Mizan pozulanda


Yaşadığım Rusiyada “Niyə marketlərdə yoxlama tərəzisinə çox vaxt mobil  telefonu qoyurlar”- deyə bir yazıya rast gəldim. Bu yoxlama tərəzisini yoxlamaq üçünmüş,  sən demə. Çünki gəzdirdiyin telefonun  bəlli bir qramı var. Yoxlama tərəzisinin  də doğru göstərmədiyi ehtimalını düşünənlər telefonun çəkisi ilə onu qarşılaşdırırlar.

Ağır bildiklərimizin əslində yüngül olduğunu bir telefon  ilə ortaya çıxarmaq cibində daş gəzdirməkdən yaxşıdır. Baxır nəyi nəylə ölçürsən. O tarazlayan teıefondan minlərin-milyonların bəyənməsi ümidiylə çəkilən videolarda həyatlar da qarşılaşdırılıb ölçülür.

Biri öz uşaqlığına, bir öz gəncliyinə, biri öz dincliyinə gülür, ağlayır.

Gülən güldürmək, ağlayan ağlatmaq üçün edir bunu. Hər ikisinin məqsədi çəkisini bildirmək üçündür. Ağır-yüngül?

Burada da mizan dəyişkəndir. Ağır ağır gəlmir, yüngül də yüngül…Mizan da burada pozulub, düzən də. Misal…

Biri və ya biriləri artıq klişe olmuş velosiped həsrətini  paylaşır -Nəymiş uşaqlıqda bunun veliosipedi yoxmuş. Niyə yoxmuşun cavablarını alım.

-Kasıbmışlar, imkanları yoxmuş-hazır cavab.

-Ata halal qazancın nə olduğunu öyrətmək məqsədiylə “qazan, özün al”- metoduyla uşağa əmək dərsi verirmiş…-bu da ibrətamiz ehtimal.

Bir başqa paylaşımlar…
Çılpaq əxlaqı geyindirmək təşəbbüslü…
Əxlaqı kirlilərin bir türlü “salavatlanıb durulanması”…
İndi gəl qarşılaşdır və ölç bunları…

Velosiped videosundan başlayım…

Adam  məşhurdur, ya da bu videodan sonra məşhur olacaq. Olmasa belə  nə qədər  üzgün uşaqlıq keçirdiyinə üzülən tapacaq. Empati qurmaq üçün. Qurammadım mən empati. Bu duyğummu itmiş? Əslində mənim də heç gəlinciyim olmadı. Almadı atam-anam. Çünki bizim evdə gəlincikdən daha başqa dərdlər varmış. İndi uşaqlığım çalınıb deyə kimə acıqlanım?

Mən yastığa öz paltarını geydirib, başına anasının şalını bağlayıb  gəlincik düzəldən  uşaqlarla böyüdüm. Varsın saçı olmasın. Qarğıdalı saçağı olsun. Samokatlar, raqatkalar, pujiklər, məftil maşınlar, müçüklər, çiling-ağaclar…bu idi oyuncaqları əvəz edən layfxaklar. Çoxunun nə məna verdiyini indiki uşaqlar anlamaz.

Dünənin uşağı, bu günün orta yaşlısı olanların  “heç velosipedim olmadı” nağılı  üzmür məni.

O oyuncağı mənə alacaq olanım-atam yox idi-deyən birini sızlatmırmı, bu hekayə?

Mənim başımı bir daha sığallamayacaq atam cəbhədə öldü, indi şəklinə baxıb mən onun başını, başdaşını sığallayıram. Mən atam öləndə anamın bətnindəydim, heç ata görmədim-deyəcəklər böyüyür aramızda. Hələ dil açmayıb, hələ velosiped dərdi nədir bilməyənlər…

 Sənin velosipedlərə mağaza vitrinlərindən köks ötürüb baxdığın uşaqlığının irəlisində  dünyası dağılmış uşaqlar var. Sığınacaqlarda güllə səsindən qorunan, sərhədlərdə hara gedəcəyini kəsdirə bilməyən anasının ətəyindən tutan uşaqlar var.

Mağaza pəncərəsindən sənə baxan, amma sənin olmayan o velosipeddə təkcə uşaqlığın deyil bütün həyatın sürülüb getdi. Əlində qalan düzəniylə  mizanı pozan  yoxlama tərəzisinə qoyduğundur.

Hara zəng edim? Ölçmək üçün daş gəzdir cidində.

Tünzalə Vəliqızı,
Moskva
22.12.2022


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir