MÖHTƏRƏM HAKİM


MÖHTƏRƏM HAKİM
Ən azı bir ildir bu günü necə qarşılayacağımı, Səni necə təbrik edəcəyimi “məşq edirəm”. Bir ürəyimə yatan üsul tapa bilmirəm. Desəm əlim qələm tutmür, düz olmaz. Səbəb olduqca vacib, ürək açan, arzu olunandı. Amma…

Amma bizdə yaxına, doğmaya tərif demək qabiliyyəti yoxdu ki! “Necə olsa özümünküdür, bilir ki, əzizimdir” deyib keçməyə ustayıq. Halbuki ən çox səmimi sözə ehtiyacı olan doğmandır, yaxınındır.

Həyatın başdan-başa zəngin tarixçələrlə, bir-birindən maraqlı epizodlarla doludu. Hansı birini deyim, nədən başlayım?
Kəndimizin tozu dizə çıxan vaxtlarda tütün zəhərindən qurtulub üzüm becərməyə başlanan vaxta düşmüşdü uşaqlığımız. Amma ipəkqurdu bəsləməkdən də hələ xilas olmamışdıq. Bu gün gənclərin böyük əksəriyyətinin təsəvvür etmədiyi bu prosesin nə qədər əmək tələb etdiyini, “bəsləsən atlas olar tut yarpağından” ifadəsinin haradan gəldiyini biz uşaqlıqdan anlamışdıq. Bir kibrit qutusunda alınan kiçik həşəratların ay yarım içində ipək baraması toxuyan və 40-50 kiloqram “məhsul verən” canlılar olduğunu dərk etmişdik.

Sonra üzüm “marafonu” başladı. Aran rayonlarında şagirdlər, tələbələr pambıq yığanda nə əziyyət çəkirdisə, üzümü becərib, məhsulunu toplayanlar da o qədər əziyyət çəkirdilər. Bu ağır məşəqqətdən yaxa qurtarmağın yeganə yolu təhsil alıb buralardan uzaqlaşmaq idi. Üzüm epopeyası uzun çəkdi. Ta “xallı qoçaq” Qorbaçovun üzüm istehsalına da ölkəyə vurduğu kimi təpik vurmasına qədər. Sonra əsgərlik və ali təhsil illəri başlandı.

Əsgərliyini indiki Samarada (o vaxt Kuybışev idi) keçirdin. O vaxt döyüş sücaətinə ehtiyac olmasa da (Qarabağ fəlakəti irəlidə idi) nümunəvi xidmətlə aldığın zəmanətlə universitetə gəldin. Hüquq fakültəsi “seçilmişlərin” yeri idi. Sənsə başqa fakültənin adını belə eşitmək istəmirdin. Başqa çıxış yolumuz “daydayımız” olmadığına görə Səni bu yoldan daşındırıb çox yalvar-yaxardan sonra kitabxanaçılıq fakültəsinə imtahan verməyə razı saldım. Könülsüz olduğun hər addımından bəlli idi. Amma üzümdən keçmədin. Hətta birinci imtahanı da verdin, “4” aldın. Mən sevinməyə macal tapmadım ki, universitetin həyətində imtahan vərəqəsini iki parça eləyib, “ay qardaş, vallah mən bunu istəmirəm” dedin. Abituriyentlərin yığışdığı bağda sual-cavablar bir yarış meydanı idi. Hətta bir gün tələbə yoldaşım Qadir Səni o müzakirədə eşidib qolundan tutaraq: “sən Cəfərsadığın qardağısan” deyə təntənə ilə elan edəndə duruxmuşdun. Halbuki zahiri bənzərliyimiz olmasa da səsimiz doğmalığımızın “şəxsiyyət vəsiqəsidi”. Bunu Səninlə bir dəfə də Berlində Brandenburq qapısının yanında belorusiyalı oğlan bizə demişdi.
MÖHTƏRƏM HAKİM
İnadından dönmədin və hüquq fakültəsinin tələbəsi oldun. Tələbə ikən işləməyə başladın və harda çalışdınsa xoş sədalar topladın, nüfuz qazandın. Həyat binasının pillələrini zəhmətinlə qalxmağa başladın.

Şəki ipək kombinatında mühafizə dəstəsinə rəis təyin olunanda kombinatın kollektivi bu əsmər oğlanın nə ingilablar edəcəyinin fərqində deyildi. Az zamanda şəhərin dedi-qodusu kombinatın qadağasının bərkiməsindən idi. Kimi sevinirdi, kiminin də aşına duz qatılmışdı. Kombinatın malını talayanlar arasında da “dəlibaşlar” az deyildi və necə olursa rəisin sayıqlığını azdırmağa çalışırdılar. Onların növbəti cəhdi toqquşmaya gətirdi. Oğruları yaxalayarkən aldığın yara əməliyyat masasında qoyulan tikişlərlə bağlandı. Amma kombinatda ab-hava dəyişdi.

Artıq tale məni Vətəndən alıb uzağa aparmışdı. Elə ailənin əsas yükünü də o vaxtdan üzərinə aldın. Böyük qardaşımız ailəsi ilə ata evindən ayrılmışdı.

Məhkəmə icraçılığı kimi ən aşağı pillədən başladın ədliyyə sistemindəki fəaliyyətinə. Sonra xeyli müddət notarius kimi çalışsan da məhkəmə sistemindəki fəaliyyətə üstünlük verdin. Nəhayət hakimliyə namizədlər arasında qeydə alındın. Uzun müddət Zaqatala rayonunda məhkəmənin sədri kimi çalışdın.

Orada olduğun vaxtda da gözün ailəmizin üstündə oldu. Artıq özün gözəl ailə sahibi idin. Lakin yenə orta hesabla hər həftə yüz kilometrdən çox yolu qət edərək valideynlərimizin, bacı-qardaşların qayğıları ilə maraqlanırdın.
MÖHTƏRƏM HAKİM
Bu yerdə əsas etirafı etmənin məqamıdır. Taleyin oyunu ilə gənc yaşda evdən çıxıb uzaqlaşdığıma görə evdə uşaqlar arasında mübahisə düşəndə haqlı tərəf haqlılığını isbat uçun mənim adıma and içirdi (bu “ənənə” indiyədək davam edir). Halbuki əsas and yeri, ailənin güvən yeri Sən olmusan. Məhz Sənin sayəndə Abbasovlar ailəsinin atamız Ələmdarla qazanılan nüfuzu ayaqda qalır.

Sonra Yevlax rayonunun məhkəmə sədri təyin olundun. Bu, ailəyə, kəndimizə Səni yaxınlaşdırdı. Əlbəttə, qayğılarını da bir az artırdı. İşinin ağır-yüngüllüyü haqqında mühakimə yürütməyə ona görə cəsarət etmirəm ki, bu nə reklamlıqdır, nə qəhrəmanlıq. Hakim. Adı üstündə. İnsan taleyi işinizin əsas qayəsidir. Hüquq qaydalarını pozanlar, cinayət törədənlər, ailəsini dağıdanlar, başqasının malına xor baxanlar, daha kimlər, daha kimlər. Hər biri insan taleyi. Hər iş, nə qədər ağzıgöyçək nələr desə də, hakimin qəlbinin süzgəcindən keçir. Ədalət tərəzisini taraz tuta bilmək asan iş deyil. Odur ki, ürək xəstəliklərinin çoxu məhz bu sahənin mütəxəssislərində olur. Əlbəttə, ürəyi ürək olanlarında.

Müstəqil Azərbaycanımızın indi daha bir bölgəsində, Göygöl rayonunda yubileyini qarşılayırsan. Hər rayonun camaatı bir-birindən fərqlənir. Eyni xalq, eyni millət olsa da. Hər birinin elə özəl çalarları var ki, Səni zənginləşdirir, müdrikləşdirir.
MÖHTƏRƏM HAKİM
Üç gözəl övlad böyütmüsən—Fidan, Fərid, Fəridə. Ayrılıqda hər birinin uğurları var, mənsə Fəridənin Amerikada təhsil alarkən on millətin nümayəndələrinə azərbaycanca “Novruz bayramınız mübarək” öyrətməsini və onlarla birlikdə səmənili-paxlavalı, Azərbaycan bayrağının fonundakı bayram təntənəsini fəxrlə qeyd edirəm.

Möhtərəm hakim!

Zaman barmaqlar arasından süzülən qum kimi keçib gedir. Yubileyinə gəlməməyimi qüsur və ya “hüquq pozuntusu” sayıb sərt hökm verməyə tələsmə. Allah şahiddir ki, məsafənin üzaqlığına baxmayaraq hər zaman qəlbimdəsən və bu şanlı tarixi mütləq birlikdə qeyd etməyə zamanımız olacaq. Bir də mənim”Ad günü” hekayəmdə dediyim kimi bizim doğum günümüzün günəgün qeydə alınmış olması məsələsi bir az müəmmalıdı. Ona görə 2019-cu il bütövlükdə Sənin ilindir. Nəzərə alsaq ki, üç bacımızın, rəhmətlik atamızın da doğum günləri bu aya düşür, mart elə bizim aydır. Novruzu, çərşənbələri ilə.

Doğum günün mübarək! Ailəmizi, həyat yoldaşını və övladlarını, sevgili Muradı, dostlarını sevindirmək, Vətənə şərəflə xidmət etmək üçün uzun, sağlam ömür yaşa!

Cəfər Sadıq,
12 mart 2019-cu il
Moskva


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir