Moskvada Yaqut Nemətovun anım mərasimi keçirildi


Moskvada Yaqut Nemətovun  anım mərasimi keçirildi
Ötən ay Rusiyada tanınmış alim, ictimai xadim Yaqut Nemətovun vaxtsız ölümü ilə əlaqədar Moskva ziyalıları, diaspor təşkilatları və ədəbi-mədəni cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə anım mərasimi keçirildi.

Həm fizika, həm ədəbiyyat, həm də sosiologiya sahəsində alim kimi tanınan Yaqut Nemətovun keçdiyi mənalı və şərəfli həyat yolundan, onun insani keyfiyyətlərindən dostları göz yaşı içində, qəhərləri boğazlarında düyümlənə-düyümlənə danışdılar.

“Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin sədri Vasif Məmmədov tanınmış alim Yaqut Nemətov haqqında qısa məlumat verərək, onun fizika-riyaziyyat, ədəbiyyat sahəsində alim olmaqla bərabər, həm də ictimaiyyətçi, xeyriyyəçi biri olduğunu qeyd etdi. “Yaqut Nemətovun timsalında biz Azərbaycan diasporunun ən fəal bir nümayəndəsini itirdik. Bu Rusiyadakı azərbaycanlıların itkisidir”-dedi.

Məmməd Quliyev də Yaqut Nemətov haqqında kövrələ-kövrələ danışaraq: “Bu qürbətdə sıraları seyrələn dəyərli azərbaycanlıların vaxtsız ölüm xəbərinin acısını həzm etmək ağır olur. Amma nə edəsən, bu da Tanrının qismətidir”- deyib, onun ailəsinə, dostlarına başsağlığı verdi.

Cəfər Sadıq: “Gözəl ailə başçısı, yanıcı insan, qeyrətli vətən oğlunu itirdik. Belə anlarda nə deyim, bilmirəm”,-dedi- “bir-birimizlə görüşüb danışmağa vaxt tapaq, zaman ayıraq, çünki zaman bizi bir-birimizdən ayırmağa macal tapır, təəssüf ki”.

“Ağlasam məni bağışlayın”- deyib elə nitqini göz yaşları ilə yarımçıq kəsən dostu Paşa isə hansısa sahədə, hansısa uğura imza atması bir yana, Yaqutun timsalında qeyrətli, ailəsini, övladlarını sevən, qayğısını çəkən ata gördüm. Hətta necə olur ki, belə ola bilirsən- deyirdim ona. Onun ailəsini bundan sonra yalnız qoymayaq”-deyə fikrini davamını onun yerinə göz yaşları dedi.

AzərRosun prezidenti Asif Məhərrəmov “Mən çıxış edənlərə qulaq asıram və təəssüf edirəm ki, niyə belə dəyərli bir ziyalı ilə tanış olmaq mənə nəsib olmayıb”- deyə onun ailəsinin, dostlarının kədərinə şərik olduğunu söylədi.

“İnterAz” televiziyasının sədri Saleh Xudiyev isə bu il Azərbaycan ziyalılarından Pərviz Bağırov, şair Sabir Abdulla və indi də Yaqut Nemətovu itirdik. Əsl ziyalılar gedir. Ona görə gəlin inciklikləri, umu-küsüləri bir kənara qoyaq, bir-birimizlə mehriban olaq”-deyərək o da mərhum ziyalının ailəsinə Allahdan səbr dilədi.

Digər çıxış edənlər- Nəsib Nəbioğlu, Alşan Zakirov, Abbas Alıyev və başqaları Yaqut Nemətovun əvəzsiz alim, sadə insan, mehriban ata, qaygıkeş dost olduğundan danışdılar.

Anım mərasimində ilahiyyatçı alim Qasım Kərimov da iştirak edirdi. O, dini deyil, milli adətdən olan ehsan mərasmindən danışaraq, Ramazan gününə təsadüf edən bu anım toplantısının özü onun əməli-saleh insan olduğundan xəbər verdiyini qeyd etdi.

Anım mərasimində Yaqut Hemətovun ruhuna “Yasin” oxunub, ehsan verildi. Mərasimdə Rusiyada fəaliyyət göstərən diaspor təşkilatlarının nümayəndələri ziyalılar, mərhumun ailəsi, yaxınları və dostları iştirak edirdilər.

Tünzalə Vəliqızı, Moskva


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir