Moskvadan Çanaqqalaya 1-ci Məktub


Moskvadan Çanaqqalaya  1-ci Məktub

Salam, hörmətli Məmməd müəllim! Məndən bir dəfə soruşdunuz ki, sizi nə zaman tanımışam və nə zamandan sizin şeirlərinizi oxuyuram. “Bir ildən bir qədər çox zaman olar ki, sizin şeirlərinizi oxuyuram”, – dedim. Amma, məncə bunun əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan şey – ilk şeirinizi oxuyan andan – Bu insan son 100 ildə dünyaya gəlmiş şairlərin ən gözəlidir, – demişəm. Bu insan dahidir, – demişəm. Həmin şeir – “Bir ildir”” qoşması idi.
Ah, bu qoşma mənim həyatımı necə alt-üst elədi, bir bilsəniz! Və ürəyimdən nələr keçdi… Düşüncələrim üsyan elədi… Həyata, sevənləri ayıran zamana, şəraitə, kimsəsizliyə, imkansızlığa və çarəsizliyə üsyan etdim! Nədən? – deyə düşündüm. Nədən? Nədən kosmos əsrində, insanların Aya uça bildikləri bir əsrdə, bu qədər inkişaf və tərəqqi dövründə, hələ də ayrılığın dərmanı tapılmadı? Hələ də sevginin ağrı-acılarını sakitləşdirəcək bir əlac bulunmadı? Amma sonra fikirləşdim ki, bəlkə də bu əlac – elə şeirin özüdür?! Bəlkə , yaralı bir könlün sızıltıları misralara süzülərkən dahi şeirlər yarandığı kimi, bu şeir öz növbəsində könlün məlhəminə çevrilir? Bəlkə, şeir – Allahın sevgi dərdləri üçün göndərdiyi dərmandır? Bəs onda şairlər? Demək, onlar da loğmandırlar!
Təsadüfi deyil ki, şairlər və yazıçılar arasında peşəcə həkim olanlar çoxdur. Axı, həkimlər bədənin üzvlərini sağaltdığı kimi, yazarlar da insan ruhunu sağaldırlar.
Mən də həkiməm. Uşaqlığımdan şeir yazmağa başlasam da, hər zaman insanlara şəfa vermək, sağlamlığın keşiyində durmaq arzusunda olmuşam. Hələ 14 yaşım olarkən, rəhmətlik əmim İsmayıl Şıxlı mənə belə demişdi: “…Həkim hər kəsə lazımlı insandır, həkimlik də mötəbər bir sənətdir. Həkim olmaq istəyirsən ol! Amma ədəbiyyat hər zaman səninlə olacaq, ürəyində. Neçə yaşın olur olsun, səni yenidən özünə çəkib gətirəcək. Ürəyin hər dəfə dindiyində yazacaqsan…”
O zaman, Məmməd müəllim, mən bu sözlərin dahiliyini anlamamışdım. Amma indi, üstündən bu qədər zaman keçəndən sonra dərk edirəm ki, ədəbiyyat həqiqətən də sehirli və möçüzəli bir aləmdir. O, onu sevənləri özündən kənara buraxmır. Onun cazibəsi bəlkə də Yerin cazibə qüvvəsinə bərabərdir. Həkim olub, insanların hər bir xəstəliyinə kömək edə bilərsən, lakin ruhun yaralarını yalnız poeziya sağalda bilər. Bu sarıdan, əsil şairlər hər biri özlüyündə müqəddəs və təkrarolunmaz şəxslərdir. Və mən sizi belə şəxslərdən biri hesab edirəm.

Söhbətimizin əsas mövzusu olan “Bir ildir” qoşmasına qayıtmaq istəyirəm. Mövzu baxımından adi məhəbbət şeiri deyə bilmərəm mən ona. Çünki, siz bu şeirə, Allah insanın bədəninə ruh üfürüb can verərn kimi, elə bir ruh üfürmüsünüz ki, əsrlər dönüb qərinələr dolansa da, bu şeir ölməyəcək, yaşayacaq.

“Ay şair Ələddin, şair dostunun
Açılmır qabağı, qaşı bir ildir!“

– misraları ilə başlayan bu şeir elə ilk kəlmələrdən maraq doğurur. Bir şairin digərinə öz ürəyini açması necə də doğal və səmimidir. Və fikir versək görürük ki, Məmməd İsmayıl burada özünə 3-cü şəxs kimi müraciət etmişdir. Bəlkə də bir başqası bunu, sadəcə şeirin yazılma üsulu kimi qəbul edə bilər. Amma məncə, sizin yazılarınızda təsadüf olmur. Məncə özünə üçüncü şəxs kimi müraciət etməniz – daşına bilməyəcək bir ağrını, azacıq da olsa, özündən uzaq tutmaq niyyətidir. Məcnuni bir sevginin dözülməz həsrət acılarından qaçmaq istəyidir.

Şeirin sonuncu bəndi də qəlbləri riqqətə gətirməyə bilmir:

“Ay Məmməd, haqlayar səni subaylıq…
İslanar, quruyar verdiyi yaylıq.
Onun körpəsinin yaşı üç aylıq,
Sənin həsrətinin yaşı bir ildir!”

Məncə burada artıq şərhə ehtiyac yoxdur…
Bu qoşma, bütün nakam sevgilərin matəm himnidir! Bu qoşma sevginin dəyərini bilməyənlərin töhməti, danlağıdır! Bu qoşma sevən bir ürəyin həm dərdi, həm dərmanıdır!
Şeirə “ədəbi təbii riyaziyyat” gətirən şair! Yazdığı rəqəmlərlə hər kəsi düşünməyə və kövrəlməyə məhkum edən şair! Şeirləri ölməzliyə qovuşan şair! Sizi necə sevməmək olar?!
Bəlkə də zamansız olan məktubumun sonunda, bu qoşmanın yazılmasına səbəb olan şair dostunuz Ələddinə, bu sevginin gözəlliklərindən bəhrələnə bilməyən nakam sevdanıza Allah rəhmət eləsin deyirəm! Sizə isə, əziz şairim, dünyanın bütün gözəlliklərini və uzun, sağlam bir həyat arzulayıram.

P.S. Söhbət açdığımız qoşmanızdan təsirlənərək yazdığım bir şeirimi cəsarət edib sizə yollayıram.

NƏDƏN MƏNİM DEYİLSƏN?

Nədən mənim deyilsən,
ey mənim ayrı dünyam?
Kövrək nağıllarımın ağ atlı şəhzadəsi!
Ey ağlımı çaşdıran,
başımı hərləndirən ətirli mey badəsi!
Xəyalını qurduğum,
baxışlardan sorduğum,
ey istəyim, ey arzum!

Bəlkə, görmürsən məni?
Bəlkə, görüb keçirsən?
Bəlkə də inamını itirənlər çox olub,
hələ ölçüb-biçirsən?
Kim bilir, ürəyindən necə küləklər əsib…
Yoxsa, de, yollarını ölən ümidlər kəsib?
Sən – mənə nur gətirən,
kədərimi götürən
sevinc dolu fəsilsən!
Hər zaman gözlədiyim,
Tanrıdan gecə-gündüz yalvarıb istədiyim,
Nədən mənim deyilsən?

Bütün ömrüm uzunu təkcə sənin olmuşam
bunu bilməsən belə!
Yenə də sevəcəyəm – məni sevməsən belə!
Bax, ömrüm, yolun üstə saf ürəklə çıxmışam…
Gəl!
Səni,
yalnız səni görməkçün darıxmışam!

Hörmətlərimlə: Afaq Şıxlı
Moskva


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir