Moskvada yazıçı Əbdül Hüseynov vəfat edib


Moskvada yazıçı Əbdül Hüseynov vəfat edib
Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış yazıçı-, kinodramaturq, tarix elmləri namizədi, şərqşünas alim Rusiya və Azərbaycan yazıçılar birliklərinin üzvü Əbdül Hüseynov 2017-ci il may ayının 14-də ömrünün 92-ci ilində Moskvada vəfat etmişdir.

Əbdül Ənbiyə oğlu Hüseynov 1925 – ci ilin oktyabr ayının 25- də Bakının Əmircan kəndində anadan olub. Hələ orta məktəbi bitirməmiş, könüllü olaraq müharibəyə gedib. Müharibədən qayıtdıqdan sonra bir müddət Ukraynada, Türkmənistanda işləyib, Krasnovodsk şəhərində rus dilində nəşr olunan “Krasnovodsk fəhləsi” qəzetinin baş redaktor müavini vəzifəsində çalışıb, bir jurnalist, mətbuat işçisi kimi öz qələmini sınağa çəkib. 1956-cı ildə Aşqabad dövlət universitetinin hüquq-tarix fakültəsini bitirib.1958-ci ilə qədər Türkmənistan mədəniyyət nazirinin müavini olub.1960-cı ildə Moskvaya köçüb və 1971-ci ildən diplomatik sahədə fəaliyyət göstərib. Ə.Hüseynov bir tarixçi alim kimi uzun illər Türkiyədə, İranda, Monqolustanda işləyib. Bu ölkələrdə işlədiyi illərdə Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı böyük axtarışlar aparıb bütünlüklə vaxtını tariximizi öyrənməyə sərf edib. Sonralar çoxsaylı tarixi qeydlərinə əsaslanan yazıçının qələmindən bir-birinin ardınca ”Mustafaxanın xəzinəsi”, “Arzamaslı qadın”, ”İslam dünyasının cəngavəri”, ”Taxta çıxan əkinçi”, ”Qan qardaşları”, ,”Cənuba yürüş”, ”Bəhrəmgurun məhəbbəti və kədəri”, ”Müdrik adamın arzuları”, ”Məhəbbət haqqında üç dastan”, ”Üsyankar Xaqani”, ”Xocalı fəryadı”, ”Müharibənin sədası” kimi tarixi romanlar, ümumilikdə isə otuzdan çox roman və povest, digər əsərlər çıxıb. Hələ Sovetlər dönəmində bir sıra məşhur azərbaycanlılarla, o cümlədən, TofiqTağızadə, Eldar Quliyev, Hüseyn Seyidzadə kimi rejissorlarımızla sıx əlaqə saxlayıb, ”Sönmüş ocaqların işığı”, “Babək”, ”Koroğlu”, ”Qaynana” kimi filmlərin beynəlxalq arenaya çıxmasında müstəsna xidmətləri olub. Rasim Ocaqovun ”Tütək səsi” filmi haqqında Amerikada nəşr olunan ”Sinema” jurnalında samballı məqaləylə çıxış edib. Uzun illər Şıxəli Qurbanov, Azad Şərif, Xaliq Koroğlu, Əjdər İbrahimov, Andrey Tarkovski, Sergey Bondarçuk, Stanislav Rostotski, Roman Karmen, Larisa Şepitko, Vladimir Motıl, Nazım Hikmət, Əziz Nesin, Fevzi Tuna, Lütvü Əhəd,Yılmaz Güney,Türkan Şoray, Qanı Turanlı və başqa sənət adamlarıyla dostluq edib. Onun əsərləri ingilis, ispan, alman, fransız, ərəb dillərinə tərcümə edilərək Almaniyada, İranda, Monqolustanda, Türkiyədə, Bolqarıstanda nəşr edilib. Əbdül Hüseynov 500 çox elmi- publisist məqalənin, ”Türkiyədə həmkarlar hərəkatı”, ”Yılmaz Qüney-həyat və qəhrəmanlıq”, ”Türkiyənin ictimai-siyasi həyatında kütləvi informasiya vasitələrinin rolu” kimi monoqrafiyaların müəllifidir. Yazıçının yazdığı ssenarilər əsasında 7 film çəkilib. Əbdül Hüseynov doğma vətəndən kənarda yaşasa da, ədəbiyyatımızı və mədəniyyətimizi layiqincə təmsil edib. O, XX əsr Azərbaycan nəsrində, ələlxüsus çoxsaylı tarixi romanlar müəllifi kimi özünəməxsus yer tutur.

Əbdül Hüseynovun vəfat etməsi xəbəri bizi, Moskvada yaşayan azərbaycanlıları çox kədərləndirdi. Mərhumun ailəsinə, bütün yaxınlarına dərin hüznlə başsağlığı veririk, Allahdan rəhmət diləyirik! Görkəmli yazıçı, əsl ziyalı və qayğıkeş insan Əbdül Hüseynovun işıqlı xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır. Məkanı cənnət olsun!

Allah Rəhmət eləsin!

Ziyalılar adından: Nəsib Nəbioğlu, Çingiz Hüseynov,Ramiz Abutalıbov, Cəfər Sadıq, Tünzalə Vəliqızı, Rabson Məmmədov, Azər Cahangirov, Sərdar Abdullayev, Mirəşrəf Fətiyev, Namiq Əzimov, Kamran Rüstəmov, Aydın Mehdiyev, Sabir Həbibov, Yusif Əmiraslanov, Eldar Abbasov, Abuzər Bağırov, Qüdrət Qurbanov, Paşa Quliyev, Rafiq Qafarov, Mehman Məmmədov, Alşan Zakirov, Camal Camalov, Anar Həsənov, Fuad Səfərov, Fuad Abbasov, Əvəz İbayev, Afaq Şıxlı, Soltan Mərzili, Yavər Həsən, Solmaz Ibrahimova, Validə Məmmədova, Qorxmaz Axundov, Xalidə Səmədova, Mərdan Feyzullayev, Füzuli Fərəcov, Yaşar Süleymanlı,Mehman Şükürov və başqaları

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir