Moskvadakı “İnter”” televiziyasının rəhbəri Saleh Xudiyev: “Rusiya bu qadağalar üçün hələ bir az gecikib””


Moskvadakı "İnter" televiziyasının  rəhbəri Saleh Xudiyev: “Rusiya bu qadağalar üçün hələ bir az gecikib”
Rusiyada “Uşaqların sağlamlığına və inkişafına zərər verən informasiyadan müdafiə” haqqında qanunun qüvvəyə minməsi televiziyaların nitqlərinə yenidən baxılmasına səbəb olub. Bir sözlə, senzurasız danışıqların etik çərçivəni aşmaması üçün müvafiq siyahının hazırlanmasından söhbət gedir.

Bu tipli verilişlər və informasiyaların uşaqların dünyağörüşünün formalaşmasına mənfi təsirini nəzərə alaraq onun qarşısını almaq baxımından atılan bu addım necə qarşılanır?

Rusiyadakı azərbaycandilli etnik “İnter.az” televiziyasının rəhbəri Saleh Xudiyev deyir ki, bu bəlkə də bir az gecikmiş bir qanundur.

Sovet televiziya məktəbi keçib, onun nümunələrindən bəhrələnən bir insan və mütəxəssis olaraq “Rusiyanın bu addımını o dövr qayda –qanunlarına qayıdış kimi qəbul edirəm” –deyir Saleh Xudiyev.

“O dövrdə ictimai əxlaqa zidd verilişlərin efirə getməsinə ciddi nəzarət olunurdu. Ən güclü təbliğat vasitəsi olan televiziya uşaqların, gənclərin ictimai şüurunun formalaşmasında böyük rol oynadığını hamımız bilirik. Uşaq televiziyada gördüyünü sablona çevirir, onu qəbul edir və məktəbdə, cəmiyyətdə özünü o cür aparmağa başlayır. Bu bir növ bayağılaşmağa gətirib çıxardır. Təbii ki, yeniyetmələrin, gənclərin tərbiyəsinə neqativ təsir edən verilişlərin və danışıq tərzlərinin qarşısını almaq üçün bu alqışalanacaq addımdır”-deyə Saleh Xudiyev vurğulayır.

O tipli verilişlərə alışan, deyək ki, 10 yaşlı və ondan yuxarı auditoriyanın da psixikasına bu müəyyən mənada pis təsir edəcək. Onlar eşitməyə adət etdikləri sözlərin işlənməməsi və ya verilişin formatının dəyişməsinin əskikliyini hiss edəcəklər. Lakin ekran qarşısına oturan yeni balaca tamaşaçı daha başqa bir tərbiyə metodu ilə üz-üzə dayanacaq. Yəni yeni nəslin əxlaqının formalaşması baxımından bu dəyərli olacaq.

Tünzalə Vəliqızı
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir