Moskvada Qulu Ağsəslə görüşdən – “Mənim şeirlərim ünvansızdır!”


Moskvada Qulu Ağsəslə  görüşdən - “Mənim şeirlərim ünvansızdır!”
“Ulduz” jurnalinın baş redaktoru, şair Qulu Ağsəs Moskvadakı ziyalılarla görüşdə ona ünvanlanan sualları cavablandırarkən bunu söylədi.

İlk şeirini Moskvaya həsr etsə də, gəncliyində bir dəfə Moskvanı gördüyünü saymasaq, bu onun uzun illərdən sonra Moskvaya ilk səfəri olduğunu da vurğuladı o görüşdə.

Moskvaya ayağı dəyən Azərbaycandan gələn ziyalılarımızla görüşməyi ənənəyə çevirən ictimai, ədəbi qurumlarımızın nümayəndələrinin bu dəfəki qonağı şair, jurnalist, redaktor Qulu Ağsəs idi.
Moskvada Qulu Ağsəslə  görüşdən - “Mənim şeirlərim ünvansızdır!”
“Şəhriyar” ədəbi mədəni cəmiyyətinin sədri Vasif Məmmədov tanınmış ziyalıya “xoş gəldin” edərək, qısa səfəri çərçivəsində Moskva ictimaiyyətinin nümayəndələri ilə görüşə vaxt ayırdığı üçün tanınmış şair-qonağa təşəkkür etdi.

“Şəhriyar” ƏMC-nin rəhbəri Azərbaycan ədəbi mühitində özünəməxsus yeri olub bir çox yazıçı və şairlərin yetişməsinə təkan verərək onların əsl tribunasına çevrilən “Ulduz” jurnalının yaranma tarixindən danışdı. Və o belə bir jurnalın baş redaktoru olmaq etimadını qazanmış bugünkü qonaq-Qulu Ağsəsin həyat və yardıcılığından bəzi məqamlara toxundu.

V. Məmmədov gənc şairin 4 şeirlər kitabının müəllifi olduğu və şeirlərinin dünyanın bir çox dillərinə tərcümə edildiyini qeyd etdi. “Bu gün işgal altında olan Ağdamda doğulan Qulu Ağsəs şeirlərinin bir çoxunun leytmotivinin bu ayrılıqdan doğan həsrətə, nisgilə söykənmiş ağrı üzərində qurulduğu sezilir. Həssas duyğularla yazılan o sətirlərdə vətən sevgili, torpaq həsrətli üsyankar ruhun ürək çırpıntısı qulaqlarda səslənir. Azərbaycana böyük dahilər bəxş edən, unikal səsə sahib olan sənətçilər yetirib ora. O diyardan olmaq, ağdamlı, qarabağlı olmaq bu deməkdir. İstedadın mayası bu yerlərin havasında, suyunda, təbiətindəndir ”.

Moskvada Qulu Ağsəslə  görüşdən - “Mənim şeirlərim ünvansızdır!”

Ağdam torpağının daha bir istedadlı yetirməsi şair Sultan Mərzili çıxışında “Ulduz” jurnalının keçmiş redaktorlarını xatırayaraq, o zamankı gəncliyin belə bir nüfuzlu jurnalda çap olunmasının onun istedadının möhürlənmiş təsdiqi demək idi-dedi. S.Mərzili onun zamanında əslində gəncliyin tribunası olan jurnalda qocaman şairlər gənclik şəkilləri ilə öz şeirlərini çap etdirdiyndən, onlara yol verilməməsindən də gileyləndi. “Bu gün “Ulduz”da yeni doğan ulduzların imzalarının görünməsi Qulu Ağsəsin onlara yol açdığının bariz nümunəsidir. Buna görə bugünkü gənclik bizdən daha şanslıdır.Və bunun belə davam edəcəyinə inanıram”.

Moskvada Qulu Ağsəslə  görüşdən - “Mənim şeirlərim ünvansızdır!”
Azərbaycan və Rusiya Yazarlar birliyinin üzvü, şairə Afaq Şıxlı isə öz nitqində Qulu Ağsəslə iki yaradıcı insan kimi yaxın, səmimi dostluq əlaqələrindən danışdı.

“Qulu Ağsəs, şair kimi də çox səmimdir. Açıqlamalarının birində qarabağlı olsa da Qarabağ haqqında uzun müddət şeir yaza bimədiyini deyib. Bu onun Qarabağa sevgisizliyindən deyil, tam əksinə olaraq,- o gözəl yerlər haqqında nə desəm, nə yazsam ki, ona layiq olar- əndişəsi, məsuliyyəti ilə uzun zaman buna cəsarət etməyib”.

Afaq Şıxlı belə bir görüşdə şairə ərməğan şeir olar dedi və “mən ciddi redaktor qarşısında öz şeirimi oxumayacam”- yarızarafat-yarıcıddi sözlərlə şairin “Qarabağ” və “sevgi” haqqında şeirlərindən oxudu.
Moskvada Qulu Ağsəslə  görüşdən - “Mənim şeirlərim ünvansızdır!”

Qulu Ağsəs şeirlərinin dilinin tərcüməyə uyumlu, belə şeirləri çevirmək asan olmaqla yanaşı, bundan böyük zövq aldığını dilə gətirən şair-tərcüməçi Nilufər Şıxlı buna görə şairə minnətdarlıq etdi. “Belə hər iki dilə yatımlı şeirlər çox yazın”.

“Ulduz” jurnalında imzasına yer verdiyi üçün ona də ayrıca təşəkkür edən gənc şairə,- hələ yaşım o jurnalda çap olunmağa imkan verir və şəklimi də gənc olduğum üçün dəyişdirməyə hələlik gərək yoxdur-yumor replikası ilə Qulu Ağsəsə,-bir çoxları bir stol böyüyən kimi ədası ikiqar böyüyür, siz isə olduğunuz, oturduğunuz yerə görə çox sadə, səmimi və təvazökarsınız, bir də bunun üçün “sag olun!””-dedi.

Tarixçi alim, şair Əşrəf Hüseynli bu gün Azərbaycan poeziyasında daha şox məhəbbətdən yazıldığından, əslində dövr, zaman vətənpərvər ruhlu ədəbi nümunələrə üstünlük vermək dövrüdür deyib, Moskvadan baxanda Azərbaycan ədəbi mühitində irəliləyişin müşahidə edilmədiyi təəssüfünü gizlətmədi.

Moskvada Qulu Ağsəslə  görüşdən - “Mənim şeirlərim ünvansızdır!”

Rus gənc Dmitriy Kruqlıx da redaktorla görüşdə onun şeirini Azərbaycan dilində səsləndirdi.

“Təəssüflə qeyd edim ki, biz Rusiyadakı gənclər Azərbaycanda yazıb-yaradanların şeirlərini, əsərlərini oxumağa o qədər də meylli deyilik. Görüş olacağını biləndə internetdən Sizinlə bağlı bir çox materialla tanış oldum. Məni belə gözəl sevgi şeirlərinizi kimə ünvanladığınız maraqlandırır”-deyə Slavyan Gənclər Assosiasiyasının Moskva nümayəndəlinin rəhbəri Toğrül Allahverdili şairdən bu sualına cavab istədi.

Qulu Agsəs cavanıda -“Mənim şeirlərim ünvansızıdr. İstər sevgi, istər vətən, torpaq haqqında olsun. Mənim şeirlərimin aranı da mənəm, dağı da mənəm. Şeirlərim özümə ünvanlıdır”- dedi. Bu mövzuda bəzi şeirlərinin təsirindən “Əgər üşüyürsən, yandır özünü”-ifadəsindən yola çıxıb özünü yandırmaga cəhd edənlərin, onu bunda günahlandıranların olduğunu da bildirdi. “Bu yanlışdır. Mən belə düşünürəm, belə et demirəm. Ona görə şeirdə ünvan axtarmaq mənə görə deyil”.

Görüşdə ailəsi ilə iştirak edən şairin həyat yoldaşı, yazar-jurnalist Laura Çəbrayıllı belə isti, səmimi görüş elə təəssürat oyadır ki, sanki zaman maşını bir anlıq bizi Bakıya qaytardı və burada özümüzü qonaq, yad kimi hiss etmədik- deyə təşkilatçılara, iştirakçılara təşəkkür etdi. “Ulduz jurnalı ilə bağlı isə,-“həyatda “Gün işığı”, şeirdə “Ay işığı”nı tərənnüm edər, ona tapınarıq. Amma ulduzlar Ayın, Günəşin kiçik bir parçalarıdır. Gecənin qaranlığında bu kiçik ulduzların işığına baxmaq insanın daxilini fərəhləndirər. “Ulduz” jurnalı məhz belə işıqlıları ətrafında toplayıb”. O, jurnalda imzası olan hər kəsə ruhu qidalandıran şeirləri, yazıları üçün minnətdar olduğunu bildirdi.

Görüşdə Azərbayan ədəbi-mühitində baş verən proseslərə də toxunuldu, Azərbaycan ədəbi dili, nitq mədəniyyəti ilə bağlı problemlər, dilimizin deformasiyaya uğraması məsələlərindən də danışıldı.

Sonda görüşə gələnlər şair Qulu Ağsəsdən öz şeirlərini oxumasını xahiş etdilər. Şairin öz dilindn söylədiyi şeirlər alqışlarla qarşılandı.

Qulu Ağsəs hər kəsin istirahətdə olduğu bu yay günündə macal tapıb onunla görüşə gələn, görüşü təşkil edənlərə minnətdarlq etdi.

Qeyd edək ki, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəslə Moskavadakı görüş “Şəhriyar” ƏMC, Azərbaycan Mədəniyyətinin İntibahı və İnkişafı fondu, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Moskva nümayəndəliyi tərəfindən təşkil olunmuş, tədbirdə tanınmış yazıçı, şair, rəssam, jurnalistlər, İnter.Az televiziyasının çəkiliş qrupu və gənclər iştirak edirdilər.

Tünzalə Vəliqızı
Moskva, 22 avqust 2015
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir