Müqayisə olunmayacaq ünvanın adı: Müəllim!



Müəllim- bizə şəkil verən Yaradanın işinə qarışmadan o şəkli anlamla yükləyən İNSANdan bir pillə yüksək, Tanrıdan ayrıcalığını haqq edən MÖCÜZƏ kimi gördüyümdü. Valideynlərimdən sonra ilk dəfə danışdığım kəlmələrin şəkli olduğunu, düşündüyümün bir də sözlərə çevrilib yazıya töküldüynü anladandı. Fərqli bir dünyadan fərq yaratmaq üçün gələndi.

Haqqında illər əvvəl yazmışdım. Ondan sonra da yazdım. İlkinlər -ilk iz buraxanlardır. Ki onlardan yola çıxar insan. Mən də bu yolda ilk müəllimim-rəhmətlik Nurəddin Ələkbərovdan öyrəndiklərimlə irəlilədim. Və hər tanışdığım bir sonrakılar gecə yanan küçə lampaları kimi qaranlığıma işıq tutdu. İşıq insanlar, nur insanlar kimi yazdım onları yaddaşıma.

Yazılarımdakı mücərrədliklərin özü olanlar! “Hər sadənin arxasında bir mürəkkəb var””-ı da, hər mürəkkəbin arxasında sadələrin olduğunu da onları müşahidə edərək öyrəndim. O üzdən bu sehrin itməməsi üçün çox zaman sözləri mücərrədləşdirdiyim doğrudur, amma kəlmələri süsləmədən xəyali varlıq kimi hiss etdirənlərə Müəllim dedim, Müəllim gördüm. Lisanımda sadəcə müqayisəyə gəlməycək ünvanın adıdır- Müəllim!

İnsan həyatda qazandıqlarını əvvəl ailəsinə, sonra müəllimlərinə borcludur. Səndə özünə elə yer edər ki, bir də baxarsan ki, hər addımında səndən xəbərsiz sənlə yanaşı  addımlayıb. Yıxılanda öyüdünə söykənib ayağa qalxmısan. Yüksələn pillələrdə əlindən tutub yuxarı çəkib. Yanında, yaddaşında, sağında, solunda-hər anında bəzən təqibçin, bəzən bələdçin, bəzən içindən gələn səs, bəzən qeydən gələn duan olub. Hər toxunduğundan bunları söyləyə biləcək İnsan düzəldib. Rəndəsiylə rəndələnib, verdiyi çalarlarla rənglənmişik.

Mən ondan çox şey öyrəndim. Ən əsası isə kimsənin sənə dayaq olacağına ümid etməməyi, kiminsə adından yararlanmadan yaşamağı alışqanlıq etməyi.

Bu günümə bəlkə qalib kimi gəlmədim. Yenilib, məğlub olduğum vicdanımla onun yanında üzüağ olduğumu bilirəm. “Ən böyük qalibiyyət vicdanına məğlub olmaqdır. O hakim olan yerə qədər sən insansan!”  Bizə verdiyiniz dərslərdən çıxardığım nəticə budur!

Yaşasaydı, həyatda öz uğurlarını özü yazan çox tanınmış övladları, nəvələri kimi mənlə də qürur duyardı. İndi onun övladlarının adlarını bütün səmimiyətimlə yazsam belə, 0, 001 faiz manipulyasiya etmiş kimi görünəcəm. Buna yol vermədən, əziz müəllimim Nurəddin Ələkbərov, bilirəm haradasa oralardan məni izləyirsiniz. Formalaşmamda böyük rolunuzdan, məndə buraxdığınz təəssüratdan, sözlə izah edilə bilməyəcək sevgidən dolayı Sizə minnətdaram! Və inanıram ki, mənim müəllimim kimi çox belə müəllimlər var! Mənim də həyatımdan sıralandılar keçdilər. Amma getmədilər. Məndə qaldılar.

Adlarını sıralamadan- “”Gününüz mübarək, müəllimlərim!””- deyirəm!

Tünzalə Vəliqızı
Moskva, 05.10.2019


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir