Moskvadan Çanaqqalaya 2-ci məktub


Moskvadan Çanaqqalaya 2-ci məktub
Hər kəsin xəyallarının ucub gedəcəyi bir ünvan olur, məncə…
Ürəyin tutduğu qədər sevinəcəyin, köks dolusu nəfəs ala biləcəyin, istədiyin qədər xoşbəxt olacağın bir aləm…
Elə bir yer ki, bütün sıxıntılardan, acılardan, adiliklərdən uzaqlaşıb “öz dünyam” deyib qoynuna sığına biləsən.
Mən bu dünyanın ünvanını tapmışam. Arzulara sığmayacaq qədər gözəl, düşünə biləcəyindən daha cazibədar bir dünyanın!

Nə zamansa, Bakı qədər sevəcəyim bir şəhərin ola biləcəyi, ağlıma gəlməzdi. İkinci bir Vətən, bu dünyadakı cənnət. İnsanlarının bir birinə can deyib can eşitdiyi, güvəndiyi bir şəhər. Hər kəsin üzündə təbəssüm, dilində şirin bir söz… Küçələri, döngələri, həyətləri gül qoxuyan, tərtəmiz, çıraqban bir diyar – əminamanlığın və qardaşlığın diyarı!
Düşünmək olar ki, bu bir təxəyyül məhsuludur yalnız. Yox! Belə bir yer var və ora – Canaqqaladır.

Bu sehrli məkanda, sabahlar olduğunda Günəşdən öncə oyanırsan – şəfəqləri salamlamaq üçün. Qaranlıq düşdüyündə sahillərini dolaşırsan – zamanı bir az da olsa uzatmaq üçün. Gəzdikcə doymursan, bezmirsən… Sənə, bu şəhəri ziyarət edə bilmək şansı tanıdığı üçün, Tanrıya şükürlər oxuyursan… Ayrıldığında, özünün bir parçanı orada qoymuş kimi, geri dönməyə can atırsan.

Çanaqqalanı ilk kəs gördüyümdən bəri, buranın yalnızca ilahi bir qüvvənin yardımıyla həyatın bütün çirkablarından uzaq, kəşməkeşlərindən xəbərsiz olaraq qorunub saxlandığını düşündüm. Allah buranı, bəlkə də, yaralı ürəkləri ovutmaq, küsgün qəlbləri sevindirmək, “vətənli” vətənsizləri bağrına basıb yaşlı gözlərini kiritmək üçün yaratmışdır.
Məncə heç təsadüfi deyil ki, Azərbaycan ədəbiyyatının unudulmağa məhkum edilmiş, amma şeirləri qədər saf qəlblərdə hər zaman yaşayan, əvvəlkindən daha böyük məhəbbətlə sevilən, yalnız bir türkün ola biləcəyi qədər mərd və yenilməz, yalnız dahilərə məxsus sadə və eyni zamanda möhtəşəm, təkrarolunmaz misralar sahibi, poesiya dünyasının Dankosu – xalqının Məmməd İsmayılı məhz bu şəhərdə yaşayır.

Əziz Məmməd müəllim! Bu yerin gözəllyindənmi, yoxsa burada sizin yaşadığınızdanmı, Çanaqqala ikinci Bakımız olub bizim. Bizim dediyimdə mən Moskvada yaşayan və sizi tanıyan bütün həmvətənlərinizi nəzərdə tuturam.
16.02.12 tarixində siz Moskvaya “Vmesto pisma” kitabınızın təqdimatına gələn gündən bəri burada hər kəs Məmməd İsmayıl deyir. Üç gün davam edən o möhtəşəm görüşlərdən sonra bizim qəlbimizi də özünüzlə birlikdə Çanaqqalaya apardınız. Həmin üç gün sizin yaşadığınız yeri bizə də Vətən etdi. Hərdən düşünürəm ki, qürbətin soyuq yollarıyla addımladığım bunca zamana kimi mənim Bakım qədər sevdiyim ikinci bir şəhər, Bakım qədər darıxdığım ikinci bir yer yox idi. İndi isə var!

Siz yalnız bu qədər saf və təmiz bir məkanda yaşaya bilərdiniz – şəhid qanı ilə suvarılmış, şəhid ruhlarının mühafizə etdiyi və əbədi Zəfər rəmzi olan bir yerdə! Yenilməz Türk balalarına dərs dediyiniz müqəddəs təhsil ocağının da adı məhz bu Zəfər tarixini əks etdirir – 18 mart!

O tələbələr necə də xoşbəxtdirlər ki, onların Mehmet hocaları var. Və Bakıdakı Azərbaycanlı tələbələrimiz necə də şanssızdırlar ki, belə bir müəlllimin söhbətlərindən qidalanmaq imkanından məhrumdurlar!

Bu ilin may ayında, qızım Nilufərlə birlikdə, 18 mart universitetində sizin dərslərinizdən birində iştirak etdiyim o gözəl günü heç zaman unutmaram! O gün mən və qızım, gözlərini belə qırpmadan sizi dinləyən, saf və məsum baxışlarını sizə dikmiş, dediyiniz hər bir sözü yaddaşlarına yazan o tələbələrə qibtə etdik.

Və mən fəxr etdim – sizin həmyerliniz olmağımla, elqızınız olmağımla, qələm yoldaşınız və dostunuz olmağımla! Sinəmi dolduran bu qürur hissinə görə Sizə hər zaman minnətdar olacağam!

P.S. Bu şeirimi sizin oxumağınızı istərdim.

Ömür daş qəlibdə, günlər qanadlı,
Yenilməz bir dağın yamacındayıq.
Dərd var içimizdə – ayrılıq adlı…
Hərəmiz dünyanın bir ucundayıq.

Həyat var, sevinci sığır bir ana,
Sevinc var, dar gəlir cümlə-cahana.
Yaşayıb dözürük çox imtahana,
Kim bilir, Tanrının nə sucundayıq?!.

Arzular qismətlə durur üz-üzə,
Bəzən də çevrilir şeirə, sözə…
“Azad ol” söyləyir xəyallar bizə,
Əfsus ki, taleyin ovucundayıq!

Hörmətlərimlə: Afaq Şıxlı.
Moskva


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir