Mutlu aşk yox ki dünyada…


Cek London və ya Con Qriffit Çeyni… Yəqin ki, hər kəs bu yazıçını Amerikanın sərgüzəştlərlə dolu hekayələrinin və dünyaya səs salan “Martin İden” romanının müəllifi kimi tanıyır. Amma Cek Londonun həyatı heç də onun yaradıcılığı kimi parlaq, rəvan keçməyib. Kim bilir, bəlkə də, elə ağır həyat tərzi, gəncliyində və ömrünün yetkin çağlarında aldığı həyat zərbələri, insanların soyuq baxışları və bu soyuq baxışların arxasında gizlənən kinayəli  gülüşlər onu bir yazıçı kimi formalaşdırıb. Axı,  sözün böyük mənasında yazıçı yaşamasa yaza bilmir. Və o da doğrudur ki, xoşbəxt insanların həyatı maraqsız, sıxıcı olur… Elə buna görə də Cek Londonun qəhrəmanları ömürləri boyu xoşbəxtlik axtarışında olsalar da, bu xoşbəxtliyi dada bilmirlər.

Onun özü kimi Martin İdeni də ömrü boyu bu arzularla yaşayır. Xoşbəxtlik onun evinə qədər gəlsə də, mənzilinə girə bilmir… Amma yox, yanılırıq. Onun arzusunda olduğu, xoşbəxtliyinin açarı hesab etdiyi Ruf onun evinə qədər, hətta mənzilinə qədər gəlir. Ancaq Martin gözlənilmədən onu rədd edir və beləcə, bütün həyatını tənhalıq, məşəqqətlər içində başa vurur…

Acınacaqlı həyat yolu… Con Qriffit Çeyni 1876-cı il yanvarın 12-də San-Fransisko şəhərində anadan olub. Çox kiçik yaşlarından ağır zəhmətə qatlaşmalı olan Cek məktəbdə oxuduğu illərdə qəzet satır, on dörd yaşında isə konserv zavodunda işə düzəlir. Lakin ağır iş şəraitinə Cekin hələ bərkiməmiş çiyinləri tab gətirə bilmir. Ona görə də bir müddət sonra konserv zavodundan uzaqlaşan gələcəyin dahi yazıçısı qadağan olunmasına baxmayaraq, San-Fransisko limanında dəniz ilbizlərinin ovu ilə məşğul olur. 1893-cü ildə isə o, Yaponiya sahillərinə və Berinq dənizinə dəniz pişiyi ovuna çıxan gəmiyə matros düzəlir. Bu səyahət isə onu həbs düşərgəsinə qədər aparıb çıxarır…

Ancaq bütün çətinliklərə baxmayaraq, Cek Berkeley Universitetinə girməyi arzu edirdi. Bu arzusunu reallaşdırmaq üçün davamlı olaraq çalışan London 1896-cı ildə adıçəkilən universitetə daxil olur. Bu, Cek Londonun ilk uğuru idi. Ancaq Tanrının onun üçün hansı sürprizlər hazırladığından yeniyetmə Cekin hələ xəbəri yox idi… O, universitetdə oxuduğu illərdə kurs yoldaşı Meybl Epplqart adlı gözəl, mavi gözlü, uzun saçlı bir qıza vurulur. Qızın beli o qədər incə olur ki, əgər ürək edə bilsəydi, Cek onu iki barmağı ilə tuta bilərdi. O, fortepianoda çalır, boş vaxtlarında isə Ceklə birlikdə şəhər gəzintisinə çıxırdı. Xoşbəxtlikdən Meyb sosializm ideyalarına yoluxmuş və Ceki yaxşı həmsöhbət bilən qardaşı da var idi. Onlar saatlarla sinifsiz cəmiyyət, təkcə Avropada yox, həm də Amerikada dolaşan kommunizm haqqında uzun-uzadı danışırdılar.

Qəribəsi odur ki, Meybl də Cekə vurulmuşdu. Bazar günləri hava imkan verərdisə, onlar birlikdə qayıqda üzür və şeir oxuyurdular. Meybl ilk adam idi ki, Cek “Mən yazıçı olacam” deyəndə o gülmürdü. Ancaq onun yazıçı olacağına inanan daha bir nəfər də var idi, anası Flora. Oğlunun növbəti dəfə evə qayıtmasını gözləyən ana ona bir qəzet uzadır. Qəzetdə ən yaxşı hekayə müsabiqəsi elanı verilmişdi. Anasının xeyir-duasını alan Cek həmin qəzetə ilk hekayələrindən göndərir və qalib gəlir! Bu onun üçün ilk uğurlardan biri idi. İlk dəfə idi ki, Cek yazıçılığa görə bir neçə dollar qazana bilmişdi.

O, əsil yazıçı olacaq! O zəngin olacaq və Meybl Eppilqart onun həyat yoldaşı olacaq! Amma hələ ki, Cekin ona öz dəli sevgisindən başqa verə biləcəyi heç nəyi yox idi, kapital cəmiyyətin “quru” və bəzən də “mənasız” sevgi adlandırdığı hislərdən başqa heç nəyi… Cek Meyblə qıymazdı ki, o da anası kimi 20 il eyni paltarı geyib gəzsin.

Dərslər üçün lazım olan vəsaitin olmaması səbəbindən o, təhsilini yarımçıq qoymalı olur və beləcə, gələcəyin böyük yazıçısının təhsillə olan əlaqəsi bununla da bitir. İlk uğursuzluğundan sonra o, 1897-ci ildə “Qızıl cüzam” dövründə daş-qaş tapmaq məqsədi ilə uzaq Alyaskaya üz tutur. Şimal qışının bütün gözəlliklərini özlüyündə hiss edən Londonu tale qızılla yox, gələcək əsərlərinin bir çox qəhrəmanları ilə qarşılaşdırmışdı…

Uğursuz məhəbbət və ölümə aparan yol

 23 yaşından etibarən Amerikanın müxtəlif qəzet və jurnallarında onun hekayələri çap olunsa da, bunun üçün verilən pul gündə heç bir dəfə yemək yeməyə də bəs etmirdi. Beş hekayəyə görə ona cəmi 20 dollar vermişdilər. Gözlədiyi poçtalyon vəzifəsindən də imtina etmişdi. Görünməyən qonorarlar, nəşriyyatların hekayə üstündə bir-birini didməsi, minlərlə akr torpağın alınması, öz gəmisi, Amerikanın yeni dahisinin şöhrəti, ətrafında saysız-hesabsız qadınlar – bütün bunlar çox sonralar olacaqdı… Ancaq hələ ki, Cəmal Sürəyya demiş: “Mutlu aşk yox ki dünyada”… Hələ ki, Meybl gələcək xoşbəxtliyin işartılarını heç üfüqdə də görə bilmirdi. “Bəlkə poçta gedəsən, hə?” deyə Meybl 6 aydan sonra yalvarmağa başladı. “Axı mən onda yaza bilməyəcəyəm. Başa düş, buna heç vaxtım da olmayacaq. Bir az da döz”, – deyə Cek yalvarırdı. Onda Meybl ağladı və dünyasında dilinə gətirməyəcəyi sözləri dedi: “Sənin hekayələrin xoşuma gəlmir. Onların dili kobuddur. Sən yalnız əzab və ölümdən yazırsan, axı həyatda sevgi də var, Cek! Bəli, həyatda sevgi də var, Cek! Mən səni sevirəm… Sən yazıçı yox, sadəcə xəyalpərəstsən, özü də bədbəxt bir xəyalpərəst!”

Bu hadisədən sonra gələcəyin dahi yazıçısı Meyblin rəfiqəsi Bessi ilə evlənir. Ona görə yox ki, o Bessini sevirdi. Ona görə ki, Bessi onun hekayələrini sevirdi. Meybl Epplqart isə Ceklə ayrılandan sonra ərə getmir. Və bir daha heç vaxt heç kimi sevə bilmir. Bessi isə Cekə iki uşaq doğur. Amma onun arzuladığı kimi oğlan yox, ikisi də qız olur. Elə buna görə də bu izdivac uzun davam etmir. Bir neçə ildən sonra Bessi ilə boşanan Cek bu dəfə Çarmian ilə evlənmək qərarına gəlir. Amma Amerika cəmiyyətində onların evliliyi qanunsuz hesab edilir. Çünki Kaliforniya qanunlarına əsasən boşananlar bir ildən sonra rəsmi nikaha girə bilərdilər. Cek Londonun bu addımı isə Amerika cəmiyyətində böyük səs-küyə, qalmaqala səbəb olur. Ancaq Cek London Çarmiana görə bunlara dözürdü. Axı o, kişi kimi boks vurur, qılınc oynadır və Cekin özü kimi səyahəti sevirdi. Cek onu “qadın yoldaş” adlandırırdı. Ancaq Çarmian cəmi 3 gün yaşamış bir xəstə qız doğandan sonra bir daha ana ola bilmir. İndi onun həyatı Cekin ardınca gəzib onu güdməkdən ibarət idi. Çünki Ceki başqa qadınla iki dəqiqədən artıq təklikdə qoymaq mümkün deyildi. İndi o, meşşan təbiətli Amerika qadınlarının sevimlisinə çevrilmişdi. Cek həmişəki kimi başını səyahətlə qatırdı. Sağlamlığı pozulan və böyrəkləri sıradan çıxan vaxtlarda o, həyatının sevgisinə rast gəldi.

Qəribədir ki, bu sevgisi barədə Cek bir kəlmə də yazmadı və heç kimə danışmadı. Çox-çox sonralar dostu Corc Sterlinq Cek Londonun qızına bu sevgi barədə hekayət danışır. Amma qadının kimliyini gizlədir. Meybl Epplqartdan sonra onun həyatında saysız-hesabsız qadınlar olur. Qızlar onun fotolarını səliqə ilə jurnallardan kəsib saxlayır, nəşriyyatlar yeni kitabları uğrunda bir-birini didirdi. İntellektuallar onu gözəl həmsöhbət sayırdı. Evinə gəlmiş qadınlar, dilənçilər bilirdi ki, burada onları heç olmasa bir qəhvə viski gözləyir. Onu həmişə sevirdilər. Amma Meybl Epplqartdan sonra özünü son dərəcə bədbəxt və kimsəsiz hesab edən yazıçıya elə gəlirdi ki, bütün Amerika cəmiyyətindəki münasibətlər yalnız pul üzərində qurulub…

“Tüm aşklar katil oldu bana”…

İndi o, seçim qarşısında qalmışdı, ya bu saxta cəmiyyətdə yaşayacaq, ya da bu cəmiyyətdən qopub ayrılacaqdır. Və tez bir zamanda o fikrini qətiləşdirərək ikinci yolu seçir, “Martin İden” in məntiqi sonluğu olaraq…

Cek London “Martin İden”də öz taleyini təsvir edərək yazırdı: “…qısa, lakin qaynar həyat arzulayıram. XX əsrin kəhkəşanında bir kometa kimi parlayıb, sonra sönmək istəyirəm. İstəyirəm ki, bu kometanın işığı göylərdə sönsə də, ürəklərdə bu dünya durduqca yaşasın. Parlaq alovla, sürətlə yanmaq, dünyanı işıqlandırmaq istəyirəm, asta-asta tüstülənib insanların gözünə dolmaq, hamını yormaq istəmirəm. Mən öz matəm mərasimlərində iştirak etmək istəmirəm, işimi görən kimi dərhal bu dünyadan getmək istəyirəm. İstəyirəm ki, ölüm məni haqlayanda əlinə heç nə keçməsin – axırıncı fikir də, axırıncı mis pul da xərclənib qurtarmış olsun”… Elə belə də olur 1916-cı ildə Əzrayılın üstünə gülə-gülə gedən yazıçının ona verməyə heç nəyi yox idi, quru candan başqa. Ruhu isə çoxdan göylərdə idi…

Hikmət Kərimoğlu


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir