq onda rus, indi ingilis dilini bilmək gərəkirsə, bunu etmək lazımdı! Edib də!

… Bir dəfə qızım dərsdən çətinlik çəkirdi, uşaqa psixoloji baryer olmasın deyə, bildirdim ki, ata hər gün evə tez gələr və səninlə bütün dərsləri oxuyar, istəyərsən, ata da səninlə ali məktəbə girər!

Əlbəttə ki, bunu dedim və etmədim, daha doğrusu, edə bilmədim, mənə qismət olmadı yazılarımda təbliğ etdiyim dəyərləri həm də həyatda özüm yaşayım!

Ancaq bunu demədən edən həmkarımı tanıdım! Onun da adı Cəfər Abbasovdur!

Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetinin (bir ara Məmməd Əmin Rəsulzadənin adına olan indiki BDU) jurnalistika fakültəsini bitirsə də, iki dildə sərbəst yazıb-yaratsa da, qızına ruhi və mənəvi dəstək olmaq üçün onunla birgə hazırlaşıb və… Moskva Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunublar!

Cəfər müəllimin yazılarını sevə-sevə oxumuşam, ən azından ona görə ki, bütün yazılarında jurnalistikanın məhək prinsiplərinə əməl edib: humanizmi-xoşgörülüyü, pozitivliyi və qloballaşmanı, milliliyi qorumaqla bəşəriliyin sintezini təbliğ-təşviq edib, olduğu hər yerdə vətən boyda böyük olub.

Bax buna görə deyirəm adam var ki, harada görüşsən… vətəndən danışarsan! Pafos deyil: SSRİ Ali Sovetinin tərcüməçisi ilə başqa nədən danışarsan ki? Lənkəranda xiyarı necə şorlayırlar, ya Şəkidə pitini necə bişirirlər? Bəlkə Qazax xəngəli ilə Tovuz xəngəlinin fərqindən? Gəncə dovğasıyla Bakı düşbərəsinin müzakirəsi nəyi həll edəcək ki? Adam hər gün 15 ölkədən gələn məlumatlara görə verilən təlimatların analizini görüb, qanunçuluğun və qanun yaradıcılığının milli və beynəlmiləl konsepsiyalarının məğzini bilib, dövlətlərarası və ölkədaxili problemlərin həllində həlledici və taleyüklü qərarların necə və niyə, hansı prinsiplərlə verildiyinin şahididi, sən indi durub ondan Ziya Məmmədovla Kəmaləddin Heydərovun klandaxili savaşındanmı danışarsan?

Cəfər Abbasovla ancaq vətəndən danışmaq olar!

Cəfər Abbasovla ancaq Azərbaycan dilinin gözəlliyindən danışmaq olar – minimum rus dili ilə əlaqədə çatan və çatmayan, əskik və artıq, zəif və üstün olan incəliklərdən söz açıb, gələcək nəslə çatdırmaq üçün ideya əldə etmək olar!

Siyasətçi və dövlət adamı doğruçu olmaqla bərabər, həm də pedant olmalıdı, hiyləgər olmalıdı, dövləti maraqları, konyunkturanın tələblərini bilməlidi, populizmi siyasətlə və politikayla qarışdırmamalıdı – bu fikirlər ancaq və ancaq Cəfər Abbasovla söhbətdən, təmasdan yarana bilər.

Cəfər Abbasov bəlkə bir 40 ildi Azərbaycandan çıxıb – Cəfər Abbasov bəlkə də 40 azərbaycanlının 40 ildə birlikdə edə bilmədiyi yaxşılığı, verə bilmədiyi töhfəni verib Azərbaycana!

Cəfər Abbasov həm də bu 40 ildə 40 ildi Azərbaycanda yaşayıb 40 ildə Azərbaycanda olmayan kimilərin boşluğunu doldurub varlığıyla!

… Nəhayət ki, görüşümüz alındı. “”Polyanka”” metrostansiyasının qabağına təyin olunan görüş vaxtında gözlərim onu axtaranda, doğma və şirin səslə “”gözləyirdin ki, bir cavan ucaboy oğlanla qarşılaşacaqsan?”” müraciətini eşitdim.

Həqiqətən də elə idi və baxmayaraq, Cəfər müəllim özünü yaşlaşmış, ortaboylu sayır, amma o, Azərbaycan dövləti durduqca, onun tarixi yazıldıqca, oxunduqca, onu uzun illər Moskvadakı ucaboylu, yaraşıqlı bir oğlan – vətəndaş kimi xatırlayacağıq, bizi belə təmsil edib, tarixin yaddaşında da belə qalacaq!

Cəfər müəllimlə çay süfrəsi arxasında… vaxtilə bir redaksiyada işlədiyimiz rəhmətlik Akif Qəhrəmanovu xatırladıq. Azərbaycan tərcümə məktəbinin nəhənglərindən olan Cəlil müəllimi xatırladıq – birini şəxsən tanıyırdım, birinin tərcümələrini teletayp lentindən daşımışdım, oxumuşdum, öyrənmişdim!

Cəfər müəllimlə insanların xeyirxahlığından danışdıq, savada, istedada, intellektə dəyər verən insanları yad etdik!
Və taleyin bu gözəl qismətinə mən minnətdar idim!

Mənim dədəm-nənəm, qohum-əqrəbam, lap elə həyatdakı və fb-dəki dostlarım məni çox kasıb, yersiz-yurdsuz saya bilərlər. Amma mən hər dəfə deməkdən yorulmayacağam: dünyanın xoşbəxti də mənəm dünyada, ən varlı Azərbaycanlısı da.

A kişi, mən Vətənləşmiş Fərdlərin Fəxarət Minbərində millətinə “”azan”” oxuyan peyğəmbər kimi övladlarını görmüşəm!

Bunun həzzi bilirsinizmi nə qədərdir? – nə Mayami, nə London, nə Tokio: hər üçündə ilan da var, qurbağa da, akula da, qarışqa da! Nə fərqi olacaq ki, mən öz “”Mayamimi, Londonumu, Tokiomu”” – Cəfər Abbasovumu tanımaramsa, görmərəmsə, anlamaramsa? O hansı dadlı yeməkdi, içkidi – qurutlu xəngəl, “”ustritsa”” (ilbiz), “”omar-krab”” (xərçənglər) – ki, Cəfər Abbasovun keçmişindən, indisindən, gələcəyindən danışdıqlarından dadlı olacaq?

O hansı dəbli paltardı, parfyümeriyadı – Armanidən, Quççidən, Şaneldən, Trüsardidən, – ki, mənim ən gözəl bəzəyim, ən gözəl ətrim olacaq… Cəfər Abbasovun yazdıqları milli adət-ənənələrdən, əxlaqdan, etikadan, qəhrəman oğul və qızlarından? Məgər dünyanın ən gözəl brendi əynimizin şəhid oğulları, ləyaqətli qızları deyilmi… Cəfər Abbasovun şərəfindən söz açdıqları!?

Pafos deyil… pafos bilirsiniz, çünki siz rusun, estonun, latışın, qırğızın, ukrainin, belarusun içində hər gün olmamısınız rəsmi səviyyədə, biləsiniz ki, paltarlar və ətirlər cazibədarlığını itirir, əgər sən hər gün onları azərbaycanlı olmağınla heyrətləndirmirsən!
Amma Cəfər Abbasov hər gün heyrətləndirib!

Necə?

Sizə maraqlı bir fakt deyim: “”türmə ixtiraları”” var. Mən də jurnallist olaraq, buna şahid oldum. İndi neyləyim, çıxmışam deyə, onları yazım, yayıb faş eləyim? O ixtiraları faş eləmək, açıqlamaq bundan sonra yüz minlərlə dustağın əziyyət çəkməsi deməkdi, ta o günəcən ki, alternativ ixtira tapıldı.

Bax, siyasətdə də elədi. Mən Cəfər Abbasovun işlədiyi dövrdə vətənə xidmət adıyla minlərlə faktı yaza bilərəm, amma bu, sabah digər bir azərbaycanlının digər bir dövlətin strukturunda təşəkkül tapması üçün maneə ola bilər. Düzdür, bütün dövlətlərdə müttəfiq və rəqib dövlətlərin cəlb olunmuş agentura şəbəkəsi var, amma həm də həmişə nəzərə alırlar ki, hamı elə vəzifə üçün satılmır, onların içində milliliyini, vətənə bağlılığını heç vaxt itirməyən… Cəfər Abbasov da var! Özü də vətənə xidmət qəhrəmanlığı standart, trafaret və şablon şəkildə olmur – individual olan patriotluq diplomatik xidmətlər üçün həmişə başağrısı olub!

“”Tak ışto””… deyirəmsə Cəfər Abbasov Vətənləşmiş Fərd olaraq Fəxarət Minbərində bizim adımıza “”azan”” oxuyub, həm səcdə edin, həm də elə işlədiyi Kremlin Qurultaylar Sarayına məxsus… gurultulu, sürəkli, ardı-arası kəsilməyən… alqışlar! Özü də ayaq üstə!

O, bizi ləyaqətlə təmsil etdiyi üçün bunu haqq edir! Yaşadaq ona alqışlarımızın-minnətdarlığımızın həzzini!

Lütfən…

AYDIN CANIYEV

p.s. Əsas məsələ odu ki, indi oxuyan hər kəs fikirləşir ki, jurnailistimə bax mənim, yazmayıb e harda doğulub, neçə yaşı var, elementar təqdimatı bacarmır…

Bəli, mənim əzizlərim, haqlısınız! Amma və lakin… fərqinə varın da, yazmışam axı: Vətənləşmiş Fərd!

Azərbaycandı e Cəfər Abbasov!

Azərbaycan yaşdadı e Cəfər Abbasov!

Axx, bizim bu “”özəlləşdirmə”” azarımız, axx, bizim bu məhəlli təfəkkürümüz, axx, bizim bu mənsubiyyət şəkilçimiz!!!

p.p.s. “”Cəfər, ey nuri-didəm!””, kart-blanş verərək… doğum yeri və təvəllüd tarixini yazmağı öz öhdənizə buraxıram!
Bəzən gərəkir ki, adamlar bilməli olsun: Dahilər həm də “”O””radan da çıxa bilər..
.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir