Moskva “Dolu” nu ayaqüstə alqışladı


Moskva   “Dolu” nu ayaqüstə alqışladı
Moskvanın L. Ryumina adına Folklor Mərkəzində Aqil Abbasın eyniadlı romanı əsasında Elxan Cəfərovun cəkdiyi “Dolu” filminin təqimat oldu. Rusiya paytaxtında yaşayan soydaşlarımıza nümayiş etdirilən “Dolu” filminin ssenari müəllifi Aqil Abbas başda olmaqla yaradıcı heyətin bir qrupu da təqdimatda iştirak etdi. Yaradıcı heyətlə birlikdə filmin bəstəkarı, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu filmin nümayişindən əvvəl səhnəyə çıxaraq tamaşaçılara “Dolu” filmin yaranması haqqında qısa məlumat verdi.

Səfir Polad Bülbüloğlu Azərbaycanın ağrılı yeri Qarabag müharibəsinə həsr olunmuş filmin ssenarisinin müəllifi Aqil Abbasın romanını çox bəyəndiyini və Ağdam itkisini yaşayan yazıçının bu əsərə can qoydugunu deyərək belə bir filmə musiqi yazmağından şərəf duydugunu bildirdi.

“Dolu” romanının müəllifi yazıçı-publisist, Milli Məclisin deputatı Aqil Abbas: “ Azərbaycanda 17 dəfə təqdimatı keçirilən film uğurla qarşılanıbsa bu rejissor və bəstəkar əməyinin sayəsində olub”- dedi. “Film ssenarisi ilə deyil, rejissoru ilə yadda qalır və “Dolu” filmi də rejissor Elxan Cəfərovun peşəkarlığı sayəsində ərsəyə gəlib və bu onun filmidir”-deyə yaradıcı heyətə, bu filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə ayrıca minnətdarlığını bildirdi. Rusiya paytaxtında soydaşlarımız qarşısında çıxış etdiyindən məmnunluq duyduğunu da vurğuladı. “Moskva kimi bir şəhərdə bu filmin təqdimatı gerçəkdən kiçik bir iş deyil””-dedi Aqil Abbas.

Moskva   “Dolu” nu ayaqüstə alqışladı
Resjissor Elxan Cəfərov da Aqil Abbasın eyniadlı romanının motivləri əsasında çəkilmiş Azərbaycanfilmin istehsalı olan filmin Mədəniyyət və Turizm nazirliyinin sifarişi ilə çəkildiyini bildirərək, kütləvi səhnələrlə dolu olan bu ekran məhsulunun başa gəlməsinin çətinliyindən danışdı. “O kütləvi səhnələr quruluşçu operator Nadir Mehdiyev və içraçı prodüser Nadir Əliyevin zəhməti və peşəkarlığı sayəsində ekran həyatı qazanıb”-dedi.

“Filmdə baş rollarda peşəkar və təcrübəli aktyorlar deyil, həvəskar və hətta jurnalist-aktyorlar çəkilib və bu onların ilk ekran işidir. Bu gün sizinlə görüşə gələn aktor qrupunun bir neçə üzvü- “Yug” teatrının artisti “Komandir” rolunun ifaçısı Məhəmməd Səfa, “Pələnğin anası” – Gülzar Qurbanova, “Drakon” -Rza Razyev, “Pələng” -Elvin Əhmədov və iştirak etməyən digərlərinin uğuru kimi dəyərləndirirəm bu ekran əsərini”-dedi rejissor Elxan Cəfərov.

1991-ci il Qarabag müharibəsindən bəhs edən “Dolu” filmini Moskvadakı soydaşlarımız göz yaşları ilə seyr etdilər. İnsanları 20 il geriyə qaytarıb tarixin o qanlı səhifələrini yenidən vərəqləyərək, ermənilərlə qüvvələr nisbətinin eyni olmadığı savaşda nahaq qurban gedən oğullarımızdan bəhs edən filmdə sujetləri dəyişən və bəzən rabitəsiz olaraq bir-birinə bağlanmayan kadrlar o illərin xaos dolu qarmaqarışıq anlarını göz önündə canlandırırdı.

Moskva   “Dolu” nu ayaqüstə alqışladı
Qarabag torpağında yalın əllə vuruşan igid əsgərlərimizin qəhrəmanlığından, dolu kimi yağan güllə yağışı altında son qanına qədər səngəri tərk etməyərək vuruşan qeyrətli oğullarımızın əzmkarlığından bəhs edən film salonu təsiri altına almışdı. Filmin son yazılarına qədər nəfəs çəkmədən seyr edən tamaşaçı “Dolu”nu alqışlar dolusuna tutdular. Moskva tamaşaçıları “Dolu”nu və səhnəyə çıxan Bakıdan gələn yaradıcı heyəti ayaqda alqışladı.

Sonda Aqil Abbas Moskvadakı jurnalistlərin filmlə bağlı suallarını cavablandırdı.

Filmin Rusiyanın şimal paytaxtı Sankt-Peterburqda və Ulyanovskdə də nümayşi nəzərdə tutulub.

Tünzalə Vəliqızı, Moskva
07.12.2012


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir